44 günlük Vətən müharibəsində, Azərbaycanın şərəf mübarizəsində tarix yazan qəhrəmanlarımızdan olan Şəhid Nicat Şükürlünün anım günüdür bu gün - 12 oktyabr...
Mən Nicatı Şəhadətindən sonra tanıdım. Anası Yeganə xanımın, atası Ayaz müəllimin Şəhidimiz haqqında danışdıqlarından, unudulmaz xatirələrdən Nicatın həyat portretini özüm üçün canlandırıram.
2020-ci il Tovuz döyüşlərində general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin, Azərbaycan Ordusunun hərbi qulluqçularının Şəhid olması Nicata çox təsir etmişdi. O günlərdə Ordu sıralarında xidmət üçün könüllü yazılan, generalımızın, Şəhidlərimizin, Azərbaycanımızın qisasını əzəli düşmənimizdən almaq üçün səbirsizlənən on minlərlə Azərbaycan gəncindən biri idi Nicat.
Vətən müharibəsinin ilk günlərindən Nicat ön cəbhəyə getmək üçün tələsdi, aparmadılar, yenə getdi, hərbi səfərbərlikdən geri qaytardılar, uşaqlıq dostu Vüqarla cəbhəyə getmək üçün yüksək rütbəli hərbiçilərdən dəfələrlə xahiş etdilər ki, onları da gedən o avtobuslarla yollasınlar ön cəbhəyə... Və arzusuna çatdı Nicat. Evin tək oğlu, Azərbaycanın mərd, iradəli, ailəcanlı, dostcanlı, zəhmətkeş, xeyirxah, nümunəvi gənclərindən biri olan Nicat Vətənimizin ərazi bütövlüyü uğrunda başlanan müqəddəs Vətən müharibəsinin qəhrəman iştirakçılarından, dastan yazan igidlərindən oldu. Müharibənin ilk günlərindən qızğın döyüşlərə atılan Nicat Füzuli, Hadrut, Xocavənd uğrundakı ağır döyüşlərdə iştirak etdi, işğalçının başına od ələdi və əsl qəhrəman kimi uca Şəhadət məqamına yüksəldi.
Bu gün hamımız Nicat üçün orada idik, Badamdar məzarlığında. Bizim üçün Nicat kimi mərd, qəhrəman oğullarımız Vətən deməkdir, azad Qarabağ deməkdir. Bir daha Vətən uğrunda canını fəda edən, indi yanaşı uyuyan qəhrəmanlarımızın əziz, əbədiyaşar xatirələrini yad etdik, igid Vətən oğulları ilə fəxr etdik, dualar etdik və Şəhidlərimizdən, "Vətən" deyib gedən və Azərbaycan xalqı üçün "Vətən" olan Nicatdan halallıq istədik. Ruhun şad olsun, qəhrəman Nicat! Azərbaycan xalqı qəhrəman Şəhidlərimizi əbədi yaşadacaq və daima yüksək ehtiramla, məhəbbətlə yad edəcək.
Şəmsəddin Hacıyev
İqtisad elmləri doktoru, professor