​“Şəhidlərə həsr olunmuş nəşrlərin hazırlanması’’ layihəsinin icrasına başlanılıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Milli Mədəniyyətin TəbliğI İctimai Birliyi  “Şəhidlərə həsr olunmuş nəşrlərin hazırlanması” layihəsinin icrasına başlayıb. Bu haqda Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova saytımıza məlumat verib.

“Şirin ömür payım vətənə qurban’’ adlı kitabın hazırlıq mərhələsi ərəfəsində olan layihənin rəhbəri Jalə Cəfərova bu fəaliyyətlə bağlı Naxçıvan MR-dan yeni qayıdıb: “Bu bölgədən üç şəhidimiz (Məmmədov Şəhriyar Bayram oğlu, Sadiqov Emin Rəşadət oğlu, İsmayılov Abbasəli İmanqulu oğlu) haqqında geniş məlumat toplamışam. Hər bir şəhid ailəsinə bir gün vaxt ayrılıb. Şəhidlərimizin ailə üzvləri və döyüş yoldaşları ilə müsahibə aparmışam. 

İsmayılov Abbasəli və Məmmədov Şəhriyar  Babək rayonu Qahab kənd sakinidir. Sadiqov Emin isə Şahbuzda dünyaya göz açıb.  Abbasəli və Emin Vətən müharibəsi şəhidləridir. Məmmədov  Şəhriyar isə 2013-cü ildə Ağdamda şəhid olub. Növbəti səfər 7-8 iyulda baş tutacaq. Bu dəfə yolumuz Saatlı rayonu Məmmədabad kənd sakini şəhid Bayramov Azad Yusif oğlu haqda məlumat toplanacaq”.