Brüsseldə Avronest Parlament Assambleyasının (PA) 11-ci sessiyası davam edir.
“Xebet7.az" məlumat verir ki, martın 20-də Avronest PA-nın plenar iclasında çıxış edən Ermənistan Parlamentinin sədri Alen Simonyan Azərbaycanı Qarabağda guya etnik təmizləmə aparmaqda, erməni irsini dağıtmaqda ittiham edərək “Dağlıq Qarabağ” ifadəsini işlədib.
Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Ermənistan parlamenti spikerinin bu qərəzli çıxışını çox təəssüflə izlədiyini bildirib. Azərbaycan nümayəndə heyətinin rəhbəri hazırki sülh danışıqları atmosferində nə deputata, nə də spikerə yaraşan bu çıxışın neqativ təsirini qeyd edərək, hər kəsin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək verməli olduğunu vurğulayıb.
Tahir Mirkişili bildirib ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında region yox, Qarabağ İqtisadi Regionu mövcuddur və Azərbaycan heç vaxt və heç bir halda etnik təmizləmə aparmayıb.
Deputat Xankəndidə bu gün də ermənilərin yaşadıqlarını, Ermənistanın regionda nəhəng dağıntılar törətdiyini və əraziləri mina ilə çirkləndirdiyini diqqətə çatdırıb. O, Ermənistan spikerini son 30 ildə istifadə etdikləri leksikondan imtina etməyə və sülhə dəstək verən çıxış etməyə çağırıb.