Siyasi düzəndə Azərbaycan modeli

Azərbaycan Prezidentinin yeni dünya düzəni ilə bağlı çıxışları dünyanın aparıcı beyin mərkəzlərinin tədqiqat mövzularına çevrilib

İkinci Dünya Müharibəsindən sonra dünyada yaranan siyasi düzənin yenidən formalaşdırılması qaçılmazdır. Özünü doğrultmayan, müasir tələblərə cavab verməyən köhnə düzən bir sıra hallarda böhrana səbəb olur, dövlətlərarası gərginliyi daha da artırır. Dünyadakı mövcud münaqişələr, müharibələr, intiriqalar, o cümlədən, Qərb ölkələrində kök salan siyasi və mənəvi böhran dünyanın siyasi vizionunun yenidən qurulmasını diktə edir.

Bu mənada ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forum dünyanın siyasi və iqtisadi gündəmində olan bir çox məsələlərə peşəkarların münasibətinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb etdi. Xüsusilə, forumda cənab Prezident İlham Əliyevin çıxışı və ona ünvanlanan müxtəlif səpkili suallara məzmunlu cavabları, regionda və dünyada baş verən iqtisadi-siyasi proseslərə aydın münasibəti, Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə yanaşması maraqla qarşılandı. Beynəlxalq məsələlərin müzakirəsinə həsr olunan bu tədbirin yeddinci dəfədir keçirilməsi və hər dəfə burada iştirak etmək istəyənlərin sayındakı artım forumun əhəmiyyətindən xəbər verir. Ötən illərdə altmış ölkədən iki yüzdən artıq ekspert və alim Bakıda və azad edilmiş Qarabağın dörd şəhərində keçirilmiş bu müzakirələrdə iştirak edib və onlar daha sonra regional və qlobal məsələlərlə bağlı bir çox məqalələrlə çıxış edib. Bütün bunlar ölkəmizlə bağlı əsas həqiqətlərin və Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasətin beynəlxalq miqyasda tərənnümündə mühüm rol oynayır.

Qeyd edək ki, bu dəfə ADA Universitetində keçirilən beynəlxalq konfransa rekord sayda – 80 əcnəbi iştirakçı qatılıb. İştirakçıların 50 faizindən çoxu konfransda ilk dəfədir ki, iştirak edir. Konfransın mövzusu olduqca aktualdır və gündəmdə olan məsələlərin müzakirəsinə həsr olunub. Bu gün dünyanın aparıcı beyin mərkəzləri, siyasi institutları formalaşmaqda olan yeni dünya düzəni və onun ətrafında gedən prosesləri dərindən tədqiq edir. Azərbaycan Prezidentinin rəhbərliyi altında Bakının da bu proseslərdə aktiv rol oynaması Bakının dünyada gedən proseslərə çevik yanaşmasından və təşəbbüskarlığından xəbər verir. . Azərbaycan bu prosesin sadəcə müşahidəçisi deyil, həm də fəal iştirakçısıdır. Bakı nəinki yerləşdiyi coğrafiyada, qlobal miqyasda vacib çağırışların, mühüm təşəbbüslərin müəllifidir. Mövqeyimiz bütün dünya dövlətlərinə bəlli olsa da, biz bunu təkrarlamaqdan yorulmuruq. Suverenlik prinsipinin toxunulmazlığı, daxili işlərə müdaxilənin yolverilməzliyi, xarici siyasi və iqtisadi münasibətlərdə müstəqillik, təzyiq və təhdidlərin yolverilməzliyi prinsipləri ölkəmiz üçün qırmızı xətdir. Bu prinsiplər nəinki təkcə Azərbaycan üçün, təhdidlərlə üz-üzə qalan bütün ölkələr üçün aktualdır.

Azərbaycan bəzi Qərb dövlətlərinin neoimperializm siyasətinə qarşı açıq mövqe ortaya qoyub Hesab edirik ki, onların bu cür siyasəti dövlətlərin müstəqilliyinə ciddi təhlükədir. Özlərini dünyanın ağası kimi aparan Qərb dövlətləri öz sistemlərini, baxışlarını bütün ölkələrdə tətbiq etmək istəyirlər. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlamış, etnik soyqırımı törətmiş, Qarabağda vandalizm aktı həyata keçirmiş bir ölkə bu gün dünyaya əzilmiş, sülh tərəfdarı kimi təqdim edilir. Onlar bu gün də bu siyasətlərini davam etdirirlər. Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və bəzi beynəlxalq təşkilatlar Qərb-Mərkəzi Asiya əlaqələrinin güclənməsində maraqlıdırlar. Amma onlar bəzi hallarda çalışırlar ki, bu əlaqləri Azərbaycanın iştirakı olmadan qursunlar. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər. Baxmayaraq ki, Avropada Azərbaycanı nəinki bu prosesdən ayırmağı, eyni zamanda, Qafqazda, xüsusilə Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən bəzi qüvvələr var.

Forumdakı çıxışında Qərbin qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı çirkin siyasətlərinə də toxunan cənab Prezident qeyd etdi ki, Qərb mediasında anti-Azərbaycan təbliğatı, Prezident Trampın saxta xəbərlər mənbəyi adlandırdığı “Vaşinqton Post”, “New York Times” kimi nəşrləri, təbii ki, Fransanın hökumətyönlü “Figaro” və “Le Monde” kimi saxta mediaları elə bir ab-hava yaratmaq istəyirdilər ki, guya Azərbaycanda diktaturadır, demokratik təcrübə yoxdur, insan haqları vəhşicəsinə pozulur, müxalifət mələkdir, hakimiyyət isə şeytandır. “Bir az sadəlövh olduğumuz vaxtlarda hətta ağlımıza gətirə bilməzdik ki, üzümüzə gülənlər bizə arxadan zərbə vurmaq istəyirlər. Həmin vaxtda biz faktiki olaraq bu maliyyə vəsaitlərinin axınına tam nəzarət etmirdik. Bu səbəbdən, Milli Demokratiya İnstitutu kimi bədnam qurumların, əslində, burada hökuməti devirmək planı hazırlamasının səbəbi də bu idi. Bunu aşkar etdik. Beləliklə, biz bank hesabından bir milyon ABŞ dollarından çox vəsait nağdlaşdırıldığını aşkar etdik. Sonra biz o pulun bir hissəsini müxalifətyönlü fəalların kirayələdikləri mənzillərində “Molotov kokteylləri”ni və hökumət binalarına, polislərə necə hücum etmək təlimatlarını tapdıq. Beləliklə, bütün bunları yaşamışıq”. Azərbaycan Prezidentin illər öncə də toxunduğu bu kimi məsələlər bu gün Tramp administrasiyası tərəfindən etiraf olunur.

Forumda müxtəlif beyin mərkəzlərinin nümayəndələrinin suallarını ətraflı şəkildə cavablandıraraq Cənubi Qafqaz regionunda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi ətrafındakı məsələlərə aydınlıq gətirib. Azərbaycanla Ermənistan arasında sülh sazişə nail olmaq üçün ölkəmizin prinsipial mövqeyi bir daha bəyan edilib. Vurğulanıb ki, Azərbaycan sülh prosesini davam etdirməkdə qərarlıdır. Tarixi ədalət, beynəlxalq hüquq bərpa edilib. Artıq region üçün qalıcı sülhün təmin olunması başlıca amildir. Azərbaycan hər zaman olduğu kimi sülh mövqeyinə sona kimi sadiqdir.

Rusiya-Ukrayna arasında müharibənin getdiyi bir vaxtda və Rusiya ilə qonşu olmağımıza və müttəfiqlik sazişi imzalamağımıza rəğmən cənab Prezidentin Rusiyanın Ukraynanın ərazilərini işğal etdiyini açıq şəkildə bildirməsi cəsarətli mövqe kimi qiymətləndirilməlidir. Dövlətimizin başçısı suala cavab olaraq bildirdi ki, yaxın gələcəkdə Ukrayna ilə Rusiya arasında sülh üçün hər hansı perspektiv görmür: “Rusiya işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi bəyan edib. Onlar bundan necə geri çəkilə bilərlər? Ukrayna, o cümlədən bütün dünya həmin işğal olunmuş əraziləri Ukraynanın hissəsi hesab edir. Azərbaycan da onları Ukraynanın hissəsi hesab edir. Onda necə qurban verə bilər və deyə bilər ki, ərazilər Ukraynanın deyil? Əgər bu baş verərsə, onda belə çıxır ki, beynəlxalq siyasətdə nəyi isə başa düşmürəm. Əfsuslar olsun ki, müharibələr yekun kapitulyasiya aktı olanda bitir. Bizim Xorvatiyadan olan dostumuz qeyd etdiyi kimi, onlar öz ərazisini azad etdi, sərhədə çıxdı və dayandı. Biz də eyni addımı atdıq. Öz sərhədimizə çıxıb dayandıq. Real dünyada müharibə bu cür bitir”.

Görəsən, hansısa Ukrayna prezidenti Qarabağ 30 il Ermənistanın ordusunun işğalı altında olanda Azərbaycanla bağlı belə mövqe sərgiləyibmi? Cırtdan, forpost ölkə olan Ermənistana qarşı fikir bildirə bilməyən Ukrayna liderləri Azərbaycan Prezidentinin bu cür cəsarətli mövqeyindən sadəcə utanmalıdırlar.

Cənab Prezidentin çıxışında diqqət çəkən digər məqam Türkiyə-İsrail arasında münasibətləri qurulmasında Azərbaycanın rolu ilə bağlı qeyd olunanlardır.

Ölkə başçısı bildirdi ki, Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub: “Çünki indi iki ölkə arasında baş verənlər ilk böhran deyil, yaxın keçmişdə ikincidir. İlk böhran zamanı biz ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadıq. Bu, təkcə Azərbaycan deyildi, lakin deyərdim ki, Azərbaycan bu prosesdə birinci yerdə idi. Yenə də bu, bağlı qapılar arxasında baş verdi. Bunu heç vaxt ictimailəşdirmədik. Buna görə heç vaxt özümüzü tərifləməyə çalışmadıq. Müttəfiqimiz və qardaşımız olan Türkiyəyə, dostumuz İsrailə öz əlaqələrini yenidən qurmaq üçün yardım etmək istədik. Bəlkə də bilirsiniz ki, bu normallaşmanın nəzərəçarpan əlamətləri də var idi, məsələn, İsrail Prezidenti cənab Hersoqun Türkiyəyə səfəri və Prezident Ərdoğanla görüşü, Prezident Ərdoğanla Baş nazir Netanyahu arasında Nyu-Yorkda görüş. Bu, iki il bundan əvvəl baş vermişdi. İndi bir növ dejavü yaşayırıq. Biz addımlarımızın alqoritmini bilirik. Sizi əmin edə bilərəm ki, yardım etməyə çalışmaq üçün səy göstəririk”.

Dünyanın aparıcı iki ölkəsi arasında münasibətlərin nizama salınması prosesində iştirak rəsmi Bakının nüfuzundan və gücündən xəbər verir. Bununla Azərbaycan həm də böyük bir regional münaqişənin müsbət həllinə töhfə vermiş olub. Təəssüf ki, sonradan Yaxın Şərqdə münaqişələrin alovlanması Bakının nəcib təşəbbüsünü başa çatdırmasına maneə oldu.

Ümumiyyətlə, Prezident İlham Əliyevin forumda İsrail-Türkiyə münasibətlərində Azərbaycanın rolu, Azərbaycan Əfqanıstanda və İraqda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələri arasında olması, Demokratların və Respublikaçıların hakimiyyətdə olduğu dövrlərdə ABŞ-Azərbaycan münasibətlərindəki fərqliliklər, həmçinin ABŞ-Avropa arasındakı mövcud münasibətlər və digər məsələlər barədə fikirləri həm də geniş siyasi tədqiqat mövzularıdır. Çox güman ki, dünyanın aparıcı beyin mərkəzləri Azərbaycan Prezidentinin yeni dünya düzəni ilə bağlı açıqlamalarını yaxından izləyir, onun fikirlərindən yararlanırlar.

Eldar Quliyev

Milli Məclisin deputatı