Şəhid ailələrinin əsas təsəllisi – Onların qisası alındı, torpaqlarımız azad olundu

Azərbaycan Birinci Qarabağ savaşında 11 557, Vətən müharibəsində isə 2783 nəfər şəhid verib.  2020-ci ilin əvvəlinə olan məlumata görə, şəhid ailələrinin sayı 11904 ailə təşkil edib. II Qarabağ Müharibəsində şəhidlik statusu alan 2841 nəfəri də nəzərə alsaq, hazırda bu rəqəm təxminən 15000-ə yaxındır. Şəhid ailələrinə edilən güzəşt və imtiyaz prosedurları “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunla tənzimlənir. 
2014-cü ildə prezidentin sərəncamına əsasən, ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi 2028-ci ilə qədər yekunlaşacaq. Aparılan məqsədyönlü tədbirlər nəticəsində, demək olar ki, bütün şəhid ailələrinin mənzil probleminin həlli başa çatmaq üzrədir. 2025-ci ildə bu prosesin tamamlanması gözlənilir. 
Şəhid ailələri və müharibə əlillərinin ev və avtomobil təminatı ardıcıl şəkildə, sürətlə davam etdirilir. 
Birinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçularımızın yaxınları daim dövlət təminatını yüksək qiymətləndiriblər. Onlar bəyan edirdilər ki, əsas problemləri mənzil, iş yeri, yaxud avtomobillə təmin olunmaq yox, oğullarının qisasının alınmasıdır. Torpaqlarımızın azad olunması, döyüş meydanında şəhidlərimizin qisasının alınması şəhid ailələri üçün bütün problemlərin fövqündə dayanıb. 
Azərbaycan dövləti və Ordusu 2020-ci ilin sentyabrında müharibəyə başladı və 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Əsas məqsədimiz torpaqlarımızın azad edilməsi olsa da, sırf qisas almaq üçün döyüşə atılan gənclərimiz, kişilərimiz də az deyildi. Müharibəyə könüllü yazılan və döyüşə gedən gənclərimiz bildirirdilər ki, onlar Xocalıda vəhşicəsinə qətlə yetirilən  günahsız insanların qisasını almaq üçün əllərinə silah alıblar. Bəzi gənclərimiz isə Birinci Qarabağ müharibəsində şəhid olmuş atasının, qardaşının, əmisinin, qohum və qonşusunun qisasını almaq üçün əlinə silah götürmüşdü. 
Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını biz döyüş meydanında aldıq və bununla fəxr edə bilərik. Onların qəhrəmanlığı və fədakarlığı ölçüyəgəlməzdir.. Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim üçrəngli bayrağımız azad edilmiş torpaqlarda dalğalanır. Əlbəttə ki, İkinci Qarabağ müharibəsində şəhid verdiyimiz 3 minə yaxın hərbçimizin hər biri bizim üçün əzizdir, doğmadır. Əgər10 noyabrda Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etməsəydik, şəhidlərimizin sayı daha çıx olacaqdı. 
Bu gün Azərbaycan dövləti həm işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri həyata keçirir, yeni kəndlər, qəsəbələr, şəhərlər salır. Rayonlarımız demək olar ki, sıfrdan qurulur. Həm də şəhid ailələri, yaralı hərbçilər və müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində tədbirlər görür. Dövlətimizin iqtisadi gücü, artan gəlirləri, Prezident İlham Əliyevin siyasi iradəsi, milli maraqlara söykənən sosial siyasəti imkan verir ki, biz şəhid ailələrinin hər bir probleminə həssas yanaşaq, onları həll edək. Dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər şəhid ailəsi, müharibə əlili və müharibə iştirakçılarına yüksək səviyyədə qayğı göstərilmir. Şəhid ailələri həm dövlətin, həm də xalqımızın onlara göstərdiyi münasibətdən, dəstəkdən razıdırlar. Milli və mənəvi dəyərləri hər şeydən uca tutan, dünya maında gözü olmayan şəhid ailələri heç vaxt maddiyat, şəxsi təminat davası aparmayıblar. Qürurlu Azərbaycan qadınları, şəhid anaları, xanımları və bacıları ləyaqət nümunəsi ortaya qoydularr. Odur ki, xalqımız və dövlətimiz öz şəhidinin adını hər şeydən uca tutur, şəhid ailələrin dərin ehtiram, hörmət bəsləyir. Şəhid ailələrimizin əsas təsəllisi onların övladlarının qisasının alınması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. 

 

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən  "Şəhid ailələrinə dəstək tədbirləri və xidmət" layihəsi çərçivəsində dərc olunur