Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə qardaşlığını bütün dünyaya bildirən bir mesajdır

Ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edən Bəyannamə əlaqələrimizi ən yüksək səviyyəyə qaldırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları qardaşlığımızın əbədi olmasının bariz nümunəsdir.XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşma və fəlsəfənin əbədiləşdirilməsinin təcəssümüdür.
Strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edən Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapmışdır. Belə ki, Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapması çox mühüm tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələrin öz əksini tapması tarixi hadisədir və İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin məntiqi nəticəsidir.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirmiş oldu. İkinci Qarabağ müharibəsi başlanan günün ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstəyini ifadə edib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.Bütün müstəvilərdə inkişaf edən qardaşlıq əlaqələri işğaldan azad olunmuş ərazilərin bərpası prosesini sürətləndirəcəkdir. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq sözün əsl mənasında qardaşlıq,dostluq əlaqalərinin ən yüksək səviyyəsi oludğunu dünyaya sübut edir.
Yaşasın əbədi olan Azərbaycan Türkiyə qardaşlığı!

Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri