Müasir dövrdə dünya siyasəti və beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir. Beynəlxalq müstəvidə işbirliyi, rəqabət, ziddiyyət, inteqrasiya və konfrontasiya-qarşıdurma meyillərinin müşahidə edildiyi bir şəraitdə regional əməkdaşlıq və beynəlxalq təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır.
Şübhəsiz, uzun əsrlər boyu dünya tarixində öz ədəbiyyatı, mədəniyyəti və bəşəri dəyərləri ilə özünəməxsus yer tutmuş türkdilli xalqlar məhz bu gün mürəkkəb beynəlxalq münasibətlər və qloballaşma şəraitində öz mövcudluğunu qoruyub saxlamaqda, həmçinin bəşəriyyətin inkişafına, inteqrasiya və əməkdaşlığa xüsusi töhfələr verməkdədirlər. Ümumiyyətlə, tarixin bütün dövrlərində ən müxtəlif sosio-mədəni, etno-mədəni və etno-siyasi proseslər və hadisələrin əsas məkanı qismində çıxış edən Avrasiya materikində türkdilli xalqlar millətlərarası münasibətlərin formalaşmasında, müsbət regional və beynəlxalq dəyişikliklərə səbəb olan proseslərin baş verməsində özünəməxsus rol oynayıblar.
Dünyanın mövcud geosiyasi şərtləri fonunda türkdilli dövlətlər arasında əməkdaşlıq münasibətləri bu gün daha aktual və vacib xarakter daşıyır. Xüsusilə, Avrasiyada mühüm geostrateji proseslərin baş verdiyi zamanda türkdilli dövlətlər arasında çoxşaxəli, səmərəli və uğurlu əlaqələrin mövcud olması regional təhlükəsizlik, beynəlxalq inteqrasiya kontekstində çox mühüm əhəmiyyətə malikdir.
Bütün bunların fonunda Bakıda TÜRKPA-nın üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusunda keçirilən bu iclası böyük önəm kəsb edir. Çünki qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi zərurətə çevrilib. Sovetlər ittifaqı dağıldıqdan sonra türk dövlətləri ilə münasibətlər qurmaq və inkişaf etdirmək Azərbaycanın xarici siyasətində prioritet olub. Bu siyasətin əsasını qoyan Ümummilli Liderimiz Heydər Əliyevin türk birliyinin güclənməsi istiqamətindəki xidmətləri danılmazdır. Hər il Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün keçirilməsi də məhz Ulu Öndərimizin təşəbbüsləri sırasında olub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən etibarən İlham Əliyevin dövlət başçısı kimi siyasətində türk dünyasının birliyinin gücləndirilməsi xüsusi yer tutur.
Artıq bu gün türk dünyasının birliyi reallığa çevrilməkdədir. Türk Dövlətləri Təşkilatının yaranması, siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Hesab edirəm ki, bugünkü iclas və iclasda aparılan müzakirələr, qəbul olunan qərarlar bu prosesdə öz töhfəsini verəcək. Bu, o deməkdir ki, türk dövlətlərinin təhlükəsizlik sahəsində əməkdaşlığında parlamentlərimiz də vacib rol oynayır.
Ümumi fikir bundan ibarətdir ki, Türk dövlətləri təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirməlidir. Çünki dünyada qeyri-sabit vəziyyət qalmaqdadır. Hazırkı narahat vəziyyətdə türk xalqlarının birliyini möhkəmləndirmək çox vacibdir. Bu, ümumi təhlükəsizliyimizin etibarlı təminatıdır. Silah və narkotik ticarəti, terrorizm, ekstremizm, miqrasiya ilə əlaqəli çağırışlar artmaqdadır. Bu kimi təhdidlərin qarşısını almaq üçün təhlükəsizlik sahəsində əməkdaşlıq möhkəmləndirilməlidir. Bu iclas da onun göstərir ki, parlamentlərimiz bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirirlər.
Samir Vəliyev,
Milli Məclisin deputatı