Müstəqil siyasət yürüdən Azərbaycanın bir çox dünya dövlətləri ilə qurduğu münasibətlər qarşılıqlı etimada əsaslanır. Müasir dünyamızda bir çox dövlətlərlə yanaşı, Azərbaycan Slovakiya ilə də münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edəcək qərarların, sənədlərin qəbul edilməsinə diqqət ayırır.
Azərbaycan-Slovakiya münasibətləri əsasən, hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. Hər iki dövlət arasında əlaqələr hazırda sürətlə inkişaf etməkdədir. 2021-ci ilin oktyabrında iki ölkə arasında sənaye, tikinti, nəqliyyat, logistika, investisiyaların təşviqi, enerji və digər sahələri əhatə edən “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında” imzalanmış saziş iki ölkə arasında iqtisadi tərəfdaşlıq üçün möhkəm zəmin yaradıb.
Qeyd edək ki, mayın 7-də Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub. Prezident İlham Əliyev və Baş nazir Robert Fitso “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar. Həmçinin iki ölkənin müvafiq nazirlikləri arasında hərbi-texniki əməkdaşlıq sahəsində memorandum və müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Cari ilin may ayının 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri bütün bu əlaqələrin dinamik inkişafına əsaslanır. Səfər çərçivəsində Slovakiya-Azərbaycan əlaqələrinin perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə geniş tərkibdə keçirilən görüş zamanı Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açıldığını diqqətə çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir: “Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir”.
Ölkə Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatında məhz bu sənədin önəmini xüsusi vurğulayaraq qeyd etmişdir: “İmzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir”.
Göründüyü kimi, Azərbaycan-Slovakiya əlaqələri artıq strateji əməkdaşlıq mərhələsinə yüksəlib. Dövlətlərarası münasibətlər siyasi dialoqa, etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənir və bu, uğurlu əməkdaşlıq üçün müstəsnadır. Əminliklə demək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaqdır.
Turan Kərimli - ADPU tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri