Səttar Möhbalıyev: “Ermənistan tərəfinin əsassız iddiaları danışıqlar masasında müzakirə mövzusu deyil”

 

“Hələ işğal dövründə aparılan danışıqlarda Azərbaycan tərəfinin dəyişməz mövqeyi hamıya bəllidir. Dövlətimizin başçısı cənab İlham Əliyev həmin vaxtlar dəfələrlə bəyan edirdi ki, torpağımızın bir qarışını da güzəştə gedən deyilik. Proseslər göstərdi ki, Prezidentimizin güclü diplomatik bacarığı və qətiyyəti sayəsində Ermənistanın və onun havadarlarının bütün cəhdləri uğursuz oldu. Döyüş meydanında Ermənistan üzərində parlaq Qələbə çalaraq işğal altındakı torpaqlarını azad edən Azərbaycanın sərgilədiyi mövqe sülh və sabitliyə əsaslanır və bütün formatlarda aparılan danışıqlar dövlətimizin mənafeyini əks etdirir. Bölgədə yeni reallıqların banisi olan Azərbaycan danışıqlar masasında da qalib tərəf olaraq öz üstünlüyünü qoruyub saxlayır. Artıq təcavüzkar dövlətin və ermənipərəst qüvvələrin Azərbaycana qarşı bütün çirkin planları buxarlanıb aradan çıxıb. Azərbaycanın bölgəyə gətirdiyi reallıqları qəbul etməkdən başqa yolları qalmayıb”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, iyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün yekunları bir daha təsdiqlədi ki, Azərbaycan qalib tərəfdir və onun irəli sürdüyü təkliflər danışıqlar masasında əsasdır: “Budəfəki görüşdə də Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdı. Deməli, bir daha etiraf ediblər ki, Qarabağ Azərbaycanındır. Bura anklav kəndlərimiz də daxildir. Həmçinin delimitasiya üçün siyasi çərçivə olaraq “Alma-Ata Bəyannaməsi”nə sadiqlik göstərilib. Bu da bilavasitə Azərbaycanın maraqları ilə üst-üstə düşür. Digər bir məsələ isə kommunikasiyaların açılması ilə bağlıdır. Görürük ki, Zəngəzur dəhlizinin açılmasına qarşı Ermənistan tərəfinin bütün manevrləri uğursuzluğa doğru gedir və Azərbaycan bu məsələdə israrlıdır. Həmçinin Avropa İttifaqı da dəhlizin açılmasının əhəmiyyətini anlayır və regionun iqtisadi inkişafı üçün səmərəli olacağına əminliyini gizlətmir”.
AHİK sədri qeyd edib ki, ümumiyyətlə, Brüsseldə təşkil olunan 6-cı görüşdə müzakirə olunan məsələlər və gəlinən qənaət Azərbaycanın maraqlarına tam cavab verir, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin növbəti diplomatik qələbəsidir: “Görürük ki, Ermənistan tərəfinin səsləndirdiyi saxta və əsassız iddialar masaya çıxarılmır və müzakirə olunmur. Beynəlxalq və regional təşkilatlar, həmçinin dünyanın aparıcı dövlətləri də Azərbaycanın mövqeyinin ədalətə söykəndiyini dərk edir və sülh səylərini dəstəkləyirlər. Məlumdur ki, Azərbaycanın məqsədi bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsidir. Ermənistanın da düşdükləri siyasi-iqtisadi böhrandan yeganə xilas yolu Azərbaycanla sülhdən keçir”.