"Seçicilərdən Milli Məclis səviyyəsində qaldırılacaq şikayət almamışam" - Deputatla MÜSAHİBƏ

Milli Məclisin 7 saylı Ordubad-Culfa seçki dairəsindən seçilmiş deputatı Cəbi Quliyev Modern.az-a müsahibə verib.

Onunla söhbəti təqdim edirik:

 

- Cəbi müəllim, artıq 2 ildir 7 saylı Ordubad-Culfa seçki dairəsini Milli Məclisdə təmsil edirsiniz. Bu müddət ərzində seçicilərinizin ən çox hansı problemlərini parlamentdə qaldırmısınız?
 

- Geridə qalan 2 ili nəzərə aldıqda, qeyd edə bilərəm ki, seçki dairəsi üzrə mütəmadi olaraq seçicilərlə müxtəlif formatlarda görüşlər, qəbullar keçirmişəm. Səmimi etiraf etməliyəm ki, görüşlər zamanı seçicilərimdən Milli Məclis səviyyəsində qaldırılacaq hər hansı bir şikayət almamışam. Bildiyiniz kimi, mənim fəaliyyətimin bir hissəsi də dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlıdır. Gənclərlə görüşlərimiz zamanı onları narahat edən bəzi vacib məsələləri Milli Məclisin iclaslarında səsləndirmişəm.
 

- Seçicilərinizin problemlərini dinləyərkən son zamanlar diqqətinizi çəkən məqamlar nələr olub?
 

- Bu gün Muxtar Respublikada olan sosial-iqtisadi inkişafın dinamikasına nəzər yetirdikdə görə bilərsiniz ki, artıq bütün Naxçıvan ərazisində yol infrastrukturu, rayon, şəhər və kənd mərkəzləri, məktəb binaları demək olar ki tamamilə yenidən qurulub. Muxtar Respublika 100 faiz qazlaşdırılıb. Bütün bu hallar imkan verir ki, biz seçicilərimizlə daha fərqli mövzuları müzakirə edək. Sevindirici haldır ki, ötən dövr ərzində şikayətdən daha çox təşəbbüslərin şahidi olmuşam. Gənclərlə görüşlərim zamanı isə daha çox diqqət çəkən məqam kəndlərdə yaşayan gənc nəslin kənd təsərrüfatına, özünüməşğulluq proqramlarına marağının artması, onların kəndlərdə sahibkarlıqla, təsərrüfatla məşğul olmağa ciddi həvəsin yaranmasıdır. Təhsillə yanaşı, bu halların şahidi olmağımız ucqarlarda məşğulluğun təmininə böyük dəstək verir.
 


- Deputat fəaliyyətiniz dönəmində Ordubad-Culfa dairəsində mövcud olan hansı problemlər şəxsən sizin təşəbbüsünüz və ya tapşırığınızla həll edilib?
 

- Geridə qalan 2 ildən artıq dövrdə bir sıra məsələlərin həllində mənim dəstəyim və bəzi layihələrin həyata keçirilməsi ilə bağlı təşəbbüslərim olub. Bir qrup gəncimizin təhsil xərcinin ödənilməsi ilə bağlı təşəbbüsümüz, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı layihələrimiz reallaşdırılıb. Ordubad şəhərinə yaxın bir qəsəbədən məktəbli uşaqların daşınması üçün yeni marşrut xətti mənim təşəbbüsümlə təmin edilib. Ümumiyyətlə, bir çox layihənin, təşəbbüsün adını sadalaya bilərəm.


- Rayon İcra hakimiyyəti ilə sakinləri narahat edən məsələlərin həlli istiqamətində əməkdaşlığınız hansı səviyyədədir?
 

- Bütün layihələrin həyata keçirilməsində, əlbəttə, rayon İcra hakimiyyəti ilə olan səmərəli əməkdaşlığın böyük rolu var.
 

- Milli Məclisin ən gənc deputatlarından birisiniz. Bu qədər məsuliyyətli və gərgin iş rejimi tələb edən bir vəzifənin öhdəsindən gəlmək sizin üçün çətin deyil?
 

- İstər təhsil aldığım dövrdə, istər ilk əmək fəaliyyətinə başladığım günlərdən ictimai işlərlə sıx şəkildə məşğul olmağa çalışmışam. Təhsil aldığım dövrdə tələbə təşkilatlarında aktivlik göstərmişəm. Əmək fəaliyyətimə başladığım dövrdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı gənclər birliyinə rəhbərlik etmişəm. Universitetlərdə pedaqoji fəaliyyətlə yanaşı, gənclər təşkilatlarının müxtəlif layihələrinə rəhbərlik etmişəm. Bütün bu proseslərdə əslində gərgin iş qrafikində işləməyə alışmışam.  Milli Məclisdə fəaliyyət isə gərgin iş qrafiki ilə yanaşı, həm də çox ciddi məsuliyyət tələb edir. Ötən dövr ərzində çalışmışam ki, öhdəmə qoyulan bütün işləri tam və qüsursuz yerinə yetirim, seçicilərimi maraqlandıran bütün məsələlərə müsbət reaksiya bildirim.
 


- YAP-ın üzvüsünüz. Partiya daxilindəki fəaliyyətiniz barədə oxucularımızı ətraflı tanış etmək istəyərdik.
 

- Hazırda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü kimi fəaliyyət göstərirəm. Gənclər birliyinin fəaliyyəti tamamilə yenidən qurulub, struktur dəyişib və biz gənclərdən yeni dövrdə gözlənilənlər yeni çağırışlara uyğun layihələrin, tədbirlərin hazırlanmasıdır. Mən YAP üzvü kimi daha çox Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin aparılması məsələsini diqqətdə saxlayıram. Ötən dövr ərzində şəhid ailələri ilə sıx görüşlərin keçirilməsi, Vətən müharibəsi ilə bağlı gənclərlə söhbətlərin aparılması işini, şəhidlərimizin və müharibə iştirakçısı olan qəhrəmanlarımızın cəmiyyətə təqdim edilməsinin sosial şəbəkələrdə təşkili istiqamətində mütəmadi işlərin həyata keçirilməsini təmin etmişəm.
 

- Gənclərlə bağlı fəaliyyətiniz xüsusi diqqət çəkir. Sizcə, bu gün Azərbaycan gəncliyinin üstünlükləri və ya problemləri nələrdir? Gənclərlə bağlı dövlət səviyyəsində hansı addımlara ehtiyac var?
 

- Bu gün qeyd etdiyiniz kimi, fəaliyyətimin əsas hissələrindən birini gənclərlə iş təşkil edir. Dövlət gənclər siyasətinin həyata keçirilməsində rəhbərlik etdiyim Naxçıvan MR Gənclər Fondu da öz üzərinə müxtəlif vəzifələr götürüb. Naxçıvanda gənclərin asudə vaxtının səmərəli təşkili, onların bilik və bacarıqlarının artılırması, könüllü fəaliyyətə cəlb edilməsi, yenilikçi, innovativ və ən əsası milli soy-kökə bağlı gəncliyin yetişdirilməsi istiqamətində fəaliyyəti davam etdiririk. Bu gün ölkə başçısının rəhbərliyi ilə dövlət gənclər siyasəti özünün ən uğurlu dövrlərindən birini yaşayır. Gənclər üçün dövlət proqramlarının hazırlanması və icrası, gənclər təşkilatları üçün münbit şəraitin yaradılması, gənclərimizin xaricdə təhsil imkanlarının artırılması, ölkədə davamlı şəkildə yeni və müasir təhsil ocaqlarının qurulması bu aparılan işlərin sadəcə bir hissəsidir. Bu gün Azərbaycan gəncliyi həm qalib dövlətin gəncliyi kimi həm də dövlət siyasəti ilə əhatə olunmuş gənclikdir. Təbii ki müxtəlif sıxıntılar olsa da əminliklə demək olar ki, hər bir Azərbaycan gənci dövlətimizin yaratdığı imkanlardan istifadə edir, özünü inkişaf etdirmək üçün imkanlar qazanır.
 


- Bilirsiniz ki, hər bir siyasətçinin siyasi fəaliyyəti qədər şəxsi həyatı da oxucuların marağına səbəb olur. Siz gənc deputatsınız, işgüzarlığınızla bərabər, həm də gözəl ailə başçısısınız. Gündəlik iş yükünün içərisində ailənizə, övladınıza vaxt ayıra bilirsiniz?
 

- Təbii ki sıx iş qrafiki, ağır məsuliyyətli iş bəzən ailəmə istədiyim qədər vaxt ayıra bilməməyə gətirib çıxarır. Daha çox həftəsonları ailəmizlə vaxt keçirə bilirik. Mənim övladımın artıq 5 yaşı var, yaxşı təhsil alması, bu yaşda müxtəlif biliklər əldə etməsi, vətənpərvər ruhda böyüməsi üçün mütəmadi olaraq onunla tarixi abidələrimizi, muzeylərimizi ziyarət edirik. Mən dağ kəndində böyümüş biriyəm və təbiətə xüsusi bağlılığım var, sevinirəm ki, övladım da təbiətdə olmaqdan böyük zövq alır, həftəsonları övladımla birlikdə Naxçıvan ərazisində olan təbiət yerlərinə səfər etməyi, orada zaman keçirməyi çox sevirik.
 


- Seçicilərinizə, biz - mətbuat nümayəndələrinə və oxucularımıza hər hansı sözünüz, müraciətiniz varmı?
 

- Mən əvvəlcə müsahibə üçün sizə və Modern.az saytına təşəkkür edirəm, fəaliyyətinizdə uğurlar arzu edirəm. Bilirsiniz ki, mən həm parlamentdə, həm də parlamentdən kənarda mətbuat nümayəndələri ilə mütəmadi əlaqədəyəm, onlarla müxtəlif mövzuların müzakirəsini sıxlıqla aparıram, çalışıram daim jurnalistlərlə təmasda olam. Öz vəzifəsini layiqincə aparan bütün mətbuat işçilərinə fəaliyyətlərində uğurlar arzu edirəm.