Şəhid ailələrinin problemlərinin həlli ölkə rəhbərliyinin daim diqqətindədir

Şəhid ailələrinə diqqət, onların problemlərinin həlli Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.  Bu kateqoriyadan olan ailələrə hər zaman həssas münasbət sərgiləyən ölkə rəhbərliyi onlara qayğı göstərilməsi, hər cür imtiyazlarla təmin edilməsi üçün gərəkən addımlar atır.  
Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bildirib ki, sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir. Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən 14 min 800 fərdi ev və ya mənzil verilib. O da qeyd olunub ki, bu kateqoriyadan olan insanların 100 faiz evlərlə təmin edilməsi prosesi sürətlə gedir, o cümlədən bu il və gələn il bu işlər görüləcək.
Bir gün sonra – fevralın 15-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama dəyişikliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirəcək.
Digər imtiyaz isə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə hər uşağa görə aylıq pulun ödənilməsi ilə bağlıdır.  Mövcud qaydalara əsasən, övladlığa götürülən uşağa görə hər ay 200 manat, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə 600 manat ödəniş nəzərdə tutulub. Uşaqlara görə pul onlar 18 yaşına çatanadək ödənilir.
Belə valideynlər şəxsiyyətini təsdiq edən sənədin surəti, uşağın doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsinin surəti, uşağın övladlığa götürülmə haqqında şəhadətnamə və uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surətini “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" təqdim etməklə müavinəti ala bilərlər.
Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən gec 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.
Bu hüququ olan amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır. 
“Məşğulluq haqqında” qanuna edilən dəyişikliyə əsasən  sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin dairəsinə şəhid ailəsinin üzvləri də aid edilir. Bundan sonra peşə hazırlığının, işsiz şəxslərin özünüməşğulluğunun və sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinin üzvlərinə də digər həssas qruplarla birlikdə üstünlük veriləcək.
Bununla yanaşı, dəyişikliyə əsasən, sosial müdafiəyə ehtiyacı olan qrup kimi 5 faizlik növbədənkənar işə götürülmə kvotası şəhid ailələrinin üzvləri də şamil ediləcək.
Son dövrlər dövlət qəbul etdiyi bir sıra qanunvericilik aktları ilə şəhid ailələri ilə bağlı təminatları həm sadələşdirir, həm də onların təminatlarını daha da artırır. Bu dəyişikliklə dövlət şəhid ailələrinin sosial təminatının daha da yaxşılaşdırılması məqsədini güdür.
Yuxarıda qeyd olunanlar şəhid ailələri üçün nəzərdə tutulan imtiyazların sadəcə bir qismidir. Əlbəttə ki, güzəşt və imtiyazların siyahısı daha uzundur. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti öz şəhidinə dəyər verdiyi kimi, onların ailələrinin də problemlərinin həllinə biganə qalmır. Təbii ki, şəhidlərimizin bizə miras qoyub getdikləri ailələrinə dəstək vermək bizim həm hüquqi, həm də mənəvi borcumuzdur. 

 

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən  "Şəhid ailələrinə dəstək tədbirləri və xidmət" layihəsi çərçivəsində dərc olunur