Səkkiz uşaqlı ailənin qazı borca görə kəsilib

Artıq payızdır. Havaların soyuduğu, “mavi yanacağın” vacibliyi hiss olunmaqdadır. Müşahidə olunmadadır ki, ARDNŞ “Azəriqaz” İstehsalat Birliyinin yerlərdəki struktur vahidləri məhz indiki ərəfədə borclu abonentləri sıxışdırmağa başlayıblar və bu məsələdə aztəminatlı şəxslərə güzəşt etmək niyyətində deyillər.   

Sabirabad rayonunun Minbaşı kənd sakini olan borcumuzu  Rövşən Siyətdin oğlu redaksiyamıza müraciət edərək, ARDNŞ  “Azəriqaz” İstehsalat Birliyinin Sabirabad Qaz İstismar İdarəsinin qeyri-humanist münasibətindən şikayətlənmiş, üzləşdiyi problemin mediada ictimailəşdirilməsini xahiş etmişdir.

Vətəndaş R.Məmmədov bildirir ki, səkkiz uşaq atasıdır. Qaz sərfiyyatına 600 AZN borcu olduğuna görə evinin qaz təminatı kəsilib. O üzdən ailə ciddi çətinliklə üzləşib: “Evimdə altı aylıq, yaş yarımlıq körpələr var. Çətinliyimiz çoxdur”.    

R.Məmmədov həmçinin qeyd edir ki, ARDNŞ  “Azəriqaz” İstehsalat Birliyinə ərizə ilə müraciət edərək, borcu hissə-hissə ödəmək üçün möhlət istəmiş, hətta yaxın perspektivdə ödəyicilik qabiliyyətinin artacağına dəlalət edən gəlir mənbəyini də göstərmişdir: “Tərəfimizdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub. Ailəmizə müavinətlər təyin olunubdur. Müavinətlərin qısa zamanda bizə verilməsi təmin olunacaq. Qaza olan borcumuzu qısa müddətdə hissə-hissə ödəyəcəyik. Xahiş edirik ki, məsələnin həllində bizə kömək edəsiniz”.

Ancaq “Azəriqaz” İB-nin abonentin xahişnaməsinə rəsmi cavab məktubu ləngiyir. Redaksiya olaraq, Sabirabad Qaz İstismar İdarəsinin adı çəkilən kəndə nəzarət edən sahə rəisi ilə əlaqə saxlayıb çoxuşaqlı ailənin yaşadığı evin qaz təminatının bərpa edilməsinin mümkün olub-olmamasını soruşduq. Sahə rəisi ondan asılı heç nəyin olmadığını bildirdi. Daha sonra İdarənin satış şöbəsinin müdiri Fərid müəllimlə telefonla danışdıq. Şöbə müdiri abonent pulu tam ödəməyincə, qaz təminatının bərpa olunmayacağını, heç bir güzəştə yer olmadığını bildirdi.

Maraqlıdır, dövlət çoxuşaqlı ailələrə qayğılı münasibət sərgiləyir,  hökumətin bir strukturu ailəni ünvanlı sosial yardıma ehtiyaclı bilir, ancaq hökumətin digər strukturu insan faktorunu qətiyyən nəzərə almır, qəddar siyasət yürüdür.

Elnarə Həziyeva 
SABAHİNFO.AZ saytının şöbə müdiri