Vətən müharibəsindən sonra Ermənistanın məğlubiyyətlə barışaraq Azərbaycanla sülh müqaviləsi bağlayacağı gözlənilirdi. Amma gözləntilər özünü doğrultmadı. İrəvanın ölkəmizə qarşı beynəlxalq platformalarda apardığı diplomatik və informasiya müharibəsi hərbi müstəviyə keçdi. Azərbaycanın suveren ərazisində olan qanunsuz erməni silahlı birləşmələri 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən tərk-silah olunmalı idi. Təəssüf ki, biz bunun əksini müşahidə etdik. Belə ki, bir neçə gün əvvəl Xocavənddə Azərbaycan vətəndaşları erməni terrorunun qurbanı oldular. Daxili İşlər Nazirliyinin 4 əməkdaşı və bir neçə vətəndaşımız erməni təxribatçılarının basdırdıqları minalara düşərək həlak oldular. Erməni kəşfiyyat-diversiya qruplarının Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda minalar basdırması Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü terror siyasətinin davamıdır. Bütün bunlar Azərbaycan Ordusunu antiterror tədbirləri görməyə məcbur etdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib.
O deyib: “Vətən müharibəsindən indiyə qədər 400-ə yaxın Azərbaycan vətəndaşı ermənilərin mina terrorunun qurbanı olub. Ermənistan hələ də çirkli, məkrli niyyətlərindən əl çəkməyib və terrorçu əməllərini davam etdirir. Son hadisələr göstərdi ki, Azərbaycan ərazilərində minaların əksəriyyəti ermənilər tərəfindən 2020-ci ildə Vətən müharibəsindən sonra basdırılıb. Biz Qarabağ ermənilərinə dəfələrlə birgəyaşayış üçün dialoq təklifləri irəli sürdük. Onlar hər dəfə bəhanələr uyduraraq bu təkliflərdən boyun qaçırdılar. Əvəzində Qarabağda hərbi fəallıqlarını artırdılar. Ermənilər yaxşı bilirdilər ki, Azərbaycan öz ərazisində silahlı birləşmələrin, xunta rejiminin mövcudluğu ilə barışmayacaq. Biz onlara tərk-silah, reinteqrasiya olunmaq üçün kifayət qədər vaxt vermişdik. Separatçıların fikirləşmək və qərar qəbul etmək üçün xeyli imkanları var idi. Təəssüflər olsun ki, erməni qanunsuz hərbi birləşmələri həmişə olduğu kimi, yenə də düşmənçilik, təxribat yolunu tutdular. Azərbaycan Ordusu artıq üzərinə düşən vəzifəni yerinə yetirdi, separatçıları təslim olmağa məcbur etdi. Biz beynəlxalq humanitar normalara sadiq qalaraq mülki ermənilərə mesajlar göndərərək, bu haqda məlumatlandırmışıq ki, antiterror tədbirlərinin keçirildiyi ərazilərdən kənarda dayansınlar. Onlara sığınacaqlar, dəhlizlər təklif etmişik. Ermənistandan fərqli olaraq, bizim hədəfimiz yalnız ermənilərin hərbi məntəqələri, sığınacaqları idi”.
Deputatın sözlərinə görə, Azərbaycan xalqı hər zaman olduğu kimi, bu gün də Ali Baş Komandanın ətrafında sıx birləşib: “Biz görürük ki, xalqımız Qarabağda aparılan antiterror tədbirlərini tam dəstəklədi. Ayrı-ayrı dövlətlərin, qüvvələrin Qarabağdakı separatçı rejimi dəstəkləmələri bizi məqsədlərimizdən yayındıra bilməz. Fransa kimi ermənipərəst dövlətlərin anti-Azərbaycan bəyanatları separatçıları xilas edə bilməyəcək. Ermənistanın arxalandığı, sığındığı Rusiya belə Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirdiyi bu antiterror tədbirlərinə neytral yanaşdı. Çünki Kreml də yaxşı başa düşdü ki, hətta İrəvanın Azərbaycan ərazisi hesab etdiyi Qarabağda qanunsuz silahlı birləşmələrə qarşı tədbirlər görmək ölkənin daxili işidir, təbii haqqıdır. Beləliklə, Qarabağdakı erməni terrorçuların çıxış yolları qalmadı”.