“Noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi dövlətimizin başçısının fəaliyyətinə verilən ali qiymətdir. Bu, onun gördüyü işlərin, həyata keçirdiyi effektli siyasətin strateji xarakterini və beynəlxalq miqyasını göstərir. Qürurla deyə bilərik ki, Prezident İlham Əliyev türkdilli dövlətlərin bir-birinə yaxınlaşmasına, təşkilatlanmasına, fəaliyyətinin genişlənməsinə, nüfuzunun və sıralarının artmasına mühüm töhfələr verib. Bu, dövlətimizin başçısının diplomatik bacarığını və təcrübəsini, böyük təşkilatçılıq qabiliyyətini göstərir. Onun qurumun həyatında gördüyü faydalı işlər üzv dövlətlər tərəfindən həmişə təqdir olunur və yüksək qiymətləndirilir”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Şərqi Zəngəzurun və Qarabağın işğaldan azad olunması Azərbaycanın həm türk dövlətləri içərisində, həm də beynəlxalq aləmdə nüfuzunu xeyli artırıb: “Tədbirdə Vətən müharibəsindəki tarixi qələbə və onun nəticələri ilə bağlı səslənən fikirlər bir daha Azərbaycanın regiona gətirdiyi yeni reallığın əhəmiyyətini əks etdirir. Azərbaycan Ordusunun 44 gün ərzində göstərdiyi qəhrəmanlıq bütün türk dünyası üçün önəmlidir. Qələbə nəticəsində türk dövlətlərini əlaqələndirən fiziki bağların bərpa edilməsi üçün əlverişli şərait yaradılıb. Zəngəzur dəhlizi türk dövlətlərini, Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanı birləşdirəcək mühüm layihədir. Həmçinin Azərbaycan regionda firavanlıq, əmin-amanlıq, sülh və sabitlik vəd edən yeni şərait formalaşdırıb. Bundan başqa, dünya düzənini pozan və sabitliyə təhlükə yaradan separatizmə tutarlı cavab verilib”.
Milli Məclisin deputatı qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü bir sıra vacib qərarlarla əlamətdar oldu: “Qurumun Türk Dövlətləri Təşkilatı (TDT) adlandırılması, Türkmənistana müşahidəçi statusunun verilməsi, “Türk dünyasına baxış - 2040” sənədinin qəbul edilməsi və digər təşkilati məsələlərlə bağlı vacib qərarlar təşkilatın artan nüfuzunu göstərir. Artıq Türk Dövlətləri Təşkilatı böyük perspektivlər vəd edən, dünya siyasətində mühüm rol oynayan beynəlxalq təşkilat funksiyasını yerinə yetirməkdədir. Təşkilat türk xalqları arasında vahid birliyin güclənməsinə, siyasi, iqtisadi və ticari əlaqələrin möhkəmlənməsinə, investisiya imkanlarının genişlənməsinə, qarşılıqlı etimadın və faydalı əməkdaşlığın inkişafına bundan sonra da hərtərəfli şərait yaradacaq”,