“Dövlətə rəhbərlik edən şəxsin fəaliyyətinin effekti peşəkarlıq, səriştə, siyasi bacarıqla yanaşı, həm də onun məqsədindən birbaşa asılıdır. Əgər məqsədin mərkəzindən xalq dayanırsa, sözsüz ki, uğurlar ard-arda gələr. Məhz Azərbaycanın bugünkü nailiyyətlərinin kökündə Prezident İlham Əliyevin xalqına olan dərin məhəbbəti və vətəndaşlarının xoşbəxtliyini, dövlətimizin inkişafını özünün amalı hesab etməsi durur. O, ilk dəfə prezident seçildiyi gündən xalq içərisində oldu. Əsasən regionlara etdiyi səfərlərdə sakinlərlə görüşür, səmimi söhbətlər edir, təkliflərini dinləyir, eləcə də dövlətimizin inkişafı naminə görülmüş və görüləcək işlərdən danışır. Həmçinin hansısa müəssisəyə, zavoda, fabrikə baş çəkirsə, açılış mərasimində iştirak edirsə, mütləq işçilərlə də söhbətləşir, iş şəraiti ilə maraqlanır. Məmurları vəzifəyə təyin edərkən xalqa xidməti onların qarşısında ali məqsəd kimi qoyur. Odur ki, Prezident İlham Əliyev xalqımızın böyük sevgisini və tükənməz dəstəyini qazanıb. Bunun bariz nümunəsi 2003-cü ildə seçicilərin 76 faizindən çoxunun, 2008-ci ildə 88,73, 2013-cü ildə 84,54, 2018-ci ildə isə 86,02 faizinin cənab İlham Əliyevə səs verməsi və yüksək etimad göstərməsidir. Prezidentimiz ona olan etimadları hər zaman xalqımızın və dövlətimizin həyatında gördüyü misilsiz işlər, verdiyi vacib qərarlar və atdığı real addımlarla layiqincə doğruldur”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, son 20 ildə Azərbaycan dövlətinin keçdiyi yola nəzər saldıqda bütün sahələrdə inkişaf, tərəqqi görürük: “Bu gün dünyanın ən inkişaf etmiş dövlətlərin tarixi də göstərir ki, hətta onların iki yüz ildə getdiyi yolu, qazandıqlarını Azərbaycan iyirmi ildə əldə edib. Bu, təbii ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın inkişaf strategiyasının mükəmməliyindən və onun layiqli tətbiqindən irəli gəlir. İlham Əliyev cənablarının mütərəqqi, milli məqsədlərə xidmət edən fəaliyyəti iqtisadi cəhətdən güclü və müstəqil, əmin-amanlığın, sabitliyin dərin kök saldığı, regionun mərkəzi və qlobal mövqeləri yüksək olan Azərbaycanı ortaya qoydu. Axırıncı 20 ilin statistikasına baxarkən ancaq yüksəliş, inkişaf görürük. Bu illər ərzində dünyada dəfələrlə müxtəlif sahələrdə böhranlar yaşanıb, dünya iqtisadiyyatına mənfi təsir edən, ağır fəsadlar törədən qanlı müharibələr baş verib. Amma bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı dönməz xarakter alıb, davamlı olaraq inkişaf edib. Məsələn, dövlət büdcəsinin xərcləri 30 dəfə artıb, əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, bu gün bu rəqəm 3500 manatdan artıqdır. Sosial müdafiə xərclərinə gəldikdə isə bu sahədə artım 20 dəfədən çoxdur. Həmçinin 2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə qədər enib, orta aylıq əməkhaqqı 77.4 manatdan 839,4 manata yüksəlib. Rəqəmlərdən də aydın olur ki, dövlətimiz vətəndaşlarının sosial rifahının yüksəldilməsi istiqamətində sistemli və ardıcıl addımlar atıb. Bu, nailiyyətlər Prezident İlham Əliyevin tamamilə müstəqil siyasətinin, həyata keçirdiyi davamlı sosial-iqtisadi islahatların və beynəlxalq səviyyəli layihələrinin nəticəsidir. Sürətli inkişaf tempi bir daha əmin edir ki, istənilən iqtisadi böhrana sinə gərən Azərbaycan iqtisadiyyatı qarşıdakı illərdə də yüksələn xətlə inkişaf edəcək”.
AHİK sədri qeyd edib ki, Prezident İlham Əliyevin müəllifi olduğu demokratik islahatlar ölkə həyatının hər bir sahəsinə sirayət edib: “Bu gün Azərbaycanda demokratiyanın bütün prinsipləri təzahür edir. İnsanların hüquq və azadlıqları ən yüksək səviyyədə təmin edilir. Həmçinin Azərbaycan sabit ölkədir, əmin-amanlıqdır, vətəndaşlarımız arasında möhkəm həmrəylik var. Burada bütün dinlərin və xalqların nümayəndələri sərbəst və rahat şəkildə yaşayırlar. Azərbaycan hazırda dünyada tolerantlıq və multikulturalizmin nümunəvi ölkəsi olaraq özünü təsdiqləyib”.
“Prezident İlham Əliyevin yüksək dəqiqliklə həyata keçirdiyi xarici siyasət kursu Azərbaycanı dünya ölkələri arasında böyük söz sahibinə çevirib, beynəlxalq mövqelərini möhkəmləndirib. Mövzusundan asılı olmayaraq, regional və beynəlxalq platformalarda aparılan müzakirələrə Azərbaycan dəvət olunur və Prezidentimizin rəy və təklifləri dinlənir, çıxışları dünya ictimaiyyəti tərəfindən maraqla izlənilir. Bu ölkəmizin dünyada yerini və cənab İlham Əliyevin şəxsi nüfuzunu göstərir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi Prezidentimizin uğurlu xarici siyasətinin göstəriciləridir. Həmçinin ölkələr arasında sülhü və əməkdaşlığı təbliğ edən Prezidentimizin qlobala təşəbbüsləri beynəlxalq təşkilatların gündəliyinə salınır. “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil olunması dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Eləcə də Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycan 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsinə, “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin BMT-də qəbul olunmasına nail olub”, - Milli Məclisin deputatı bildirib.
Səttar Möhbalıyev qeyd edib ki, uzun illər torpaqlarımızın işğal altında qalması, müharibə şəraitində yaşamağımız Ordu quruculuğunu dövlət siyasətinin prioriteti istiqamətinə çevirmişdi: “Bu sahədə aparılan sistemli islahatlar, planlı və davamlı şəkildə atılmış addımlar Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına çıxartdı. Parlaq Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsi Ordumuzun gücünü və qüdrətini bütün dünyaya göstərdi. Qısa müddət ərzində işğala son qoydu, torpaqlarımızı düşməndən təmizlədi. Bu, Prezident İlham Əliyevin Ordu quruculuğu siyasətinin məntiqi nəticəsidir. Həmçinin Şərqi Zəngəzurun və Qarabağın azad olunması Prezidentimizin fəaliyyətinin şah əsəridir. Bu, tarixin axarının dəyişməsi, bölgədə siyasi oyunlara son qoyulması, 200 illik işğal siyasətinin dəfn edilməsi, dövlətlərin təhlükəsizliyinə təhdid yaradan separatizmə tutarlı cavabın verilməsi və yeni reallıqların yaradılmasıdır. Bunu Prezident İlham Əliyev həm güclü diplomat, həm də böyük sərkərdə olaraq yüksək məharətlə bacardı. Bu ilin sentyabr ayında Odumuzun Qarabağda keçirdiyi antiterror tədbirləri ilə ölkəmizin bütün ərazisində dövlətimizin suverenliyi təmin edildi. Hazırda həm Şərqi Zəngəzur, həm də Qarabağ müasir üslubda yenidən dirçəlir. Artıq sakinlərin məskunlaşdığı Ağalı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Tikinti-quruculuq işləri planlı və sürətli şəkildə həyata keçirilir. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikildi, həmçinin Zəngilan Beynəlxalq Hava Limanının açılış olub. Laçında da Beynəlxalq Hava Limanı tikilir. Bütün bunlar bölgənin gələcək inkişafından xəbər verir”.
“Son 20 ildə Azərbaycanın getdiyi yol xalqımızın uğur salnaməsidir, müəyyən olunmuş bütün hədəflərə nail olmuşuq. Bu illər ərzində Prezident İlham Əliyev böyük müəssisələrin, infrastruktur layihələrinin açılışlarını etdi, bütün ölkə ərazisində abadlıq-quruculuq işləri apararaq Azərbaycana yeni görkəm gətirdi. Xalqımız dünyanın ən xoşbəxt xalqları sırasında yer aldı. Tariximizin ən böyük səhifəsi - Qarabağ dastanı yazıldı. Cənab İlham Əliyev müdrik rəhbərliyi ilə xalqımızın başını dik, Bayrağını uca etdi. Bir xalq olaraq Xankəndidə dalğalanan Bayrağımızı, orada keçirilən Zəfər paradını görmək bizə nəsib oldu”, - Səttar Möhbalıyev vurğulayıb.
“Dekabrın 21-də növbəti tarixi bir gün yaşadıq - futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun Xankəndi stadionunda baş tutdu. Şərqi Zəngəzuru və Qarabağı işğaldan azad edən Baş Sərkərdə və həmin ərazilərdə aparılan quruculuq işlərinin Baş Memarı cənab İlham Əliyev də bu tarixi və möhtəşəm matçı stadiondan izlədi, oyunun açılışını etdi. Bu mənzərəni gördükcə çox qürurlandıq, ürəyimiz fərəhlə doldu. Yuxarıda qeyd etdiyim kimi, yenə də Prezidentimiz xalq içərisində idi, ətrafında həmişə adlarını uca tutduğumuz qəhrəman şəhidlərimizin övladları var idi. Bu, bir daha onu sübut edir ki, dövlətimiz və onun Lideri hər zaman şəhid ailəsinin və övladının yanındadır”, - Konfederasiya sədri söyləyib.
AHİK sədri əlavə edib ki, qarşıda - gələn il fevralın 7-də bizi seçki bayramı gözləyir: “Qalib xalq və qürurlu vətəndaş olaraq Zəfər seçkisinə gedəcəyik. Təbii ki, biz bir vətəndaş olaraq Azərbaycanın inkişafına, parlaq və işıqlı gələcəyinə səs verəcəyik. Namizədimiz isə sınanmış, etibarlı və qətiyyətli Lider, Azərbaycanımızı zirvələrdən zirvələrə daşımış, xalqımızı xoşbəxt və firavan həyata qovuşdurmuş cənab İlham Əliyevdir. Əminik ki, Vətənimizin daha işıqlı sabahları, xalqımızın xoş və gözəl günləri hələ qarşıdadır. Bizi Qarabağın və Şərqi Zəngəzurun tam bərpası, sakinlərin hamısının öz yurdlarında yerləşdirilməsi, iqtisadiyyatımızın, qeyri-neft sektorunun daha dinamik inkişafı, bərpaolunan enerjiyə keçid və s. bu kimi böyük uğurlar gözləyir. Biz bu hədəflərə cənab İlham Əliyevin rəhbərliyi ilə rahat şəkildə çatacağıq”.