Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Mədəniyyətimizin incisi – Şuşa” layihəsinə start verildi.
Layihənin rəhbəri Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədovadır. Layihə çərçivəsində Mərkəzi Kitabxananın Fəxri oxucuları olan şairlər, yazıçılar, ziyalılar Şuşa haqqında yazdıqları şeir, hekayə, əfsanə, nağıl, esse və s. oxuculara təqdim olunacaq. Layihəyə informasiya dəstəyini “Вышка” qəzeti verir.
Mərkəzi Kitabxananın Fəxri oxucusu, AYB-nin üzvü, “Qızıl qələm”, “Cəsarətli qələm” mükafatçısı, Prezident təqaüdçüsü şair Solmaz Elqızı “Sənət beşiyimsən, ay qədim Şuşa” şeirini oxuculara təqdim etdi. Şeirdə Azərbaycan musiqisinin beşiyi olan qədim Şuşanın böyük sənətkarlar yetişdirməsindən söhbət açır. Qarabağın gözü olan Natəvan ruhlu, Xan musiqili, Bülbül avazlı, Lətif şöhrətli, Cabbar nəfəsli, Nəvvab sənətli qədim Şuşanın yetişdirdiyi sənətkarların dünyaya səs salmasından bəhs edir.
Kitabxananın Fəxri oxucusu, şair Qadir Hüseynov “Dünyada bənzərin yoxdur, ay Şuşa”, “Dünya camalına heyrandır, Şuşa” şeirlərini oxuculara təqdim etdi. Şair Qarabağın döyünən ürəyi Şuşanın füsünkar cəmalını tərənnüm edir. Zirvəsi göylərlə görüşən, yerlərin, göylərin heyran olduğu, çiçəkli bir cənnətməkan, dünyada bənzəri olmayan Şuşanın gözəlliyi ilə bütün dünyada məşhur olduğunu vurğulayır.
Şair Zeynəb Camaləddinin “Şuşa” şeirində yurdumuzun nazənin sənəmi, dilbər guşəmiz Şuşa tərənnüm edilib. Müəllif Qarabağı baş tacımız, Şuşanı isə onun üzərində olan gövhərə bənzədir. Şeiri oxuduqca Şuşanın hər daşında, qayasında əl vuranda dil açacaq bir tarixin, “Şur”un, “Segah”ın, “Çahargah”ın, “Şikəstə”nin səsi olduğunu duyuruq, İlahi nura bələnən Allaha zikr eləyən məcidə, minbərə bənzəyən Şuşamızla fəxr edirik.
SOLMAZ ELQIZI
SƏNƏT BEŞİYİMSƏN, AY QƏDİM ŞUŞAM
Sənətkarlar ocağısan,
Doğma Vətən qucağısan.
Sən İslam paytaxtısan,
Gözəllər içində gözəlsən, Şuşam,
Sənət beşiyimsən, ay qədim Şuşam.
Azad etdi səni şəhid Oğullar,
Qəhrəman Oğullar, İgid Oğullar.
Vətəni qoruyur cəsur Oğullar,
Gözəllər içində gözəlsən Şuşam,
Sənət beşiyimsən, ay qədim Şuşam.
Qoynuna hər yandan axışır qonaq,
Dünyaya salmısan Zəfərdən soraq.
Anam Qarabağa olmusan dayaq,
Gözəllər içində gözəlsən Şuşam,
Sənət beşiyimsən, ay qədim Şuşam.
Natəvanın ruhu boylanıb baxır,
Xanın musiqisi yandırıb yaxır.
Bülbülün avazı qəlblərə axır,
Gözəllər içində gözəlsən Şuşam,
Sənət beşiyimsən, ay qədim Şuşam.
Lətifin xalçası gəzir dünyanı,
Onun sənətinə söylə, tay hanı?
Bürüyüb şöhrətin bütün cahanı,
Gözəllər içində gözəlsən Şuşam,
Sənət beşiyimsən, ay qədim Şuşam.
Tarixə səs salıb Nəvvabın adı,
Cabbar Qaryağdıoğlu sənət ustadı.
Mat etdin düşməni, mat etdin yadı,
Gözəllər içində gözəlsən Şuşam,
Sənət beşiyimsən, ay qədim Şuşam.
Var İsa bulağın, var Cıdır düzün,
Aləmi dolaşır söhbətin, sözün.
Alnın da açıqdır, çox ağdır üzün,
Gözəllər içində gözəlsən Şuşam,
Sənət beşiyimsən, ay qədim Şuşam.
QADİR HÜSEYNOV
DÜNYADA BƏNZƏRİN YOXDUR, AY ŞUŞA
Şuşa, gözəlliyin bölüşən şəhər,
Zirvəsi göylərlə görüşən şəhər.
Alınmaz bir qala, döyüşən şəhər,
Dünyada bənzərin yoxdur, ay Şuşa.
İgidlər yarışar Cıdır düzündə,
Həyat var Bülbülün xoş nəğməsində.
Cənnət diyarıdır o yer üzündə,
Dünyada bənzərin yoxdur, ay Şuşa.
Könül intizarda, gözlər yoldadı,
Gözəl Natəvanın eşqi burdadı.
Hər cürə gözəllik bu diyardadı,
Dünyada bənzərin yoxdur ay, Şuşa.
İsa bulağıdır dərdlərə dərman,
Gözəllik diyarı can sənə qurban.
Göylər sənə heyran, yer sənə heyran,
Dünyada bənzərin yoxdur, ay Şuşa.
DÜNYA CAMALINA HEYRANDI, ŞUŞA
Dağlar zirvəsində, göylərə yaxın,
Çiçəkli bir cənnət məkandı Şuşa.
Dünyanın xariqə bir möcüzəsi,
Dünya camalına heyrandı, Şuşa.
Natəvan şairlər ilahəsidi,
Könüldə Bülbülün şən nəğməsidi.
Dağlara yayılan azan səsidi,
Dünya camalına heyrandı, Şuşa.
Dahi bir bəstəkar Üzeyir burda,
Vaqifin gözləri qalıbdı yolda.
Belə bir gözəllik hardadı, harda,
Dünya camalına heyrandı, Şuşa.
Rəssamı, şairi, nəqqaşı vardır,
Rəşidin nəğməsi bir intizardır.
Əvəz olunmayan gözəl diyardır,
Dünya camalına heyrandı, Şuşa.
ZEYNƏB CAMALƏDDİN
ŞUŞA
Bülbüllər sökər danı tuti-şirin dillər ilə,
Cıdır düzü bəzənər yazda gözəl güllər ilə,
Çətir şəlalə axar qırçın, uzun tellər ilə,
Sanki nazənin sənəm, can alan dilbərdi Şuşa.
Qarabağ baş tacımIz, bu tacda gövhərdi Şuşa.
Sevgidi, sədaqətdi qədim torpağın mayası,
Vətən övladı üçün arxadı hər bir qayası,
Qalmadı qiyamətə, alındı axır qisası,
Bir dəmir yumruq olan min-min igid ərdi Şuşa.
Qarabağ baş tacımız, bu tacda gövhərdi Şuşa.
Yad ayaqlar tapdadı, gözlərimiz qan ağladı,
Elə dağ çəkildi ki, yandı ürək, can ağladı,
Ya Rəbbim, şükür sənə, sonunda düşmən ağladı,
Ruhu nizamda tutan dayaqdı, məhvərdi Şuşa.
Qarabağ baş tacımız, bu tacda gövhərdi Şuşa.
Hər daşın, hər qayanın öz əbədi nəğməsi var,
Əl vursan dil açacaq, tarixdən gələn səsi var,
“Şur”u, “Segah”ı var, “Çahargah”, “Şikəstə”si var,
Bu milli dəyərlərlə dillərə əzbərdi Şuşa,
Qarabağ baş tacImIz, bu tacda gövhərdi Şuşa.
Gecə göy qubbəsinin ulduzları sehrə salır,
Səhər ləçəkdəki şeh, dağda duman ruha dalır,
Qarqar, Daşaltı çayı... bulaqları canlar alır,
Gecəsi, gündüzüylə cənnətə bənzərdi Şuşa,
Qarabağ baş tacımIz, bu tacda gövhərdi Şuşa.
Sanki göydən asılıb şəhər, sanki göydən enib,
Ulduz-ulduz işıqlar evlərin üstə ələnib,
Elə Allaha yaxın, İlahi nura bələnib,
Allaha zikr eyləyən məsciddi, minbərdi Şuşa,
Qarabağ baş tacımIz, bu tacda gövhərdi Şuşa.