Azərbaycana sahibkarların icazəsiz qida məhsulları gətirməsi gələn ildən dayandırılacaq.
Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınaraq ölkəyə qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal və emal olunduğu xarici qida obyektləri təsdiq edilməlidir. Xarici ölkələrdə fəaliyyət göstərən qida müəssisələrinin təsdiq olunması üçün həmin obyektlərin Azərbaycanda qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğunluğu yerində qiymətləndirilmə aparılmaqla və ya vizualizasiya yolu ilə qiymətləndirilir. Qiymətləndirilmənin nəticələrinə əsasən, obyektin təsdiq edilməsi, şərti təsdiq və ya təsdiqdən imtina olunması barədə qərar qəbul edilir. Müvafiq qanunun icrasının təmin edilməsi məqsədilə AQTA tərəfindən mütəmadi olaraq müxtəlif dövlətlərdən ölkəyə bu cür qida məhsullarının idxalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, onlara yüksək riskli qida və yem məhsullarının idxalı sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Həmçinin təsdiqdən keçməyən xarici qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı KİV-də dəfələrlə xəbərdarlıqlar edilib. Buna baxmayaraq, Agentliyə bəzi ölkələrin istehsalçılarından təsdiqlə bağlı hələ də müraciətlər daxil olmayıb. Bu səbəbdən AQTA ölkəyə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara növbəti dəfə xəbərdarlıq edərək vurğulayır ki, 2024-cü il yanvarın 1-dək təsdiq üçün Agentliyə müraciət etməyən və xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərindən yüksək riskli qida və yem məhsullarının idxalına məhdudiyyət tətbiq olunacaq. Bununla da həmin müəssisələrdən xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarının ölkəmizə idxal edilməsi mümkün olmayacaq. Bu sıraya mal və mal əti, quş və quş əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd və süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsullar aiddir.