“Sivil Toplum” Monitorinq Koalisiyası aralıq hesabatını yayımlayıb

“Sivil Toplum” Monitorinq Koalisiyası 07 fevral 2024-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar  seçkiləri ilə bağlı aralıq hesabatını yayımlayıb. Hesabat dövründə namizədlərin irəli sürülməsi və qeydiyyatı dövrünü seçki komissiyalarının fəaliyyətinin, təşviqat kompaniyasının aparılmasını və s. ümumiyyətlə, seçki proseslərini cəlb etdiyi könüllü müşahidəçinin məlumatları, seçki komissiyaları üzvləri, siyasi partiyalar, namizədlər, onların nümayəndələrindən daxil olan məlumatlar, habelə KİV-də və sosial şəbəkələrdə aparılan monitorinq üzrə dəyərləndirilib. Hesabatda bildirlib ki, ötən seçkilərə nisbətən seçicilərin və seçki məntəqələrinin sayı artıb: “MSK-nın elan etdiyi seçici siyahıları hələki, əvvəllər olduğu kimi ciddi narazılığa səbəb olmasa da, adlarını seçici siyahılarında tapmayanlarla bağlı sosial mediada bəzi məlumatlara rast gəlinir. Aparılan müşahidələrə görə bəzi seçki dairələrinin ərazisində yerləşən seçki məntəqələrində seçici siyahıları vurulmayıb və ya elə yerdə yerləşdirilib ki, çətinliklə görmək mümkündür. Müşahidəçilər seçici siyahısı haqda müfəssəl məlumat ala bilmirlər Müşahidələrə və mediada dərc  olunan fikirlərə görə növbədənkənar seçkilərin elan edilməsi onları hazırlıqsız vəziyyətdə yaxalayıb, həmçinin seçki müddətinin azaldılması qanunun imkan verdiyi üsul və vasitələrdən yararlanmaqla seçkiqabağı təşviqat aparmağa ciddi məhdudiyyət yaradıb. Hakim partiya təmsilçiləri isə seçkiləri boykot edən müxalif partiyaları elektroratlarının yetərli olmamasında, ötən dövrdə seçki hazırlığı ilə ciddi məşğul olmamaqda ittiham edir, onların prezident seçkilərində iştirakdan imtinasını da bu səbəblə bağlayır”.

Koalisiyasının əldə etdiyi nəticələrə görə proseslərin uğurla başa çatdırılması üçün müvafiq qurumlar daha çox diqqət, daha çox həssaslıq və məsuliyyət nümayiş etdirməlidir: “Əhalinin seçki debatlarına xüsusi marağının olmaması müşahidə edilir, prezidentliyə namizədlərin və onların səlahiyyətli nümayəndələrinin TV debatlardakı çıxışları gündəm yaratmır. Hakimiyyətin davranışları əvvəlki seçkilərlə müqayisədə xeyli yumşaqdır, əminlik hissi yüksəkdir, azad və demokratik seçki mühitinin yaradılması ilə bağlı siyasi iradənin olduğu aşkar hiss olunur. Vətəndaş cəmiyyətinin seçki müşahidəçiliyində heç vaxt olmayan qədər fəallığı müşahidə olunur, bu isə şəffaflıq üçün çox vacibdir. Bu dəfə respublikanın bütün ərazisində müşahidə aparacaq QHT nümayəndələrinin sayı 2018-ci ildə keçirilmiş prezident seçkiləri ilə müqayisədə təxminən 4 dəfə artıb. Müşahidə prosesinə qoşulacaq QHT-lərin sayında da görünməmiş artım var, müşahidəçilər ümumilikdə 78 QHT-ni təmsil edir. Namizədlikləri qeydə alınmayan bir neçə iddiaçıların narazılıqlarına baxmayaraq, bu prosesdə bürokratik əngəllərin yaradılması, onların nümayəndələrinə qarşı təzyiqlərin edilməsi barədə ciddi faktlar, sübutlar yoxdur. Təşviqat kampaniyası zamanı hesabat dövründə tərəfli, hər hansı bir namizədin hüquqlarının pozulması, qeyri-bərabər şəraitin yaradılması iə bağlı digər namizədlər tərəfindən hər hansı bir irad səsləndirilməyib. Namizədlər açıq havada kütləvi tədbirlərin, görüşlər və mitinqlər keçirməyə deyil, qapalı məkanlar seçicilərlə görüşlərə üstünlük verirlər”.

Eyni zamanda Koalisiyasının media qrupu məxsusi olaraq KİV-də mütəmadi olaraq seçkiqabağı mühiti, ümumiyyətlə proses barədə məlumatları izləmək, bununla bağlı qanunvericiliyin tələblərinə əməl edilməsi, seçkinin gedişatının mətbuatda işıqlandırılması, təşviqat prosesinin bərabər və ədalətli aparılmasını və s. təhlil məqsədi ilə KİV-in də  monitorinqini həyata keçirir. Monitorinq 40-dan artıq KİV-i əhatə edir və hər bir mətbu orqan gündəlik olaraq izlənilir və medianın seçkilərdə fəaliyyətini qiymətləndirilərək təhlil edilir.

Xatırladaq ki, prezidenti seçkilərində “Sivil Toplum” Monitorinq Koalisiyası uzunmüddətli qaydada müşahidəçilik fəaliyyətini həyata keçirir. “Sivil Toplum” Monitorinq Koalisiyası “Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyi, “Demokratik Seçki Mərkəzi” İctimai Birliyi və “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyi seçkilərin monitorinqini həyata keçirmək, seçki dairələri üzrə və seçki məntəqələrində müşahidə aparmaq məqsədi ilə təsis edilib.

 

Hesabatı tam formada aşağıdakı linkdən oxumaq olar:

file:///C:/Users/user/Desktop/Sivil%20toplum%20-%20Aral%C4%B1q%20Hesabat-%2027%20yanvar.pdf