2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 44 saylı Sumqayıt 3-cü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mehriban Vəliyevanın Sumqayıt şəhər Tarix Muzeyində seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, vurğulayıb ki, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyası olduğunu xalqa xidməti ilə sübuta yetirib.
Deputatlığa namizəd Mehriban Vəliyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. “Azərbaycanın tutduğu yol xalqımızın maraqlarına əsaslanır”, - deyə söyləyən deputatlığa namizəd bildirib ki, hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan regionun ən sabit və inkişaf edən ölkəsidir. M.Vəliyeva qazanılan uğurlardan bəhs edərək ən mühüm məqamın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilir.
M.Vəliyeva çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Tədbir iştirakçılarından Ofelya Babayeva, şəhid atası Sovet Şükürov, Ramiz İsmayılov və digərləri çıxış ediblər. Natiqlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, deputatlığa namizəd Mehriban Vəliyeva daha sonra ziyalıların təsis etdiyi “Sumqayıt Doslar Klubu”nun üzvləri ilə görüşüb.