Siyasət meydanındakı parlaq qələbə

Heydər Əliyev İli” olaraq möhtəşəm nailiyyətlərlə dövlətçilik tariximizə əbədi həkk olunan 2023-cü il ölkəmizin qarşısında yeni perspektivlərin açılması ilə əlamətdar oldu. Ötən il həm daxili arenada, həm də beynəlxalq müstəvidə görülən işlər - siyasi, iqtisadi, diplomatik nailiyyətlər əsas hədəfə - qalib Azərbaycanın milli gücünün və nüfuzunun artmasına, tarixi Zəfərin möhkəmləndirilməsinə - daimi prosesə çevrilməsinə xidmət etməklə real nəticələr verdi.

 Yola saldığımız 2023-cü il Qarabağ iqtisadi rayonunun bütün ərazisində suverenliyimizin tam bərqərar olması ilə əlamətdardır. Üçrəngli Dövlət Bayrağımız bu il Xankəndi, Ağdərə, Xocavənd və Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində ucaldıldı. Azərbaycan xalqı bu anın yetişməsini 3 ildən çox səbirlə gözlədi.

 Suverenliyimizin bərpası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük siyasət meydanındakı parlaq qələbəsidir. Dövlət başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bu məsələ barədə bildirmişdir: “2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır”.

 Azərbaycanın Qarabağ probleminin həllinin ideoloqu Ulu öndər Heydər Əliyevdir.

Ulu öndərin bütöv görmək istədiyi Azərbaycan bu gün artıq reallığa çevrilmişdir. Belə ki, Ümummilli liderimiz Heydər Əliyevin bizlərə aşıladığı vətən sevgisi, xalqımız öz Lideri ətrafında həmrəliyi 44 günlük Şanlı Vətən müharibəsində qələbəmizi şərtləndirdi. Bu Qələbənin müəllifi isə 1993-cü ilin iyun ayının 15-də müstəqilliyimizi əbədiləşdirən, xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevdir.

 Xalqa müraciəti zamanı Cənab Prezident qeyd etmişdir ki: “Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar.” Bu sözlər ölkəmizdə mövcut olan xalq-iqtidar birliyinin necə möhkəm və sağlam təməllər üzərində qurulduğunu bir daha dünyaya nümayiş etdirmiş oldu.

 Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunması şərtləndirdi və bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır.

 

Cavid Hüseynov - ADPU-nun ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, mətbuat katibi