Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev bildirdi ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır. Ölkələrimizin dostluğu, qardaşlığı dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulmuşdur.
Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Ölkələrimizin birgə həyata keçirdiyi infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biridir.
Mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev mühüm logistik layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən də bəhs etdi. Ölkə başçısı qeyd etdi ki, bir-iki aya Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq.
Prezident İlham Əliyev bəyanatında onu da diqqətə çatdırdı ki, Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq və Azərbaycanın enerji resurslarına olan tələbatı ildən-ilə artır və artacaq. Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq. Ölkəmizin həm resursları, sərmayə qoymaq üçün maliyyə imkanları, həm də tranzit imkanları geniş olan Gürcüstan kimi etibarlı dostları var. Belə olan halda ölkəmizin enerji layihələri bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək hansı ki, burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir.
Prezident İlham Əliyev yeni layihələr üzərində də davamlı olaraq işlərin aparıldığını vurğuladı. Onlardan biri yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır. Ölkə başçısı qeyd etdi ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Buna böyük tələbat var. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və ölkələrimiz hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırlar. İlin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaqdır.
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi artmaqdadır. Ölkələrimizin ticarət dövriyyəsi artıq 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb. Gürcüstan Hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.
Cavid Osmanov
Milli Məclisin deputatı