Sahibə Qafarova Kubanın vitse-prezidenti ilə görüşdü 

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sabahinfo.az-a verilən xəbərə görə, Sahibə Qafarova bu səfərin ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Milli Məclisin sədri bildirib ki, ölkələrimiz arasında siyasi əlaqələr yaxşı səviyyədədir. Azərbaycanla Kuba beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatında bir-birini həmişə qarşılıqlı şəkildə dəstəkləyirlər.

Spiker qeyd edib ki, Kuba Respublikasının Prezidenti Miqel Dias-Kanel Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə şəxsən iştirak edib və Salvador Antonio Valdes Mesa isə sabah Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Görüşündə iştirak edəcək.

Söhbət zamanı Milli Məclisin sədri Kubanın Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində irəli sürdüyü təşəbbüsləri dəstəkləməsini, eyni zamanda, Azərbaycanın da BMT çərçivəsində keçirilən səsvermələr zamanı Kubanın mövqeyini dəstəkləməsini qeyd edib. Spiker COVİD-19 pandemiyasının ağır dövründə də ölkələrimizin bir-birinə kömək etdiyini, Kubalı həkimlərin həmin dövrdə ölkəmizə göstərdiyi dəstəyin Azərbaycanda yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, ifadə edib ki, ölkələrimiz arasında iqtisadiyyat, ticarət, elm, təhsil, mədəniyyət, idman, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün yaxşı potensial mövcuddur və bu imkanlardan yararlanmaq lazımdır.

Ölkələrimiz arasında olan əlaqələrin inkişafında parlamentlərimizin özünəməxsus rolundan danışan spiker Sahibə Qafarova hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, dostluq qruplarımız qarşılıqlı səfərlər, müntəzəm dialoq vasitəsilə parlamentlərimiz arasında körpü rolunu oynaya bilərlər.

Spiker bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının hazırkı Sədri İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Parlament Şəbəkəsi yaradılıb. Şəbəkənin təsis toplantısı 2021-ci ilin noyabrında Madrid şəhərinə keçirilib. Bu toplantıda Kuba parlamentinin üzvü də iştirak edib. Şəbəkənin birinci konfransı isə 2022-ci ilin 30 iyun-1 iyul tarixlərində Bakıda keçirilib. Bu konfransda isə Kuba Respublikası Xalq Hakimiyyəti Milli Assambleyasının sədr müavini Ana Mariya Mari Maçado iştirak edib. Milli Məclisin sədri Kuba parlamentinin Parlament Şəbəkəsinin işində fəal iştirakının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Görüşdə Milli Məclisin sədri qonaqlara Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış və 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılması prosesi, işğal dövründə Ermənistanın həmin ərazilərdəki bütün şəhərlərimizi, kəndlərimizi, tarixi, mədəni, dini abidələrimizi yerlə yeksan etməsi, mina problemi barədə məlumat verib.

Görüş üçün təşəkkürünü bildirən Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesa Azərbaycan Prezidenti İlham Əliyevlə dünən keçirdiyi görüş və apardığı danışıqlar barədə təəssüratlarını bölüşüb. O, sabah Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Görüşünə uğurlar arzulayıb.

Kuba qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində və genişləndirilməsində maraqlıdır. Kuba bu ildən G77-yə sədrlik edir. Azərbaycanın isə Qoşulmama Hərəkatına sədrliyi daha 1 il uzadılıb. O, bu iki təşkilata rəhbərlik edən ölkələrimizin qarşılıqlı əməkdaşlıq imkanlarından danışıb.

Vitse-prezident Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirib. O, Kuba və Azərbaycan arasında parlamentlərarası, səhiyyə, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Salvador Antonio Valdes Mesa qeyd edib ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi tam ədalətlidir. O, ölkəsinin illər ərzində blokadaya məruz qaldığını, amma Kuba xalqının mübarizə və azadlıq əzminin heç vaxt tükənmədiyini bildirib. Vitse-prezident, BMT Baş Assambleyasında Kuba ilə əlaqədar təqdim olunan qətnamələrə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə edib.

Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elşad Mirbəşir oğlu, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, hər iki ölkənin səfirləri Ruslan Rzayev və Karlos Enrike Valdes de la Konsepsyon və digər rəsmi şəxslər iştirak ediblər.