Milli Məclisin sədri Sahibə Qafarova Polşaya rəsmi səfəri çərçivəsində bu ölkə Seyminin sədri Elzbieta Vitek ilə görüşüb.
Bu barədə Sabahinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycanın parlament rəhbərini səmimiyyətlə salamlayan Elzbieta Vitek ölkələr və qanunverici orqanlarımız arasında münasibətlərdən razılığını ifadə edib. O, Milli Məclis sədrinin bu səfərinin parlamentlər arasında əlaqələrin dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Seymin sədri parlament diplomatiyasının beynəlxalq münasibətlərdə mühüm rolunu qeyd edərək, bu mənada qanunvericilik orqanları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Elzbieta Vitek Azərbaycanın Polşa üçün dost ölkə olduğunu, müxtəlif sahələrdə əməkdaşlığın genişləndiyini bildirib. O, xalqlarımız arasında əlaqələrin yaxşı səviyyədə olduğunu, onları yaxınlaşdıran bir çox məqamların olduğunu söyləyib.
Polşa Seyminin sədri, həmçinin, ölkəsində mövcud olan vəziyyət, inkişaf göstəriciləri, multikultural mühit barədə də məlumat verib.
Səfərə dəvətə və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri qeyd edib ki, ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir. Bu da ikitərəfli əməkdaşlığın bütün sahələrdə daha da inkişafına imkan verir. Sahibə Qafarova xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya, Polşa Respublikası dövlət başçılarının Azərbaycana səfərləri ölkələrimiz arasındakı əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir.
Görüşdə regionda mövcud olan vəziyyət barədə məlumat verən Milli Məclisin sədri, 2020-ci ildə Azərbaycanın öz ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyduğunu, 44 günlük Vətən müharibəsində tarixi zəfər əldə edərək, öz ərazi bütövlüyünü bərpa etdiyini, ölkəmizin BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin icrasını özü təmin etdiyini xatırladıb. Spikerin sözlərinə görə, bu gün Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil və tarixin səhifələrində qalıb. Bu mənada, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını şübhə altına alan hərəkət və bəyanatlar qəbuledilməzdir.
İşğal dövründə Ermənistanın bütün kənd və şəhərlərimizi tamamilə dağıtdığını, tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyduğunu, məscidlərimizin, müqəddəs ocaqlarımızın ermənilər tərəfindən təhqir olunduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.
Sahibə Qafarova vurğulayıb ki, torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Azərbaycan öz vəsaiti hesabına həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinə start verib. Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur, “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Artıq ötən ildən etibarən keçmiş məcburi köçkünlərin öz evlərinə geri qaytarılmasına başlanıb. Spikerin sözlərinə görə, həyata keçirilən işlərə ən böyük maneə işğaldan azad edilmiş torpaqlarda Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. 10 noyabr 2020-ci il tarixindən etibarən, mina partlayışları nəticəsində 300-ə yaxın mülki şəxs və hərbçi həlak olub və yaralanıb.
Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Ermənistanla sərhədlərin müəyyən edilməsi və münasibətlərin normallaşması üzrə 5 prinsipdən ibarət təklif verib: "Biz gələcəyə baxmaq, sülh əldə etmək, normal qonşuluq münasibətləri yaratmaq istəyirik. Təəssüf ki, hələ də Ermənistan tərəfindən öhdəliklərinin pozulmasını, sərhəddə və Azərbaycanın suveren ərazilərində təxribatların, beynəlxalq ictimaiyyəti yalan məlumatlarla aldatmaq cəhdlərinin şahidi oluruq. Ermənistan anlamalıdır ki, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, konstruktiv yanaşma nümayiş etdirməli və qeyd olunan prinsiplər əsasında münasibətlərin normallaşmasına getməlidir. Bu, regionda real sülhə və sabitliyə nail olmağın yeganə yoludur".
Ötən il Azərbaycanla Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladan Milli Məclisin sədri deyib ki, xalqlar arasında dostluq və əməkdaşlıq ənənələrinin tarixi isə daha genişdir: "Azərbaycanın Polşa ilə əlaqələri həm ikitərəfli qaydada, həm də Avropa İttifaqı çərçivəsində inkişaf edir. Aİ ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir və Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır".
Bu səfərin onun Milli Məclisin sədri kimi Polşaya ilk rəsmi səfəri olduğunu xatırladan spiker Sahibə Qafarova ümidvar olduğunu bildirib ki, bu səfər iki parlament arasında olan münasibətlərə daha bir təkan olacaq: "Ölkələr arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələr xüsusi əhəmiyyətə malikdir. İki dost və tərəfdaş ölkənin parlamentləri olaraq, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın və birgə fəaliyyətin gücləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. Dostluq qruplarının fəaliyyəti parlamentlərarası əlaqələrin inkişafında mühümdür və onlar müntəzəm təmaslarla, dialoqlarla parlamentlər arasında körpü rolunu oynayırlar".
Sahibə Qafarova görüşdə həmçinin, Azərbaycanda mövcud olan multikulturalizm mühiti, məscidlərlə yanaşı, kilsə və sinaqoqların mövcudluğu, onlara dövlət tərəfindən yaradılan şərait barədə məlumat verib. Spiker ölkəmizdə gender siyasəti barədə də danışıb. O, deyib ki, Azərbaycan müsəlman Şərqində qadınlara seçki hüququ verən ilk ölkədir.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.