Azərbaycanının azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədi ilə qəbul edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda bir sıra güzəştlər nəzərdə tutulub. Bu güzəştlərdən biri də şəhid ailələrinin təhsili ilə bağlıdır. Şəhidin ailəsi dedikdə, şəhidin valideynləri, xanımı və uşaqları nəzərdə tutulur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna əsasən, dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailələrinin üzvləri təhsil haqqı ödəməkdən azadırlar.
Vətən müharibəsindən sonra səmərəli tədbirlərdən olan “Məşğulluq marafonu” da həyata keçirilir və həmin marafon çərçivəsində şəhid ailəsi üzvlərinin və qazilərin məşğulluğu həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başlanan “Məşğulluq marafonu”na bu günədək 618 işəgötürən qoşularaq 4203 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə qeyd edilən kateqoriyalara aid 1744 şəxs işlə təmin olunub. Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir. Tədbir “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən də bu istiqamətdə müvafiq addımlar atılır, o cümlədən şəhidlərin ailə üzvlərinin, döyüşlərdə yaralanan və müharibə iştirakçı olan insanların və onların ailə üzvlərinin imkan daxilində mədəniyyət müəssisələrində işlə təmin olunması məsələlərinə baxılır.
2021-ci ilin 29 yanvar tarixindən 31 may tarixinə kimi Mədəniyyət Nazirliyi tərəfindən 75 şəhid və yaralanmış şəxsin ailə üzvü, I və II Qarabağ müharibələri iştirakçıları və onların ailə üzvləri mədəniyyət müəssisələrində işlə təmin edilib. Onlardan 38 nəfər şəhidlərin ailə üzvü, 9 nəfər döyüşlərdə yaralan şəxs, 13 nəfər döyüşlərdə yaralananların ailə üzvü, 10 nəfər müharibə iştirakçısı, 5 nəfər isə müharibə iştirakçısının ailə üzvüdür.
Onu da qeyd etmək istəyirik ki, işlə təmin olunanlar bundan əvvəl mədəniyyət sahəsində çalışmamış şəxslərdir.
Nazirlik tərəfindən şəhid ailələri, döyüşlərdə yaralananlar və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, mütəmadi olaraq onlarla görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür.
"SOS" Məhdud Məsuliyyətli Cəmiyyət (mühafizə şirkəti) "Qəhrəmanlarımıza dəstək olaq" layihəsinə qoşularaq indiyədək 160 nəfər Vətən müharibəsi iştirakçısı və qazisini, şəhid ailəsini işlə təmin edir.
Prezident İlham Əliyevin şəhid ailələri və müharibə veteranlarının sosial problemlərinin həllilə bağlı tapşırıqlarına hər bir dövlət qurumu, sahibkarlar ciddi əməl etməlidirlər.
Ədil Ədilzadə
Yazı Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyi tərəfindən icra olunan “Şəhid ailələrinə dəstək” layihəsi çərçivəsində çap olunur.