Tarixi qələbələrlə, möhtəşəm uğurlarla yaddaşımızda qalan 2023-cü il başa çatdı. “Heydər Əliyev İli” olaraq möhtəşəm nailiyyətlərlə dövlətçilik tariximizə əbədi həkk olunan 2023-cü il ölkəmizin qarşısında yeni perspektivlərin açılması ilə əlamətdar oldu. Ötən il həm daxili arenada, həm də beynəlxalq müstəvidə görülən işlər - siyasi, iqtisadi, diplomatik nailiyyətlər əsas hədəfə - qalib Azərbaycanın milli gücünün və nüfuzunun artmasına, tarixi Zəfərin möhkəmləndirilməsinə - daimi prosesə çevrilməsinə xidmət etməklə real nəticələr verdi.
Prezident cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza müraciətində mühüm məqamlara toxundu, zəruri mesajlar verdi. Azərbaycan Prezidentinin bayram müraciəti, eyni zamanda, milli maraqların təmin olunması baxımdan həm də mühüm əhəmiyyət daşıyır. Dövlət başçımız da qeyd etdi ki, “2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir”.
Bəli, son illər xalqımız üçün bir-birindən dəyərli, yaddaqalan hadisələrlə yaddaşlara həkk olunub. Ancaq bunların sırasında ən yaddaqalanı dövlət suverenliyimizin bərpası oldu. 2023-cü il sentyabrın 19-20-də keçirilən antirerror tədbirləri zamanı Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Xalqımız bu tarixi hadisəni heç vaxt unutmayacaq. Həmin gün yaddaşımızda əbədi qalacaq. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqına təbriklərini çatdıran dövlətimizin başçısı qeyd edib ki, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Dövlətimizin başçısının müraciətində də bildirdiyi kimi, dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq edilməsinə baxmayaraq, separatçı qüvvələr təxribatlardan əl çəkmirdilər. Nəhayət, Azərbaycanda separatizmin kökü kəsildi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror tədbiri Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndi, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusu peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərərək Birinci və İkinci Qarabağ müharibəsi, həm də antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisasını döyüş meydanında aldı. Xüsusilə vurğulamaq istəyirəm ki, heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi. Bu gün də Qərbdə ikili standartlar hökm sürməsinə baxmayaraq, ölkəmiz bütün təzyiqlərə, hədə-qorxulara, əsassız ittihamlara əhəmiyyət vermir.
Yerigəlmişkən qeyd etmək lazımndır ki, Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevin milli maraqlara əsaslanan praqmatik strateji kursu sayəsində Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmləndi. Həm regionda, həm də dünya miqyasında ikitərəfli və çoxşaxəli münasibətlərin dərinləşdirilməsi Azərbaycanın dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verdi, ölkəmizə yönəlik neqativ geosiyasi həmlələr məharətlə neytrallaşdırıldı. Eyni zamanda, respublikamızın iqtisadi gücünün, siyasi təsir imkanlarının artırılması tarixi Zəfərin möhkəmləndirilməsi baxımından çox böyük əhəmiyyətə malik oldu. Xüsusilə də, yeni reallıqların dünyada qəbul etdirilməsi Azərbaycanın geostrateji iradəsinin və milli gücünün nəticəsi kimi həm xüsusi nailiyyət, həm də böyük üstünlükdür.
Bir sözlə, hərb meydanında qalib gələn Azərbaycanın diplomatik müstəvidə strateji gedişləri bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırır. Cənubi Qafqazın bir əsrlik geosiyasi arxitekturası dəyişir, uzun illər hərbi-siyasi toqquşma məkanı olan, gərginliyin və narahatlığın hökm sürdüyü regionda əməkdaşlıq, inteqrasiya üçün yeni imkanlar, çağırışlar meydana çıxır. Bu, bölgədə bütün dövlətlər üçün faydalı və perspektivlidir.
Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, yeni şəhərlər və kəndlər inşa edilir. Ermənistan üzərində qazanılan tarixi qələbədən, müvəffəqiyyətlə həyata keçirilən antiterror tədbirlərindən sonra bu proses yeni vüsət alıb. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində mərhələlərlə öz dədə-baba yurdlarına qayıdırlar. Xankəndi sakinlərinin da bu il öz doğma evlərinə qayıdışı və daimi məskunlaşmaları nəzərdə tutulmuşdur.
Bu gün azad ərazilərdə görülən möhtəşəm işlər, xüsusən də müasir yolların çəkilməsi, körpülərin salınması, tunellərin qazılması, beynəlxalq hava limanlrının istifadəyə verilməsi, elektrik stansiyalarının quraşdırılması, yeni yaşayış, məktəb, səhiyyə binalarının tikilməsi, uşaq bağçalarının, mədəni-məişət obyektlərinin istifadəyə verilməsi, əhalinin Laçına, Füzuliyə, Zəngilana köçürülməsi, yeni ağıllı kənd və şəhər layihələrinin reallaşdırılması da qeyd edilənlərin təsdiqidir. Təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın təmin edilməsi əsas məqsədlərdəndir. Bütün görülən işlər Qarabağın və Şərqi Zəngəzurun tezliklə Azərbaycanın çiçəklənən diyarına çevriləcəyindən xəbər verir.
Yaşasın Azərbaycan!
Aslan Mehdiyev,
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri