Şəhid və qazi övladlarının fərdi inkişafına dəstək olan “ƏMANƏT” layihəsinin yaranmasının 3 ili münasibətilə tədbir təşkil olunub.
Tədbirdə şəhid və qazi ailə üzvləri, qazilər, layihənin müəllim kollektivi və digər qonaqlar iştirak edib.
Layihə rəhbəri Sərxan Bağırlı qonaqlara “ƏMANƏT” layihəsinin fəaliyyət istiqamətləri haqqında məlumat verib. “3 yaşlı əmanət” adlı videoçarxda layihənin 3 il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən görüntülər yer alıb.
Tədbirdə həmçinin iştirakçılar üçün yazıçı-psixoloq İlqar Kamilin təqdimatında “9+1 addımda uşaq tərbiyəsi” adlı təlim keçirilib. İnteraktiv keçən təlimdən sonra təlimçinin “İmza saatı” təşkil olunub.
Qeyd edək ki, “ƏMANƏT” layihəsi “Şəhid və qazi övladlarının şəxsi inkişafı üçün təlim proqramları”, “Şəhid və qazi övladları üçün təkmilləşdirmə, dil kursları”, “Şəhid və qazi həyat yoldaşları üçün inkişaf proqramları”, “Master klaslar”, “Düşərgələr”, “İnfoturlar”, “Şəhid və qazi ailələrinə ziyarətlər” təşkil edir. İndiyədək Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Qobustan, Şamaxı, Qusar, Sabirabad, Salyan, Neftçala şəhərlərində 250-dən çox şəhid və qazi övladı ziyarət edilib. Ziyarət edilən zaman hər ailəyə dərs ləvazimatları, bədii və uşaq ədəbiyyatı, müxtəlif yaş qrupuna görə hədiyyələr verilib. Hazırda layihənin dəstəyi ilə 250-dən artıq şəhid və qazi övladı, eyni zamanda, həyat yoldaşları təhsil alır. 150-yə yaxın müəllim, psixoloq, loqoped, həkim və s. sahə mütəxəssisləri xidmət göstərir.
Layihənin fəaliyyətləri ianələr hesabına həyata keçirilir.
.