Saxta “Fəxri fərman” paylayanların “lauerat” ovu və ya pul qazanmağın asan yolu

Hüquqşünas Mirəli Hüseynov: “Qanunun tələblərini pozan şəxslər Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar”

Yazılı və elektoron KİV-lərdə müxtəlif nominasiyalı diplomların, “Fəxri fərman”arın, sertifikatların və s. təqdimetmə mərasimlərinin keçirilməsi barədə məlumatlara yəqin ki, çoxlarınız rast gəlmisiniz. Təbii ki, burada söhbət saxta mükafatlardan gedir və bu “biznes” növü artıq uzun illərdir “dəb” halını alıb. Az qala hərə özünə bir “təşkilat”, “Fond” təsis edib, mükafatlar paylayır, təqdimatlar keçirir, “mətbuat üçün bəyanat”lar verir və fotolar paylaşırlar. Bütün bu xidmətlərin müqabilində laueratların ödədiyi məbləğ bir qayda olaraq 100-5000 manat civarında olur. Bununla bağlı mətbuatda da xeyli sensasion faktlar açıqlanıb. Hələ bir neçə il öncə, mətbuatda Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin müdiri Saman Həsənzadənin (Sayman Aruz) saxta diplom biznesi ilə məşğul olduğu barədə sensasion faktlar üzə çıxmşdı. Həmin məlumatda deyilirdi ki, Saman Həsənzadə “laueratlarına” təqdim etdiyi diplomun – fəxri fərmanın üzərində onu təqdim edən orqan kimi Azərbaycan Yazıçılar Birliyini qeyd edirdi və bu saxta diplomları AYB-nin adından yaradıcı insanlara 150 manata satırdı. Fəxri Fərmanda möhür olsa da, qurumun sədri, Xalq yazıçısı Anarın imzasının olmaması sözügedən Fəxri Fərmanın saxta olduğunu deməyə əsas verirdi.

Hətta bəzi “işbazlar” daha uzağa gedərək, xarici dövlətlərdə birgə qurumlar, filiallar təsis edirlər. “Beynəlxalq fondlar” adı ilə laueratlarını şirinikləndirir və onlara müxtəlif reklam xidmətləri də təklif edirlər. Təbii ki, bütün bunlara görə, “laueratlar” müəyyən məbləğdə haqq ödəməlidirlər. Bəzi hallarda təqdim olunan Fəxri fərmanlarda dövlət gerbindən, emblemindən istifadə edirlər, halbuki belə hallar yolverilməzdir və Azərbaycan qanunları ilə qadağan olunur.

Mükafat möhtəkirliyi ilə məşğul olanlar təsis etdikləri müxtəlif qondarma qurumlar adından iş adamlarını, yaradıcı insanları, həkimləri, müəllimləri, hətta kosmetoloqları, dermatoloqları, psixoloqları (siyahını uzatmaq da olar)  “səmərəli fəaliyyətlərinə görə” müxtəlif nominasiyalar üzrə təltif edərək, onlara saxta diplomlar satırlar. Eyni zamanda, təmtəraqlı təqdimetmə məarasimləri təşkil edirlər. “Diplom”un – “Fəxri Fərman”ın üzərində onu təqdim edən orqan kimi tanınmamış təşkilatların, bəzən “beynəlxalq” fondların adları göstərilir. Fəxri Fərmanda möhür olsa da, saxta olduğunu deməyə ciddi əsaslar var. Belə saxta “Fəxri fərman”lara sahib olan xeyli məşhur adamlar var ki, mükafatı pul ödəməklə aldıqlarını təsdiqləyiblər. Mükafat paylayanların iş və sənət adamlarına, həkimlərə, müəllimlərə, yazıçılara və s. “böyük qayğısı” bununla kifayətlənmir. Onları müxtəlif “fond”lara, “federasyon”lara üzv yazdıraraq, 100-150 manat üzvlük haqqı da alırlar.

Qondarma “mükafat” təsis edənlərin həmin “ödüllər”in laueratlarını necə və nəyin müqabilində “seçdiyi” məlum olsa da, cəmiyyətdə tanınan, az-çox çəkisi olan insanların belə bayağı, ucuz mərasimlərə qatılması dərin təəssüf hissi doğururur.

Əslində, rəsmi olmayan, ictimai rəyə əsaslanmayan mükafatlar araşdırılmalı və bu məsələ nəzarətdə saxlanılmalıdır. Qanunsuz fəaliyyət göstərən, kimə gəldi diplom, sertifikat paylayan şəxslərə qarşı ciddi mübarizə aparılmalıdır.

Maraqlıdır, “əhatə dairəsi” paytaxt Bakıdan ucqar rayonlara, hətta xarici ölkələrə qədər uzanan bu qurumların fəaliyyəti və topladıqları üzvlük haqqı Azərbaycan qanunvericiliyinə nə dərəcədə uyğundur?

Bu suallara aydınlıq gətirmək üçün “Demokratiyanı öyrənmə” İctimai Birliyinin sədri, hüquqşünas Mirəli Hüseynova müraciət etdik. M.Hüseynovun sözlərinə görə, bütün məsələlərdə oldugu kimi təltiflər və fəxri adların verilməsi ilə bağlı müəyyən hüquqi tənzimləmə mövcuddur: “Bununla bağlı münasibətlər əsasən 10 noyabr 1992-ci il tarixli “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 14 may 1999-cu il tarixli Fərmanı ilə tənzimlənir”. Hüquqşünas daha sonra qeyd edib ki, hər iki sənədin məzmunu bundan ibarətdir ki, adları yuxarıda qeyd edilən normativ hüquqi aktlarla təsis edilən orden və medallar, eləcə də fəxri adlar vətəndaşlara xüsusi xidmətlərə görə və müstəsna olaraq dövlət tərəfindən verilir. Bu o deməkdir ki, səlahiyyətli dövlət orqanlarından başqa şəxslərin qanunvericilik qaydasında müəyyən edilmiş orden və medalları təsis etmək və təqdim etmək, o cümlədən də fəxri adlarla təltif etmək səlahiyyəti yoxdur.  Lakin bu o anlama gəlməməlidir ki, qeyri-dövlət təşkilatlarının başqalarını mükafatlandırma səlahiyyəti yoxdur. Əlbəttə qanuni fəaliyyət göstərən digər şəxslərin başqalarını müxtəlif nominasiyalar üzrə təltif etməsi və ya mükafatlandırması qanunla qadagan deyildir. Əsas şərt bundan ibarətdir ki, dövlətin təsis etdiyi orden və medallardan, eləcə də fəxri adlardan istifadə edilməsin. Bunun xaricində müxtəlif təltiflər, mükafatlar təsis və təqdim edilə bilər. Hüquqşünas onu da bildirib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 583-cü maddəsində ordenin, medalın, fəxri ad döş nişanının və ya planka üzərində orden və medal lentlərinin buna hüququ olmayan şəxs tərəfindən istifadə edilməsinə görə əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur: “Fəxri fərmanlarda dövlət gerbində istifadəyə gəldikdə isə, əlbəttə bu qanunvericiliyin tələblərinin pozulmasıdır. “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin vuruldugu, eləcə də təsvirindən istifadə edilən  yerlərin çevrəsini dəqiq müəyyən edib”.

M.Hüseynov sonda qeyd edib ki, Qanunun bu tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.