Şamaxıda “Fövqəladə halların xəbərdar edilməsi sahəsində koordinasiyanın təkmilləşdirilməsi” mövzusunda seminar keçirilib

İyulun 28-də Fövqəladə Hallar Nazirliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Fövqəladə halların xəbərdar edilməsi sahəsində koordinasiyanın təkmilləşdirilməsi” mövzusunda seminar keçirilib. Seminarda FHN-nin müvafiq struktur bölmələrinin nümayəndələri, Şamaxı Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının, həmçinin yerli özünüidarəetmə orqanlarının məsul şəxsləri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Hikmət Şikarov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı itkilərin və dəyən ziyanın minimuma endirilməsində birgə fəaliyyətin müstəsna əhəmiyyətini vurğulayıb, bu sahədə FHN-nin Şimal-Qərb Regional Mərkəzi ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərildiyini diqqətə çatdırıb.

 

FHN-nin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş İdarəsinin rəis müavini Gündüz Həmzəyev çıxış edərək Baş İdarə tərəfindən görülən işlər barədə geniş məlumat verib, regional mərkəzlərin əhatə etdikləri ərazilərdə fövqəladə halların xəbərdar edilməsi sahəsindəki vəziyyət, hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması və maarifləndirilməsi, rayon icra hakimiyyəti, idarə, müəssisə və təşkilatlar, həmçinin yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili üzrə mövcud vəziyyəti tədbir iştirakçılarının diqqətinə çatdırıb. Fövqəladə halların xəbərdar edilməsi ilə bağlı bu sahəyə cavabdeh qurumların koordinasiyasının təkmilləşdirilməsinin əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edən FHN-nin Şimal-Qərb Regional Mərkəzin rəis müavini Ceyhun Babayev və Mərkəzin Fövqəladə halların monitorinqi və proqnozlaşdırılması sektorunun müdiri Aqşin İbrahimli rayon icra hakimiyyəti ilə birgə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülmüş tədbirlər barədə məlumat verib, xüsusilə yaya aylarında tez-tez baş verən yanğın hallarının baş vermə səbəbləri və nəticələri, onların söndürülməsində yaşayış massivlərindəki qeyri-qanuni maneələrdən danışıblar.

Seminarda rayon ərazisində fövqəladə halların qarşısının alınması sahəsində görülmüş işlər, mövcud problemlər, qarşıda duran vəzifələr müzakirə olunaraq aidiyyəti üzrə tapşırıqlar verilib.