“İqlim dəyişiklikləri qadın və kişilərə müxtəlif formada təsir edir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin “Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən birgə ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, bunların sırasında sağlamlıq, xüsusilə də reproduktiv sağlamlıq, ərzaq və qida təhlükəsizliyi, ekoloji mühitin müdafiəsi, sosial-iqtisadi məsələlər, məskunlaşma və digər problemləri qeyd etmək olar: “Artıq beynəlxalq ictimaiyyət səviyyəsində etiraf olunur ki, iqlim dəyişikliyi probleminin həlli bu prosesin sosial aspektlərini nəzərə almadan, müxtəlif insan qruplarına təsirini qiymətləndirmədən, ümumilikdə qadın və kişilərin bərabər iştirakı olmadan mümkün deyil. Azərbaycanda ekoloji sivilizasiyanın əsas komponenti olaraq - yaşıl əmək fəaliyyəti, yaşıl təfəkkür və yaşıl həyat tərzi təşviq olunur. Ətraf mühit problemlərinin əhəmiyyətinin qabardılması və ictimai təşəbbüslərin dəstəklənməsi yaşıl inkişafın perspektivlərini müəyyənləşdirir”.
Komitə sədri vurğulayıb ki, hər bir ailədə su, qaz, elektrik enerjisindən qənaətlə istifadə olunmalıdır: “Ətraf mühiti qorumalıyıq. Biz ailədə böyüyən uşaqlarımıza da bunları öyrətməliyik. Bütün bunlar məişət mədəniyyətinin, ekoloji mədəniyyətin formaşamasına səbəb olacaqdır. Bu isə insanların ekoloji problemlərə daha ehtiyatla yanaşması, təbiətlə harmoniyada yaşaması deməkdir”.