Şvabenin “Azərbaycan Milli Məclisində real müxalifət partiyası yoxdur” sözünə Razi Nurullayevdən cavab…

Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasının Almaniyadan olan üzvü Frank Şvabenin “AzadlıqRadiosu”na müsahibəsində Azərbaycanda insan haqları durumunu növbəti dəfə tənqid edib.

O, sözügedən müsahibədə Azərbaycan Milli Məclisində real müxalifət partiyalarının olmadığını vurğulayıb.

Sabahinfo.az Şvabenin bu müsahibəsi ilə bağlı Milli Məclisdə təmsil olunan partiya rəhbərlərindən münasibət öyrənib.

“Avropa Şurası Parlament Assambleyasının Almaniyadan olan üzvü Frank Şvabenin Azərbaycanda “real müxalifət partiyalarının olmadığı” ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan Respublikasının daxili siyasi reallıqları ilə tam uzlaşmır və birtərəfli yanaşma təsiri bağışlayır. Bu elə ilk baxışdan görünür”.

Bu sözləri saytımıza açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan müstəqillikdən sonra mürəkkəb transformasiya mərhələsindən keçib və uzun müddət baş verən münaqişə, iqtisadi məsələlər kimi nüanslar siyasi institutların inkişafı və demokratik proseslərin davamlılığında çətinliklərlər yaradıb.

“Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox postsovet ölkələri kimi mürəkkəb transformasiya mərhələsindən keçib. Uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsi, regionda təhlükəsizlik çağırışları və iqtisadi sabitliyin qorunması dövlətin əsas prioritetləri olub. Bu şərtlər daxilində siyasi institutların inkişafı və demokratik proseslərin davamlılığı çətinliklərlə üzləşib”.

Deputat, partiya rəhbəri bildirir ki, Azərbaycan çoxsaylı müxalif partiyalar var:

“Azərbaycanda çoxsaylı müxalif partiyalar mövcuddur və onların siyasi sistemdə iştirakı üçün hüquqi mexanizmlər təmin olunub. Müxalifətin fəaliyyət imkanlarının məhdudluğu isə, ilk növbədə, ictimai dəstəyin zəifliyi, təşkilati resursların məhdudluğu və alternativ siyasi gündəmin formalaşmasını təşkil edə bilməməyimizə bağlıdır. Bununla yanaşı, bir çox hallarda müxalifət partiyalarının parçalanmış və təmərküzləşməmiş şəkildə çıxış etməsi onların ictimai və siyasi nüfuzuna mənfi təsir göstərir. Siyasi sistemin inkişafı yalnız normativ yanaşmalarla deyil, eyni zamanda tarixi, mədəni və sosial kontekstə uyğun şəkildə qiymətləndirilməlidir. Azərbaycanın inkişaf yolunu Avropa demokratiya modelləri ilə müqayisə edərkən, fərqli geosiyasi şərtlər və cəmiyyətin özünəməxsus siyasi prioritetləri nəzərə alınmalıdır”.

Razi Nurullayev son olaraq bildirib:

“Azərbaycan qarşılıqlı hörmətə əsaslanan beynəlxalq dialoqu dəstəkləyir və konstruktiv tənqidləri qəbul etməyə də hazırdır. Bu hər zaman belə olub və AŞPA ilə əməkdaşlığın ciddi tarixçəsi var. Lakin tənqidlər obyektiv, balanslı və ölkənin daxili dinamikalarını nəzərə alan əsaslara söykənərsə ədalətli olar. Beynəlxalq tərəfdaşlar bu cür yanaşmalarının ölkədaxili dialoqa töhfə verməsi üçün daha məsuliyyətli olmalı, konstruktiv yanaşma ortaya qoymalı və düzgün qiymətləndirmə aparmalıdır”.