Şuşada qurultayın keçirilməsi çox mühüm mesajdır

“Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı bu gün də işini böyük sevgilə davam etdirir. Dünən hər kəs Dünya Azərbaycanlılarının V Qurultayının birinci gününü böyük qürurla izlədi. Şuşada belə bir tarixi Qurultayın keçirilməsi çox mühüm mesajdır. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrinin qurulması və təkmilləşdirilməsi, birgə fəaliyyətin təmin olunması şübhəsiz ki, ölkəmizin xarici siyasətinin əsas istiqamətindən biridir”

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib.

Deputatın sözlərinə görə, müstəqilliyimizin ilk illərində bu vacib və əhəmiyyətli sahəyə dövlət dəstəyinin artırılması, Dünya Azərbaycanlılarının qurultayının keçirilməsi ilə baglı Təşkilat Komitəsi yaradılması qərara alınsa da, təəssüf ki, sonradan diaspor quruculuğu prosesi unudularaq diqqətdən kənarda qalmışdı: “Yalnız Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu sahədə canlanma yarandı. Dahi şəxsiyyətin birbaşa rəhbərliyi ilə diaspor quruculuğu prosesi geniş vüsət aldı, Azərbaycanla xaricdə yaşayan soydaşlarımız arasında birlik və həmrəyliyin təmin olunması istiqamərində fəal işlər görüldü. Beləliklə, ölkəmizdə ulu öndər Heydər Əliyevin düzgün strategiyası sayəsində diasporumuzun formalaşmasında sürətlənmə prosesi başlandı, birlik təmin olundu”.

Məşhur Məmmədov bildirib ki, dünən Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının birinci günündə ölkə başçısının nitq söyləməsi xüsusi tarixi hadisə idi:“Çünki cənab Prezidentimizin Şuşada tarixi çıxışı dünya azərbaycanlılarının siyasi lideri və müstəqillik tariximizdə ilk dəfə ərazi birliyimizi bərpa edən qalib Sərkərdə kimi dünyaya həm də bir Azərbaycan mesaj idi. Ölkə başçısı çıxışında Şuşada olmağımızın, burada Zəfər qurultayının keçirilməsinin qəhrəman övladlarımızın tarix, xalq və Vətən qarısında misilsiz xidmətləri sayəsində mümkün oldugunu bildirərək, müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərin bu tarixi hadisəni, tarixi qələbəni Azərbaycan xalqına bəxş etdiyini qeyd etdi. Prezident daha sonra dünyaya Azərbaycan xalqının 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoyduğunu, ədaləti və heç vaxt işğalla barışmayacağını göstərdi. Eyni zamanda, cənab Prezident münaqişə dövründə fəaliyyət göstərən Minsk qrupunun faktiki olaraq heç bir nəticə əldə edə bilmədiyini də qeyd etdi. Əslində, Minsk Qrupu işğalı əbədiləşdirmək üçün yaradılmışdı. Çünki bu təsisatın həmsədr ölkələrində erməni lobbi qruplarının təsiri və ikili yanaşması 28 il onun fəaliyyətini nəticəsiz etmişdi.Bizim üçün isə torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi və biz bunu bacardıq!

Bir sözlə, Zəfər Qurultayı həm ictimai, həm siyasi, həm də mənəvi baxımdan tək dövlətçilik tarixi üçün deyil, eyni zamanda Azərbaycan xalqınının taleyində yeni səhifə açaraq dünyaya qədim və şərəfli keçmişə malik bir xalqın birlik və həmrəylik kontekstində gücünü göstərmiş oldu".