Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə Şirvan şəhərində, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarında tanınmış uşaq yazıçısı və şairi, AYB-nin Prezident təqaüdçüsü, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülzar İbrahimova ilə görüşlər keçirilib.
Təşkil edilmiş görüşlər Heydər Əliyev və mədəniyyət mərkəzlərinin, mərkəzi kitabxanaların, uşaq musiqi məktəblərinin, rəsm qalereyalarının, orta məktəblərin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Görüşlər uşaqların sevincinə səbəb olmuş, onların mütaliəyə həvəslərini gücləndirmişdir.
“Gülzar nənənin sehrli dünyası” başlığı altında keçirilən görüşlədə uşaq və yeniyetmələr, uşaq bağçalarının fidan balaları və ziyalılar iştirak etdilər.
Tədbirlərdə şagirdlər arasında rəsm müsabiqələri, Azərbaycanın tarixinə həsr olunmuş “Qədim Azərbaycan” müsabiqəsi, “Əyləncəli viktorina” və s. intellektual oyunlar keçirildi. Müsabiqə iştirakçıları və qaliblərinə diplom və hədiyyələr təqdim edildi.
Hacıqabullu şagirdlərin ifasında hazırlanmış “Mən Zəfərlə qayıtdım, Ana” pyesinin tamaşası müəllifi çox təsirləndirmişdir. Şirvan şəhər 21 №-li orta məktəbin şagirdləri Azərbaycan tarixinə aid viktorinada iştirak etmiş, qısa müddətdə “Qədim Azərbaycan” krossvordunun suallarına cavab tapdılar.
“Mən Zəfərlə qayıtdım, Ana” tamaşası A.Şaiq adına Salyan Dövlət Kukla Teatrında da yüksək səviyyədə tamaşaya qoyuldu. Ana və Oğul baş rolların ifaçılarına Gülzar İbrahimova müəllifi olduğu “Ağır cəza” kitabı hədiyyə etdi.
Neftçala rayonunun Heydər Əliyev Mərkəzinə 3 №-li uşaq bağçasının balaca fidanları şeir, rəqs, mahnıları ilə görüşü rəngarəng etdilər. 1 №-li orta məktəbin şagirdləri isə G.İbrahimovanın vətənpərvər mövzuda yazılmış əsərlərindən maraqlı kompozisiya nümayiş etdilər.
Biləsuvar rayonunda şəhid Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbinin gənc rəssamları bədii əsərlərdən rəsmlər çəkdilər. 4 №-li orta məktəbin şagirdlərinin şeir demək bacarıqları yüksək idi.
Bütün tədbirlərdə şagirdlər Gülzar İbrahimovanın sözlərinə yazılmış, bəstəkarı Elşən Nicat olan “Ana dilim”, “Vətən”, “Dünya gözəldir” mahnılarını ifa etdilər.
Bağça uşaqları “Bağçamız” mahnısını ifa edərək, “Gizlənpaç” oyununa rəqs etdilər. Yazıçı çıxış edən bütün uşaqlara Azərbaycan bayrağı olan suvenir döş nişanı və hədiyyələrlə sevindirdi.
Gülzar İbrahimova oxucularını dinləyərək, onların suallarını cavablandırmış, arzu-istəkləri ilə maraqlanmışdır. Yazıçı çıxışlarında bildirib: “Mən hər dəfə sizinlə görüşlərdən, sizin sevginizdən ilhamlanıram və sonra qələmim sizin sevginizdən, xoş sözlərinizdən, sanki sehrlənir və daha gözəl əsərlər yaranır”.
Gülzar İbrahimova görüşü keçirildiyi bütün şəhər və rayon kitabxanalarına müəllifi olduğu “Ağır cəza”, “Trolların sirri”, “Sehrli nağılllar”, “Qırmızıyanaqla Qırmızıpapağın nağılı”, “Norveç qoğalı”, “Sehrli qız” və s. kitablarını hədiyyə etdi.
O, kitabxanalara Nizami Məmmədovun və Sevda Məmmədəliyevanın “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” adlı yeni kitabı təqdim etdi. Kitabda müasir dövrdə ekologiyada baş verən qlobal dəyişikliklər haqqında danışılır, yaşıl enerjiyə keçidin əhəmiyyəti vurğulanır.
Tədbirlərə informasiya dəstəyini Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi kitabxanası göstərmişdir.


