Sahibə Qafarova Polşa Senatının sədri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkə Senatının sədri Tomaş Qrodzki ilə görüşüb.

Bu barədə Sabahinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclis sədrini səmimiyyətlə salamlayan Tomaş Qrodzki, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. O, deyib ki, Azərbaycan və Polşa arasında bir çox sahələri əhatə edən əlaqələr mövcuddur. Siyasi sahədə müsbət dialoq dost və tərəfdaş ölkələrimiz arasında digər sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanlar yaradıb.

Xalqlarımız arasında əsrlərdir yaxşı əlaqələrin olduğunu deyən Senatın sədri xatırladıb ki, polyaklar hələ onilliklər əvvəl Azərbaycanda sülh şəraitində yaşayıb, fəaliyyət göstəriblər. Eyni zamanda, Polşa ədəbiyyatında Azərbaycan haqqında əsərlər, məlumatlar dərc olunub. Xalqlarımız arasında dostluq münasibətləri möhkəm əsaslara malikdir.

Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova, Polşanın Azərbaycan üçün dost və strateji tərəfdaş ölkə olduğunu deyib, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, tərəflər arasında imzalanan sənədlərin əhəmiyyətini vurğulayıb.

Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini deyən Sahibə Qafarova, bu məsələnin beynəlxalq hüququn əsas prinsiplərindən biri olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan bu məsələni yaxşı başa düşür. Çünki bizim ərazimizin 20 faizi 30 ilə yaxın işğal altında olub. Bu ərazilərin işğaldan dərhal və qeyd-şərtsiz azad olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi uzun illər icra olunmayıb və 2020-ci ildə Azərbaycan öz gücü hesabına ərazilərini işğaldan azad edib.

Milli Məclisin sədri məlumat verib ki, işğaldan azad olunan ərazilərimizdə böyükmiqyaslı quruculuq işləri həyata keçirilir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda "ağıllı şəhərlər və kəndlər", "yaşıl enerji" konsepsiyalarına uyğun olan ekoloji cəhətdən dayanıqlı şəhər və kəndlər salınır. Bu kəndlərdən biri də məcburi köçkünlərin artıq geri qayıtdığı Ağalı kəndidir.

Spiker deyib ki, Azərbaycan sülh istəyir və Ermənistana beynəlxalq hüququn əsas prinsiplərinə söykənən 5 maddəlik sülh sazişi təklif edib. Təəssüf ki, Ermənistan hələ də sülh sazişini imzalamaqdan boyun qaçırır.

Senatın sədri Tomaş Qrodzki isə qeyd edib ki, onun ölkəsi Cənubi Qafqaz regionunda sülh yaradılması istiqamətində bütün səyləri, təşəbbüsləri dəstəkləyir.

Ermənistanın hərbi-siyasi təxribatları barədə də məlumat verən spiker Sahibə Qafarova, o cümlədən, Ermənistanın Laçın yolundan hərbi məqsədlər və qeyri-qanuni istismar etdiyi təbii sərvətlərimizin daşınması üçün istifadə etdiyini bildirib. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda dinc aksiyası Ermənistanın bu qeyri-qanuni əməllərinə etiraz olaraq keçirilir. Lakin Ermənistan guya Laçın yolunun bağlanmasına dair yalan iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Milli Məclisin sədri bir daha bəyan edib ki, Laçın yolu humanitar məqsədlər üçün açıqdır və 6 mindən çox nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin, humanitar yüklərin Laçın yolundan maneəsiz keçməsi bunu sübut edir. Sahibə Qafarova həmçinin bildirib ki, işğaldan azad olunmuş ərazilərdəki üçüncü beynəlxalq hava limanı Laçın rayonunda inşa olunur.

Azərbaycan və Polşa arasında əlaqələrin həm ikitərəfli qaydada, həm də Avropa İttifaqı çərçivəsində inkişaf etdiyini deyən spiker Sahibə Qafarova xatırladıb ki, Azərbaycan Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqların son mərhələsindədir və onun 90 faizdən çoxu artıq razılaşdırılıb. Azərbaycan Avropa İttifaqının doqquz üzvü, o cümlədən Polşa ilə strateji tərəfdaşlıq sənədləri imzalayıb. Milli Məclisin sədri ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu qeyd edib.

Görüşdə, həmçinin parlamentlərimiz arasında əməkdaşlıq məsələləri də müzakirə olunub. Qarşılıqlı səfərlərin və müsbət dialoqun bu əlaqələrə töhfələr verdiyi qeyd edilərək, parlament komitələri arasında əməkdaşlıqla bağlı da fikir mübadiləsi aparılıb. Bu istiqamətdə təmasların mümkünlüyü, həmçinin parlament Aparatları arasında əməkdaşlıq, təcrübə mübadiləsi istiqamətində gələcəkdə işbirliyi nəzərdən keçirilib və müsbət qiymətləndirilib.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi sahədə olduğu kimi, humanitar sahədə də əlaqələrin yaxşı səviyyədə olduğu qeyd edilərək, bildirilib ki, ölkələrimizin nümayəndələri müxtəlif mədəni tədbirlərdə qarşılıqlı şəkildə iştirak edirlər. Humanitar sahədə əlaqələr xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir.