Səttar Möhbalıyev: “Laçın rayonu yaxın gələcəkdə ölkə iqtisadiyyatına mühüm töhfələr verəcək”

“Bu gün hər birimiz uzun illər işğal altında olan Laçın şəhərində böyük əzəmətlə dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımızı görəndə qəlbimiz fərəh hissi ilə dolur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev sentyabrın 21-də şəhərin mərkəzində bayrağımızı ucaldarkən bir daha bildirdi ki, bu bayraq burada əbədi dalğalanacaq. Məlumdur ki, işğala qədər mühüm geostrateji mövqeyə malik Laçın Azərbaycanın inkişaf etmiş rayonlarından biri olub. Lakin rayonun işğal olunması ölkəmizin iqtisadiyyatına xeyli ziyan vurdu, dövlət və xüsusi mülkiyyətə zərər yetirildi, əhalisi etnik təmizləməyə məruz qaldı. Ermənistanın vandal əməllərinin izləri burada da dərindir. Rayonun təbii resursları talan edilirdi, gəlir mənbəyi kimi istifadə olunurdu. Onlar yaşayış məntəqələrinin coğrafi adlarını dəyişərək özününküləşdirməyə çalışırdılar. Həmçinin beynəlxalq hüququn bütün prinsiplərini tapdalayaraq Suriyadan, Livandan olan erməni əsilli qaçqınlar məqsədyönlü şəkildə həmin ərazilərə köçürür, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərə əl atırdılar. Azərbaycan dəfələrlə bu hərbi cinayət barədə beynəlxalq təşkilatları məlumatlandırmışdı, xüsusilə münaqişənin həlli missiyasını öz üzərinə götürmüş Minsk qrupunu. Yenə də onlar təcavüzkar dövlətin bu kimi hərbi cinayətlərinə, digər çirkin əməllərinə laqeyd yanaşır, müxtəlif bəhanələrlə münaqişənin həlli prosesini ləngidirdilər. Bir sözlə, Minsk qrupu nümayiş etdirdiyi ədalətsiz mövqe və ikili standartlar səbəbindən öz vəzifələrini icra edə bilmədi. Bu missiyanı müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri şərəflə yerinə yetirdi, beynəlxalq hüququn Ermənistan tərəfindən pozulmuş prinsiplərini bərpa etdi, separatçı qüvvələrə tutarlı dərs verdi, işğalçı ordunu məhv etdi. Bu, tarixi bir missiya idi ki, Azərbaycan Ordusu bunun öhdəsindən cəmi 44 günə gələrək tarixi ədaləti bərpa etdi”.

Bu fikirləri KİV-yə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Ermənistan tərəfi hələ də reallıqları qəbul etmək istəmir, hərbi təxribatlara əl atır, mina terrorunu davam etdirir. Bu onu göstərir ki, Azərbaycanın sülh çağırışlarına adekvat cavab vermək niyyətlərində deyillər. Anlamırlar ki, qalib ölkənin bütün səyləri regionda sülh və sabitliyə əsaslanır, ümumilikdə regionun hərtərəfli inkişafını hədəfləyir. Gərək onlar bu ilin 13 sentyabrında baş verən hadisələrdən ciddi nəticə çıxarsınlar. Bilsinlər ki, bu kimi əməlləri ilə düşdükləri bataqlıqda daha da dərinliyə enəcəklər. Prezident İlham Əliyev Laçın şəhərində bir daha bəyan etdi ki, “əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik”. Odur ki, onların yeganə xilas yolu qalib ölkənin diktə etdiyi sülh təklifidir, bununla razılaşmalıdırlar”, - Milli Məclisin deputatı bildirib.

“Bu gün Laçın rayonu ərazisində sürətli və sistemli abadlıq-quruculuq işləri həyata keçirilir, avtomobil yolları, enerji və su təchizatı, daxili infrastrukturlar yaradılır, yaşayış məskənləri salınır. Görülən bütün işlər Prezident İlham Əliyevin şəxsi nəzarətindədir. Dövlətimizin başçısı rayona səfər edərək görülən işlərlə maraqlanır və hər səfərində hansısa obyektin ya açılışını edir, ya da təməlini qoyur. İnanırıq ki, yaxın gələcəkdə Laçın ölkəmizin inkişaf etmiş rayonlarından biri olacaq, əraziyə qayıdacaq sakinlər öz ata-baba yurdunda əbədi və xoşbəxt yaşayacaqlar”, - S.Möhbalıyev qeyd edib.