Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək

Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir.

Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri və Türkiyə başda olmaqla digər türk respublikalarının parlament sədrlərini, o cümlədən Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib. Azərbaycan Prezidenti bildirib ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz: “Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək”. Qeyd edilib ki, Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir, çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir.

Hazırda türk dövlətləri və cəmiyyətləri arasında dostluq, qardaşlıq, əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üçün müxtəlif platformalar mövcuddur. Parlamentlər arasında əlaqələrin inkişafı da diqqət mərkəzindədir və bu məqsədlə yaradılan TÜRKPA uğurla fəaliyyət göstərir.

Azad edilmiş torpaqlarda qardaş türk ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməli isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonunda isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Türkiyə şirkətləri isə nəhəng yol-nəqliyyat infrastrukturunun bərpasında fəal iştirak edirlər.

Türk dövlətlərinin zirvə görüşünün Şuşada keçirilməsi rəmzi, ideoloji baxımdan çox önəmlidir. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa tək ölkəmiz üçün deyil, bütün dünya üçün önəmlidir: “Bu gün Şuşanın həm coğrafi, həm də mədəni baxımdan əhəmiyyəti artır. Xüsusi olaraq qeyd edim ki, Şuşa türk dünyasının mədəniyyət paytaxtı, eyni zamanda, İslam ölkələrinin önəmli şəhərlərindən biri kimi dəyərləndirilir. Məlumdur ki, türk dünyasının önəmli siyasi liderləri dəfələrlə Şuşa şəhərinə səfər edib. Onu da deyim ki, Şuşa tək mədəniyyət paytaxtı da deyil. Belə ki, Azərbaycan incisi olan Şuşada tək mədəniyyət tədbirləri deyil, eyni zamanda, siyasi diskussiya mərkəzlərinin toplantıları da keçirilir. Bu toplantının Şuşada keçirilməsi Ermənistan və onun havadarlarına vurulan növbəti zərbədir.

Zaur Muradov,

YAP İsmayıllı rayon təşkilatının sədri