Şirvanda zavodda partlayış nəticəsində ölən və xəsarət alanın kimliyi bilindi - YENİLƏNİB + VİDEO

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən sursat partlayışı üzrə Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.

12:46

Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlaması nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi bilinib.

APA-nın əldə etdiyi xəbərə görə, ölən şəxs Şirvan sakini, 1966-cı il təvəllüdlü Mehman Həsən oğlu Əhmədovdur.

Xəsarət alan şəxsin Şirvan sakini, 1970-ci il təvəllüdlü Səbinə Elyas qızı Şəkərova olduğu bildirilir.

Nazirliyin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakovun sözlərinə görə, partlayış qurumun “Şirvan Araz zavodu” MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən baş verib.

12:33

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 11:30-da qeydə alınıb.

Yığma sexində sursatın partlaması nəticəsində bir işçi ölüb. Müxtəlif xəsarətlər alan digər bir işçi isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.