Salyanda Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub

Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri kimi yaddaşlarda qalan Xocalı soyqırımından 34 il ötür. Hər il minlərlə insan soyqırımın ağrı-acısını və günahsız insanların viran edilmiş taleyini simvolizə edən “Ana harayı” abidə kompleksini ziyarət edərək faciə qurbanlarının xatirəsinə ehtiramını ifadə edir. Salyan rayonunda da Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib. Xocalı faciəsində həlak olan həmvətənlərimizin xatirəsini yad etmək üçün Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri “Şəhidlər” xatirə kompleksini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb və Azərbaycanın ərazi bütövlüyü uğrunda, o cümlədən Xocalıda şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əyiblər. Anım mərasimində “Xocalı faciəsi” qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.

Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayət kimi tarixdə qalır. Bu faciənin unudulmaması və gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın mənəvi borcu hesab olunur.

Xocalı soyqırımının 34-cü ildönümündə faciənin günahsız qurbanlarının əziz xatirəsini bir daha dərin hüzn və ehtiramla yad edirik.

Allah rəhmət eləsin!"