Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirmirdi, sülh danışıqlarından yayınırdı, regionda status-kvonu saxlamağa cəhd göstərirdi. Azərbaycan, cənab İlham Əliyevin dediyi kimi, bu vəziyyətlə barışmayacaqdı. BMT Təhlükəsizlik Şurasının həll edə bilmədiyi münaqişəni Azərbaycan Ordusu həll edəcəkdi.
İşğalçı Ermənistan yeni ərazilər işğal etmək məqsədi ilə Azərbaycanın ərazilərində müxtəlif miqyaslı təxribatlar törətmək istəyirdi. Azərbaycan Ordusunun bölmələri bu təxribatların qarşısını qətiyyətlə alırdı. Belə təxribatlardan birini də 2020-ci il sentyabr ayının 27-də törətmək məqsədi ilə torpaqlarımıza hücum etdi. Hücum dəf olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. Bu əməliyyat İkinci Qarabağ müharibəsi kimi, mahiyyəti etibarilə Vətən müharibəsi kimi davam etdi.
Vətən müharibəsi xalqın müharibəsi oldu. Əli silah tutanların hamısı döyüşə getmək istəyirdi. Xalq ölkə başçısının ətrafında sıx birləşdi, hamı ruhən döyüşənlərin sırasında idi.
Azərbaycan Ordusu düşmənin müdafiə sədlərini dağıtdı, mövqe qələbələri qazana-qazana Böyük Qələbəyə yaxınlaşdı.
Noyabrın 8-də Şuşa işğaldan azad edildi.
Noyabrın 10-da İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun Zəfəri ilə başa çatdı.
Ermənistan bu məğlubiyyətdən sonra da Azərbaycanın ərazilərində təxribatlar törətmək istəyirdi. Bu ilin sentyabr ayının 12-də törətmək istədiyi təxribat ordumuzun əks-hücumu ilə nəticələndi. Döyüşlərdə Ermənistan silahlı birləşmələrinin xeyli sayda döyüş texnikası, dayaq məntəqəsi, hərbi hissəsi darmadağın oldu, yüzlərlə əsgər və zabiti məhv edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 27 sentyabr Anım Günü kimi qeyd edilir. Hamı döyüşlərdə şəhid olanları bir daha anır, qalibləri bir daha təbrik edir. Biz də hamının sırasındayıq.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı