SÜNİ ŞƏKİLDƏ CIZILAN QIRMIZI XƏTLƏR ƏDALƏTİN VƏ DÜNYƏVİ MARAQLARIN QARŞISINDA ACİZDİR  

    ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşəbbüsü ilə ötən il noyabrın 25-də keçirilən beynəlxalq konfrans bir daha təsdiq etdi ki, nüfuzlu beyin mərkəzlərini düşündürən əsas problemlərdən biri təhlükəsiz dünya nizamına artmaqda olan təhdidlərin zərərsizləşdirilməsi və ya onların minimuma endirilməsi imkanlarının araşdırılması ilə bağlıdır. ABŞ, Böyük Britaniya, İsrail, Rusiya, Fransa, Pakistan, Kanada, İtaliya, Belçika, İsveçrə, Bolqarıstan, Gürcüstan, Misir, Polşa, Rumıniya və qardaş Türkiyənin aparıcı beyin mərkəzi rəhbərlərinin və tanınmış nümayəndələrinin iştirak etdiyi həmin konfransın “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” kimi həssas və aktual mövzuya həsr olunması da göstərdi ki, geosiyasi ziddiyyətlərin dərinləşməsi təhlükəsizlik və iqtisadi tərəfdaşlıq məsələlərini xüsusi olaraq qabardır. Konfrans həm də onu nümayiş etdirdi ki, təhlükəsiz dünya nizamının oturuşmuş dəngəsini ciddi şəkildə pozan və ya onun dəyişdirilməsinə xidmət edən bu mürəkkəb prosesdə yer alan regionlardan biri də Cənubi Qafqazdır.

     Azərbaycan istər əlverişli coğrafi mövqeyinə, istərsə də təbii sərvətlərinə görə bütün dövrlərdə dünya güclərinin diqqət mərkəzində olub. Təsadüfi deyil ki, görkəmli dövlət xadimi və siyasətşünas Zbiqnev Bjezinski uzun illər əvvəl söyləmişdi ki, vaxt gələcək, Azərbaycan böyük siyasətin şahmat lövhəsində mühüm strateji mərkəzə çevriləcək. Həmin proqnoz artıq özünü doğrultmaqdadır. Bu təkcə ölkəmizin əlverişli coğrafi mövqeyi və ya zəngin təbii sərvətləri ilə bağlı deyil. Təbii resurslarına görə Azərbaycandan dəfələrlə zəngin olan ayrı-ayrı ölkələrin müstəqil dövlət atributlarını necə itirdiyinin, vətəndaş müharibələri nəticəsində viran qaldığının, yaxud beynəlxalq sanksiyaların hədəfinə gəldiyinin şahidiyik. Çünki təbii sərvətlərdən və böyük iqtisadi potensialdan siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi nümunələri də dövrümüzün reallığıdır. Azərbaycan çoğrafi baxımdan böyük olmasa da, azsaylı ölkələrdəndir ki, ötən illər ərzində həm iqtisadi müstəqilliyini təmin edə, həm də bu mühüm faktoru siyasi müstəqilliyinin qarantına çevirə bilib. Geosiyasi ziddiyyətlərin təhlükəli şəkildə dərinləşdiyi bu mürəkkəb dövrdə, Azərbaycan müstəqil xarici siyasət yürüdən subyektlərdən biri kimi beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş statusunu qoruya bilir. Elə buna görə o da təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti Ursula Von der Lyayen kimi nüfuzlu siyasətçi ölkəmizin Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığını və Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğunu xüsusi vurğulayır. Son 30 ildə Yaxın Şərqdə cərəyan etmiş hadisələrə diqqət yetirsək, bir daha əmin olarıq ki, hansısa ölkənin zəngin təbii resursları və ya əlverişli coğrafi mövqeyi hələ o demək deyil ki, həmin ölkə geoiqtisadi layihələrdə yer ala və ya belə bir təşəbbüsü üçün beynəlxalq dəstək qazana bilər. Bu cür ciddi təşəbbüslərdə siyasi iradə və ona mütərəqqi etimad amili ilə yanaşı, ölkənin həmin layihələrdə iştirakı üçün hazırlıq səviyyəsi də əsas tutulur. Prezident İlham Əliyev məhz bu səbəbdən ötən il ADA Universitetində keçirilən konfransda bu bəyanatı vermişdi: “ Əslində, iki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Lakin infrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və biz bu sektora uzun illər ərzində sərmayə yatırmışıq. İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük”.

     Şahidi olduğumuz və bir sıra hallarda təhlükəli fəsadlarla müşayiət olunan geosiyasi və geoiqtisadi layihələrin uğurla gerçəkləşməsi təhlükəsiz infrastruktur, logistika və dəhliz məsələlərinin həllindən asılıdır. Orta Dəhliz layihəsi də bu qəbildəndir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin aprelin 7-də ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə apardığı müzakirələrin əsas mövzularından biri də Orta Dəhliz layihəsi ilə bağlı oldu. Dövlətimizin başçısı mətbuata bəyanatında ölkəmizin bu layihədə iştirakla bağlı mövqeyinin dəyişməz olduğunu bir daha qeyd etdi: “Orta Dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərirlər. Əlbəttə ki, növbəti mərhələdə yükdaşımalarının həcminin artırılması istiqamətində əlavə addımlar atılacaqdır”. Prezident İlham Əliyev layihə çərçivəsində həllini gözləyən məsələlərə də xüsusi diqqət yetirdi: “Burada həm bütün inzibati məsələlər öz həllini tapmalıdır, tarif siyasəti vahid prizmadan həll edilməlidir, eyni zamanda, yüklərin cəlb edilməsi və nəqli üçün birgə səylər göstərilməlidir. Təbii ki, bu gün bu məsələ də geniş müzakirə olunub və hələ olunacaq”.

     Baş nazir İrakli Qaribaşvili öz növbəsində Orta Dəhliz layihəsinin əhəmiyyətinə xüsusi diqqət yetirərək bildirdi ki, Azərbaycan Gürcüstan üçün qonşu və dost ölkə olmaqla yanaşı, mühüm strateji tərəfdaşdır. Sirr deyil ki, əməkdaşlıq səviyyəsindən asılı olmayaraq, hətta yaxın qonşu ölkələr arasında da zaman-zaman fəsadlar ortaya çıxa bilir. Vacib olan budur ki, müdrik liderlər anlaşılmazlıqların dərinləşməsinə imkan vermir, dostluq və bərabərlik əsasında, ortaq maraqlar çərçivəsində onların həllinə nail olur. Gürcüstan ilə münasibətlərimizin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsinin təməlində Ulu Öndər Heydər Əliyevin xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edən müdrik siyasəti dayanır. Elə buna görə də Baş nazir İrakli Qaribaşvili Prezident İlham Əliyevə xitabən səmimi bir etirafda bulundu: “Siz bizim dostumuzsunuz və Heydər Əliyev də Gürcüstanın böyük dostu olub”.

     Azərbaycan Prezidenti ilə Gürcüstan Baş nazirinin mətbuata verdikləri birgə bəyanatlar göstərdi ki, hər iki ölkə indiyədək əməkdaşlıq etdikləri bütün layihələrdə olduğu kimi, Orta Dəhliz məsələsində də eyni mövqedən çıxış edir, Zəngəzur dəhlizinin açılmasını yubadan Ermənistandan və hamilərindən fərqli olaraq, qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir. Dünyada və regionumuzda ümumi rifaha xidmət edə biləcək bu cür əhəmiyyətli layihələrə təşəbbüs göstərildiyi bir dövrdə Ermənistan və havadarları o reallığın fərqinə varmırlar ki, Orta Dəhliz onların siyasi iradəsini və siyasi çəkisini aşan bir layihədir. Zəngəzur dəhlizi isə həmin layihənin mühüm həlqələrindən biridir. Prezident İlham Əliyev elə bu səbəbdən ötən il ADA Universitetində keçirilən brynəlxalq konfransda Ermənistan və himayədarları ilə yanaşı, dünyanın aparıcı beyin mərkəzlərinin təmsilçilərinə bu mesajı vermişdi: “Düşünmürəm ki, Ermənistan bu layihəni əngəlləmək iqtidarında olacaq. İrana gəlincə, yenə də düşünmürəm ki, bu, belə olacaq. Çünki İran özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir”.

     Kimsə, hansısa ölkə özü üçün süni şəkildə qırmızı xətt cıza bilər, yaxud yanlış olaraq düşünə bilər ki, əsassız yanaşması və haqsız istəyi ilə bütün dünya razılaşmalıdır. Amma bu cür ədalətsiz baxışlar qlobal maraqları heç vaxt üstələyə bilməyib, indi də üstələyə bilməyəcək. Çünki süni şəkildə cızılan qırmızı xətlər ədalətin, beynəlxalq hüququn və dünyəvi maraqların qarşısında həmişə aciz olub, indi də aciz qalacaq. Əsassız və haqsız istəklərin iflasa uğraması qaçılmazdır, süni cizgilər isə sonda təbiətin qanunauyğunluğuna, beynəlxalq hüququn aliliyinə və dünyəvi maraqlara tabe olmağa məhkumdur.

Ülvi Quliyev Milli Məclisin deputatı