8 may Azərbaycan tarixinə dərin iz buraxmış bir gündür. 1992-ci ilin məhz bu günündə mədəniyyət beşiyimiz, alınmaz qala saydığımız Şuşa erməni silahlıları tərəfindən işğal olundu. Məhz Şuşanın işğalı ilə Azərbaycanda dərin psixoloji sarsıntı, məğlubiyyət sindromu yaşandı. Necə deyərlər, bütün acılarımız Şuşanın işğalı ilə baş qaldırdı, bütün sevincimiz Şuşanın azadlığı ilə başladı. 2020-ci il noyabrın 8-də Şuşanın Silahlı Qüvvələrimiz tərəfindən azad olunanda əminliklə müharibəni udduq, zəfər qazandıq dedik. Düşmən isə “Şuşa getdisə, Qarabağ da getdi” etirafını etməyə məcbur oldu.
Bu gün Şuşa azaddır, artıq bura insanların köçü başlayıb. Şuşaya ilk köçün məhz mayın 8-də baş tutması həm də böyük simvolik məna kəsb edir. Şuşalılar öz doğma yurd-yuvalarına böyük sevinclə, tərəddüdsüz qayıdırlar. Onlar 30 ildir ki, Böyük Qayıdışı səbirsizliklə gözləyirdilər. Uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar. Vətən müharibəsinin Zəfər simvolu olan Şuşa, Böyük Qayıdış planının da şah əsəri hesab olunur.
Hazırda işğaldan azad olunan bütün rayonlarda tikinti, quruculuq işləri sürətlə davam etdirilir. Cənab Prezident İlham Əliyev özünün nəzarəti altında aparılan quruculuq işlərinin - hər bir idarə və obyektin, ictimai binanın, tiklinin, yolun, yeni yaşayış komplekslərliniin və kəndlərin təməlqoyma mərasimində şəxsən iştirak edir. Müəyyən müddət sonra o, yenidən eyni rayonlara səfər edib həmin tikinti işlərinin gedişatı ilə maraqlanır. Bu il mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdi və şəhərə köçmüş ilk sakinlərlə görüşdülər. İlkin mərhələdə Şuşadakı birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.
Şuşaya ilk köç edən ailələrlə görüşdə cənab Prezident bildirib ki, otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar: “Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər”. Şuşalıların mayın 10-da öz torpalqarına qayıtması tarixi hadisədir. Həmin gün onlar üçün bundan sonra ikiqat əlmatdar olacaq. Çünki mayın 10-u xalqımız Ulu Öndər Heydər Əliyevin doğum gününü qeyd edir. Bu da əlmatdar hadisədir ki, dövlətimizin başçısı həmin günü Şuşada, öz doğma torpalqarına qaydıdan şüşalılarla birlikdə qeyd edir.
Bu gün Şuşada böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkilib.Hazırda yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir. Söhbət Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolundan gedir. Yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol 19,3 kilometr qısadır. Birinci texniki dərəcəli yolun 4-6 hərəkət zolağı var. Xankəndi-Şuşa-Laçın avtomobil yolunun uzunluğu isə 34 kilometrdir. Yol üzərində 2 körpü, 4 tunel və suötürücü borular inşa olunacaq. Azad olunan digər rayonlarda olduğu kimi, Şuşada da bərpa işləri Azərbaycan dövlətinin öz hesabına həyata keçirilir. Cənab Prezidentin dediyi kimi, Şuşada hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır. Şuşa şəhərində üçüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 17 yaşayış binasının inşası nəzərdə tutulub. Hazırda binanın layihələndirmə işləri başa çatdırılıb. Tikinti işlərinə bu ilin yayında başlanılması planlaşdırılır. Bu işlərin hamısı Böyük Qayıdış dövlət proqramının tərkib hissəsidir.
Mədəniyyət paytaxtı Şuşa qısa zamanda bir sıra mədəniyyət tədbirlərinə - Xarıbülbül festivalı və Molla Pənah Vaqifin məqbərəsinin açılmasına ev sahibliyi etdi. Məşhur xanəndə Bülbülün ev muzeyinin açılması da vacim mədəniyyət hadisəsi idi. Çünki ermənilər Şuşanı işğal edəndə ilk olaraq buradakı mədəni, tarixi abidələri dağıtdı, muzeyləri yandırdılar.
Şuşada dünya şöhrətli bir Konservatoriyanın yaradılması şəhərin Mədəniyyət paytaxtı statusunu daha da möhkəmləndirəcək. Şuşa yeni Üzeyir Hacıbəylilərinin, Bülbüllərinin, Natəvanlarının, Xan Şuşinskilərin yetişəcəkləri sənət ocağı olacaqdır.
Artıq qısa müddət ərzində Şuşa şəhərində keçirilmiş bir neçə möhtəşəm ədəbi-mədəni tədbir Qarabağın baş tacı olan Şuşanın müasir Azərbaycan mədəniyyətinin əsas mərkəzlərindən biri olduğunu bir daha təsdiq etdi.
Əbəs yerə Şuşa şəhərini Böyük Qayıdışın şah əsəri hesab etmirlər. Şuşa coğrafi baxımından da strateji əhəmiyyət kəsb edir.
Zəngəzur dəhlizinin açılması ilə Şuşa əlverişli bir tranzit şəhər funksiyası qazanacaq. Zəngəzur dəhlizindən keçməklə Şuşa-Ağdam-Bakı-Orta Asiya və Çinə qədər yol uzanır. Şuşadan əks istiqamətdə isə Naxçıvan-Sədərək-Dilucu vasitəsilə Türkiyəyə, oradan da istənilən Avropa ölkəsinə səfər etmək mümkün olacaq.
Şuşaya səfər edənlər yaxşı bilirlər. Geniş tikinti meydançasını bənzədən bu şəhərdə Böyük Qayıdışın bütün elementləri özünü açıq göstərir. Burada həyat qaynayır, insanlar böyük sövqlə işləyir, tikib yaradırlar. Doğrudan da, Zəfərimizin şah əsəri olan Şuşa Böyük Qayıdışın vacib hissəsidir.
Fuad Hüseynzadə
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Böyük Qayıdışa dair təşəbbüslər” layihə çərçivəsində çap olunur.