"El arasında bir misal var ki, süd verən inəyi satmazlar. Siz niyə gəlirlə işləyən sahədə liberallaşmaya başlayırsız. Dünyanın hər yerində ilk növbədə gəlirlə işləməyən sahələr özəlləşdirməyə çıxarılır".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
"Belə fikir yaranır ki, özəlləşdirmədə məqsəd o sahədə xidmətin keyfiyyətini yüksəltmək, rəqabət mühiti yaratmaqla tarifləri aşağı salmaq yox, gəlirli sahəni ələ keçirməkdir. Əlbəttə, ilkin dövrlərdə qiymətlər qalxa bilər. Özəlləşdirməyə ilk növbədə milyardlarla pulları alıb səmərəsiz istifadə edən sahələrdən başlamaq lazımdır. Beynəlxalq Bank dövlətə nə qədər ziyan vurdu. Neçə vaxtdı deyilir ki, Beynəlxalq Bank özəlləşdirməyə çıxarılsın. Baxın AZAL-da qiymətlər hara qalxıb. Zaman-zaman deyilir ki, qiymətlər aşağı salınsın. Rəqabət mühiti olmadığı üçün qiymətlər aşağı düşmür".
Qeyd edək ki, “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, qanunun qəbulu qiymətlərin artması anlamına gəlməməlidir./unikal