Qarabağ və Şərqi Zəngəzura diplomatik korpus nümayəndələrinin səfəri artıq ənənə halını alıb. Ötən günlərdə sayca 22-ci səfər baş tutub. 58 dövlətin səfir və diplomatları, 9 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 150 nəfərdən ibarət nümayəndə heyəti “İstisu” mineral sudoldurma zavodunda olub, Kəlbəcər şəhərində keçirilən Bal Festivalında iştirak edib və ərazidəki abidələrlə tanış olublar.
Onu da qeyd edək ki, diplomatların Ağdərə rayonu ərazisində yerləşən Gəncəsər Monastır Kompleksinə və Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng Monastır Kompleksinə səfəri də xüsusi diqqət çəkib. Qonaqları müşayiət edən Prezidentin köməkçisi Hikmət Hacıyev bu komplekslərin Azərbaycan xalqına, bu torpaqlarda mövcud olmuş Alban dövlətinə məxsus tarixi və dini abidələr olması barədə ətraflı məlumat verib.
Təşkil olunan səfər Ermənistanda Azərbaycanla sülh istəməyən bəzi qüvvələri narahat edib və bu istiqamətdə açıqlamalar yayılıb. Ermənistan Parlamentinin sədri və bir neçə deputat heç bir aqrumentə əsaslanmayan açıqlama yayıb ki, səfər çərçivəsində Gəncəsar monastrı alban abidəsi kimi təqdim edilib. İddia olunur ki, bu addım tarixin saxtalaşdırılmasıdır. Onlar da yaxşı bilir ki, burada tarix saxtalaşdırılıb, əksinə səfər çərçivəsində diplomatlar erməni saxtakarlığının şahidi olublar. Prezidentin köməkçisi Hikmət Hacıyev ermənilərin 30 il Qarabağda örtülü şəkildə "ən qədim tariximiz" deyərək haray saldıqları kitabların əsl saxta mahiyyətini ifşa etməklə və bunu da peşəkar və siyasi mədəniyyətlə həyata keçirməklə “erməni şou”sunu yerlə yeksan etdi. Hazırda erməni cəmiyyətində baş qaldıran narahatçılıq da başa düşüləndir. Yeni dünya düzəni və yeni geosiyasi reallıqları qəbul edə bilməyən revanşistlər bu addımları ilə ABŞ-da Ermənistanın üzərinə götürdüyü sülh öhdəliklərini pozmağa təşviq edirlər. Təbii ki, onların bu cəhdləri heç bir nəticə verməyəcək. Yəni, indiki məqamda belə bir açıqlamalar gündəm yaratmaqdan başqa bir çəkiyə malik deyil.
Onu da vurğulayaq ki, Azərbaycan Prezidenti İlham Əliyev “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində erməni vandalizmi barəsində çıxış edib. Dövlət başçısı qeyd edib ki, Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıtmış, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurub.
Dövlətimizin başçısı bildirib ki, bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid salamat qalmışdır. Lakin Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil.
1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən İran hökuməti Göy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürüb. Göy məscidin 24 metrlik minarəsi, 28 hücrəsi, kitabxanası, böyük zalı, günbəzi və həyəti rekonstruksiya edilmişdir. Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara “Fars məscidi”, yaxud da “İran məscidi” kimi təqdim edirlər.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, İrəvan şəhərində 1988-ci ilədək fəaliyyət göstərən yeganə məscid Çətirli məscid və yaxud yerləşdiyi ərazinin adına uyğun olaraq adlandırılan Dəmirbulaq məscidi olmuşdur. Üzərindəki kitabədə məscidin hicri təqvimi ilə 1327-ci ildə - yəni miladi təqvimi ilə 1909-cu ildə inşa edildiyi göstərilmişdi. Məscidin minarəsi yox idi. Əvəzində məscid binasının damında açıq havada 1,5-2 metr hündürlüyündə kvadrat şəkilli meydança inşa edilmiş, onun üzərində dəmir barmaqlıqlarla əhatələnmiş məhəccər quraşdırılmışdı. Dörd yanı açıq olan məhəccərin üstü dəmir təbəqə ilə örtüldüyündən bu məscid Çətirli məscid adlanırdı. 1988-ci il fevralın 23-də ermənilər Dəmirbulaq məscidini yandırmışdılar. 1990-cı ildə erməni vandalları Dəmirbulaq məscidini yer üzündən silərək, yerində hündürmərtəbəli bina inşa etmişlər.
Bütün bunların fonunda onu da qeyd etmək lazımdır ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən abadlıq quruculuq işləri uğurla davam edir. Ermənilərin işğalçılıq dövründə viran qoyduğu ərazilər bərpa olunur. Qaçqın və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdırlar. Sənaye, kənd təsərrüfatı, turizm, xidmət və logistika sahələrində yeni imkanların yaradılması bölgənin gələcək iqtisadi inkişafı üçün əsas yaradır. Ağdam Sənaye Parkı və digər layihələr, nəqliyyat bağlantılarının genişləndirilməsi, enerji infrastrukturunun inkişafı və yeni yaşayış məntəqələrinin salınması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Burada diqqət çəkən mühüm məqam ondan ibarətdir ki, Azərbaycan azad edilmiş ərazilərdə yalnız keçmiş müharibənin nəticələrini aradan qaldırmağa deyil, uzunmüddətli və dayanıqlı inkişaf üçün yeni iqtisadi mühit formalaşdırmağa çalışır. Qarabağ və Şərqi Zəngəzurun gələcəkdə ölkənin iqtisadi fəallığının mühüm mərkəzlərindən birinə çevrilməsi üçün əlverişli imkanlar mövcuddur.
Belə səfərlər qarşılıqlı informasiya mübadiləsi, bölgədəki yeni reallıqların daha yaxından öyrənilməsinə xidmət edir. Azərbaycanın həyata keçirdiyi siyasətin məğzi də budur ki, azad edilmiş ərazilərdə dayanıqlı inkişafı təmin etmək, insanların təhlükəsiz və firavan yaşayışını təmin etmək və regionda uzunmüddətli sülh üçün əlverişli şərait yaratmaqdır.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor