“Ermənilər bu coğrafiyaya köçürüldüyü ilk dövrlərdən başlayaraq yalnız məkrli, dağıdıcı, pozucu, təcavüzkar əməlləri ilə yadda qalıblar. Erməni millətçiləri daim etnik təmizləməyə əl atıb, bu məqsədlə soyqırımları törədib, qanlı terrorlar ediblər. Təbii ki, onların Cənubi Qafqazda tarixi 200 ildən çox deyil. Amma faktlara əsaslanmayan, büsbütün uydurma, yalançı iddiaları ilə bu ərazilərdə “böyük tarixlərindən” söz açıb, qədim Azərbaycan ərazilərində “Böyük Ermənistan” dövləti yaratmaq eşqinə düşüblər. Hansısa dövrdə bir boşluq görən kimi bu çirkin niyyətlərini, şovinist arzularını reallaşdırmaq üçün qanlı təxribatlar, ağır cinayətlər törədiblər. Məsələn, 1905-1907-ci, həmçinin 1918-ci illərdə yüz minlərlə dinc azərbaycanlı xüsusi qəddarlıqla erməni qəsbkarları tərəfindən qətlə yetirilib. Bundan başqa, 1918-1920-ci illərdə müxtəlif bölgələrdə minlərlə dinc soydaşımız erməni millətçilərinin soyqırımı siyasətinin qurbanına çevrilib. Bu qanlı əməllərindən hətta sovetlər dövründə də əl çəkməyən şovinist ermənilər 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlının deportasiya etdilər, evlərini isə dağıtdılar. Bütün bunlar onların əsl simasını, çürük mənəviyyatını ortaya qoyur”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Mən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi zamanlarda ermənilərin Qarabağa olan iddialarının qarşısına çəkdiyi keçilməz sipəri xüsusi olaraq xatırlatmaq istərdim. O, qətiyyətli siyasəti, önləyici addımları, o cümlədən Qarabağda apardığı tikinti işləri, mədəni tədbirləri ilə ermənilərin qərəzli planlarını məhv edirdi. Həmin dövrlərdə onlar Heydər Əliyevi əsas maneə hesab edirdilər. Həmçinin Moskvada sovet rəhbərliyində çalışanda da Ulu Öndərimiz erməni millətçilərinin Qarabağa olan iddialarının qarşısını müdrikcəsinə almağı bacarırdı. Amma, təəssüflər olsun ki, Heydər Əliyev sovet rəhbərliyindən qərəzli və məqsədli şəkildə uzaqlaşdırıldıqdan cəmi bir neçə gün sonra Qarabağ məsələsi təzədən gündəmə gətirildi. Sonrakı proseslər də hamıya məlumdur: kütləvi deportasiyalar, qətllər, soyqırımları, terror, torpaqlarımızın işğalı və sair”, - Milli Məclisin deputatı bildirib.
AHİK sədri qeyd edib ki, Xocalı hadisəsi ermənilərin törətdiyi ən ağır soyqırımı kimi dünya tarixində öz yerini alıb: “Dünyanın gözü qarşısında baş verən bu qanlı hadisə erməni faşizminin xarakterini, niyyətlərinin nə qədər qanlı olduğunu açıb göstərir. Və sübut edir ki, burada məqsəd bir şəhərin dinc sakinlərini tamamilə məhv etmək olub. Bu gün rəzil duruma düşmüş, məğlub damğası ilə yaşayan, körpə qatili Serj Sarkisyan vaxtı ilə Xocalıda etdiklərini boynuna alaraq bildirirdi: “Onlar hesab edirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmaz. Biz bu anlayışa son qoyduq”. Görün, bu qatillər cəzasızlıqdan hansı vəziyyətə gəlmişdilər ki, hətta öz cinayətlərini beynəlxalq ictimaiyyətin qarşısında açıq şəkildə etiraf edirdilər və bununla fəxrlə danışırdılar. Artıq köçəryanların, sarkisyanların düşdüyü vəziyyət hamıya məlumdur. Onları Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında miskin duruma saldı. Ömürlərinin sonuna qədər bu vəziyyətdə yaşamağa məhkumdurlar”.
“Həqiqətən də, II Qarabağ müharibəsində Xocalının, bütün şəhidlərimizin qisası döyüş meydanında artıqlaması və layiqincə alındı. Və biz 200 illik münaqişədən qalib olaraq ayrıldıq, torpaqlarımızı işğaldan qurtardıq. İşğalçı ölkəni və onların havadarlarını məğlubiyyətə düçar etdik. Biz bu Zəfərə güclü rəhbər, məğlubedilməz Ordu və sarsılmaz birlik sayəsində nail olduq. Ötən ilin sentyabrında Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli uğurlu antiterror tədbirləri nəticəsində namus tacımız Xocalı separatçılardan tamamilə təmizləndi. Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xocalı şəhərində Dövlət Bayrağımızı ucaltdı. Bu gün qəlbi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlı çox qürurludur, şəhidlərimizin ruhu isə şaddır”, - Səttar Möhbalıyev vurğulayıb.
Onun sözlərinə görə, bütün şəhidlərimiz kimi, Xocalı qurbanlarının da əziz xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayacaq, ruhları dərin ehtiramla yad ediləcək.