İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın suveren ərazisidir. Bu həqiqət beynəlxalq hüququn fundamental prinsipləri və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ilə təsdiq olunmuş Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanınıb. Burada hər hansı tədbirin keçirilməsi, xarici qonaqların səfərlərinin təşkili Azərbaycanın müstəsna suveren hüququdur.
Amma təəssüf ki, xəstə təfəkkürlü bəzi erməni dairələri hələ də reallığı qəbul etmək istəmir, Azərbaycanın öz ərazisində atdığı hər bir addımı əsassız iddialarla qarşılayır. Tarixi həqiqət isə siyasi manipulyasiyalardan daha güclüdür. Qarabağ, Şərqi Zəngəzur Azərbaycanın ərazisidir və bu torpaqlarda dövlətimizin qərarları heç bir kənar qüvvənin razılığına ehtiyac duymur. Bu gün Qarabağda keçirilən beynəlxalq tədbirlər, xarici nümayəndələrin səfərləri və həyata keçirilən quruculuq işləri Azərbaycanın öz suveren torpaqlarında yaratdığı yeni reallığın təbii nəticəsidir. Bunu qəbul etmək istəməyənlər əvvəlcə öz siyasi təfəkkürlərindəki köhnə xəritələri dəyişməlidirlər.
Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. Onun sözlərinə görə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətində göstərilən reaksiya revanşist düşüncənin hələ də yaşadığını göstərir. Azərbaycanın suveren ərazisinə xarici diplomatların səfərini hədəfə almaq Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə münasibətdə ortaya qoyduğu mövqeyi də sual altına salır. Öz ərazimizdə verdiyimiz qərarlara heç bir kənar qüvvə müdaxilə edə bilməz. Tarixi və mədəni irsimizə münasibətdə ikili standartların, Qafqaz Albaniyası irsinin inkarının, Qərbi Azərbaycandakı Azərbaycan izlərinin silinməsinin müdafiəsi isə bu yanaşmanın mahiyyətini daha aydın göstərir.
Deputat son olaraq bildirib ki, İndi regionda hamının sülh prosesindən danışdığı bir vaxtda dünya bir daha şahid oldu ki, erməni cəmiyyəti və revanşist qüvvələr hələ də öz ampluasındadırlar. Onlar üçün barış çağırışları ilə yanaşı revanşist düşüncələr də yaşamaqda davam edir. Ermənistan sülh yolunda irəliləmək istəyirsə ilk növbədə revanşist ritorikadan və tarixi saxtalaşdırma cəhdlərindən uzaq durmalıdır. Bu, Ermənistan üçün həm doğru seçim, həm də çıxış yoludur. 44 günlük Vətən müharibəsindən və bir gün davam edən antiterror tədbirlərindən nəticə çıxarmaq, yeni reallığı qəbul etmək və gələcəyə baxmaq Ermənistanın özü üçün düşündürücü bir dərs olmalıdır.