Şəhidlərimiz, Qarabağ müharibəsi əlilləri, veteranlarla bağlı mövzular cəmiyyətimizin həssas yeridir. Bu da başadüşüləndir. Axı 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımız məhz qəhrəman övladlarımızın qanı, canı bahasına azad olunmub. Təəssüf ki, kimlərsə şəhidlərimiz, Qarabağ müharibəsi əlilləri, veteranlarla bağlı mövzulardan sui-istifadə edir, populist çıxışlar edirlər. Sıravi insanları, radikal müxalifətçiləri, xaricdə oturan söyüş qəhrəmanlarını haradasa başa düşmək olar, onlar bu məsələlərdən özlərinə hal, layk qazanırlar. Bəs bəzi millət vəkilləri nə üçün radikalların apardığı kampaniyaların təsiri altına düşür?
Son günlər Milli Məclisdə sosial sahə ilə bağlı müzakirələrdə bəzi deputatların özlərini layk həvəskarı olan tiktokerlər, radikal müxalifət nümayəndələri kimi aparmaları nəzərdən qaçmır. Hər hansı araşdırma aparmadan bəzi deputatlar elə çıxış edirlər ki, guya dövlət Qarabağ veteranları, əlillər, şəhid ailələrilə bağlı heç bir iş görmür, aztəminatlı ailələrə heç bir dəstək göstərilimir.
Məsələn, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin plenar iclasında müzakirəyə çıxarılan "Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihəsinə münasibət bildirərkən deyib ki, xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndliyə iki inək, ona bir illik zəmanət verilir. Heç olmasa, üç aylıq da yeməyini verin. Çünki kəndli onu ehtiyacdan alır.
Əlbətti ki, bunu hansısa savadsız, məlumatsız, ölkədə aparılan sosial siyasətin mahiyyətindən xəbərsiz biri desəydi, onu haradasa anlamaq olardı. Amma Siyavuş Novruzov kimi təcrübəli depuutatın araşdırmadan hər hansı məsələ haqqında danışması sadəcə təəssüf doğurur. İstər Siyavuş müəllim, istərsə də ona dəstək verən bir neçə millət vəkilinin əllərinin altında kifayət qədər məlumatlar, rəqəmlər, qanunlar var və istəsəydilər yanlış çıxışlardan öncə o məlumatlarla tanış ola bilərdilər.
Təəssüf ki, Siyavuş Novruzov və onunla səs-səsə verən digər deputatlar özlərini cəmiyyətə qəhrəman kimi təqdim etmək istəyirlər və kütlədən “halaldır”, “əhsən”, “eşq olsun” alqışları umurlar.
Prezident İlham Əliyev də dəfələrlə dövlət siyasətinin mərkəzində vətəndaş rifahının dayandığını vurğulayıb. Şəhid ailələri, əlillər və müharibə veteranlarının, eləcə də aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı proqram və layihələr işlənib hazırlanıb və həyata keçirilib. Əhalinin məşğullunun təmin edilməsi məqsədi ilə kəndlərdə yaşayan aztəminatlı ailələrə mal-qaranın verilməsinin özü də dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətin müsbət nəticələrindən biridir. Bu siyasətə kölgə salmaq elə heç bir millət vəkilinə başucalığı gətirməz. Həm Siyavuş Novruzovun, həm Səyyad Aranın, həm də digərlərinin dövlətin sosial siyasətini lağa çevirmək, aşağılamaq cəhdləri onların radikal müxalifətə pas ötürməsi, mövzu verməsi kimi də başa düşülə bilər. Təsadüfi deyil ki, həmin çıxışdan sonra bürün müxalifət mediası, sosial şəbəkələr, xaricdəki söyüş müxalifəti deputatlar Siyavuş Novruzov, Səyyad Aran və digərlərinin məlum çıxışlarını geniş şəkildə ictimaiyyətə təqdim edirlər. Onlardan “qəhrəman” düzəldirlər. Kampaniya aparırlar ki, guya hakimiyyət daxilində ciddi parçalanma, qarşıdurma var. Guya ölkə prezidentinin sosial siyasətini bəyənməyən bir qrup öz aralarında birləşərək hökumətə qarşı hücuma keçiblər. Təbii ki, onların bu cür iyrənc kampaniya aparmasının səbəbkarları cənab Siyavuş Novruzov, Səyyad Aran kimi deputatlardır. Yaxşı olardı ki, adları çəkilən və onlarla həmfikir olan deputatlar seçiciləri ilə görüşsünlər, kənd rayonlarına gedib aztəminatlı ailələrlə görüşsünlər, onlara yardım etsinlər. Etiraf edək ki, nə Siyavuş Novruzov və nə də Səyyad Aranın sosial durumu onların guya hallarına acıdıqları insanların sosial vəziyyəti ilə eyni deyil. Belə yerdə deyərlər, acın toxdan nə xəbəri…
Dövlətin sosial siyasətinin mahiyyətindən xəbəri olmayanlar üçün xatırladaq ki, məqsəd hansısa ailəyə, insanlara ömürböyu yardım etmək yox, onların sosial durumunun inkişafına stimul verməkdir. Dünyanın heç bir ölkəsində vətəndaş dövlətin verdiyi müavinət və digər yardımlarla özünə geniş, təmtəraqlı şərait qurmur, varlı olmur. Bu müavinətlər, sosial dəstəklər vətəndaşa böhrandan çıxması üçün verilir. Heç kəs bilməsə də uzun müddətdir ki, hakim partiyanın rəhbərliyində və parlamentdə təmsil olunan Siyavuş Novruzov bunu bilməli idi..
Ədil Ədilzadə
Sabahinfo.az saytının baş direktoru