Tarix üçün tarix yaradan lider

Tarixdə xalqların azadlıq, müstəqillik qazanması həmişə çətin mübarizələrdən keçir, ağır sınaqlara məruz qalır. Ötən əsrin sonlarında Azərbaycanın müstəqilliyini bərpa etməsi də daxili və xarici düşmən qüvvələrin ürəyincə olmamış, suverenliyini yenicə qazanmış ölkəmizdə mürəkkəb hərbi-siyasi vəziyyət yaranmışdı.

 

Naşı və xəyanətkar qüvvələrin hakimiyyəti qəsb etməsi, düşmən dairələrin hərtərəfli himayəsi ilə Ermənistanın ərazilərimizə irimiqyaslı hərbi müdaxiləsi, qanunsuz siyasi birləşmələrin nəzarətdən çıxaraq siyasi mübarizəyə qoşulması vətəndaş qarşıdurması, ümummilli fəlakətlə nəticələnmişdi. Xalqın sabaha inamı sarsıdılmış, hakimiyyət böhranı ümumvətəndaş itaətsizlik şəraiti yaratmışdı.


Kənardan qızışdırılan və idarə olunan separatizm meylləri ölkənin ərazi bütövlüyü və misilsiz tarixi nailiyyət olan müstəqillik üçün ciddi təhdidə çevrilmişdi. Azadlığı uğrunda qurbanlar vermiş, ağır itkilərlə üzləşmiş xalq, sanki, çarəsiz vəziyyətə düşmüş, məğlubiyyət sindromu ilə üzləşmişdi. Ölkəni bu ölümsaçan kabusdan yalnız möcüzə, fövqəl bir qüvvə xilas edə bilərdi. Bu möcüzə xalqın öz həqiqi lideri ətrafında toparlanıb taleyinə sahib çıxması ilə baş verdi.


Fəlakətin son anında xalqın harayına səs verərək hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin dərin zəkası, sarsılmaz iradəsi və titanik fəaliyyəti dağıdıcı proseslərin qarşısını aldı, lider–xalq birliyi düşmən qüvvələrin qarşısında ümummilli sədd yaratdı.


Azərbaycana birinci rəhbərliyi və sovet dövlətinin ali rəhbərliyində təmsil olunduğu illərdə öz Vətəninə misilsiz xidmətləri ilə ümummilli lider səviyyəsinə yüksəlmiş Heydər Əliyev bu xilaskarlıq missiyasını yüksək məharətlə yerinə yetirməsi ilə tarixi qurtuluşun memarı və baş qəhrəmanı oldu. Bu misilsiz fəaliyyəti ilə ulu öndər çoxminillik tariximizə öz adını ən qüdrətli azərbaycanlı, xilaskar lider kimi həkk etdirdi. Tarixi xilas məqamında Atatürk türk, Bismark alman, Vaşinqton amerika, Şarl de Qol fransız xalqı üçün hansı rəşadəti göstərmişdirsə, Heydər Əliyev də Azərbaycan üçün həmin rolu daha çətin şəraitdə məharətlə gerçəkləşdirmişdi.


Müstəqil Azərbaycanın ilk həqiqi lideri Heydər Əliyev azadlığını qazanmış xalqın taleyində, suverenliyinə qovuşmuş məmləkətin dünya birliyində layiqli yerini tutmasında müstəsna rol oynadı. Biz bu gün məhz onun verdiyi məzmun və yön ilə müstəqil, firəvan, multikultural və tolerant bir ölkə halına gələrək, öz məqsədlərinə çatan xalqa çevrilmişik. Onun qətiyyətli, müdrik, uzaqgörən siyasi kursu bugünkü Azərbaycanı layiq olduğu məqama gətirib.


Ümummilli liderin titanik fəaliyyəti nəticəsində xalqımız birliyin, həmrəyliyin fövqəlgücünə yiyələnib bu nəhəng qüvvəni sabitlik, dirçəliş və quruculuq enerjisinə çevirdi.


Zaman göstərdi ki, dünya miqyaslı siyasət və dövlət xadiminin müstəqil bir ölkədə hakimiyyətə gəlişi mənsub olduğu xalqın taleyində ən mütərəqqi və həlledici hadisə oldu.


Ulu öndər Heydər Əliyevin xalqın qəlbində əbədiləşən ən əziz xatirəsi həmişə sonsuz bir sevgi və hədsiz qədirbilənliklə yad olunacaq. Onun nurlu obrazı ululuq timsalındadır. Müasir Azərbaycanın banisi olan Heydər Əliyev adı dünya tarixinə bəşəri idealları çiçəkləndirmiş nadir şəxsiyyətlərdən biri kimi daxil olub. O, dünya miqyasında güclü, qüdrətli dövlət xadimi kimi zəmanəmizin əfsanəvi lideri səviyyəsinə yüksəlmişdi. Bu gün dövlətimiz onun mükəmməl siyasi kursunun üzərində möhkəm dayanaraq regionun ən güclü ölkəsinə çevrilib.
Unudulmaz Heydər Əliyevin lider kimi fenomenliyi onda idi ki, ən çıxılmaz, arzulonmuz vəziyyətdə belə ən optimal qərarlar qəbul etməyi bacarır və istisnasız olaraq qarşısına qoyduğu hədəflərə yetişirdi. Bu mükəmməl siyasi fəaliyyət xalqın qələbə ünvanı idi. Ulu öndər zamanın ruhuna qələbə iksiri hopdurmaqla onu inkişaf və tərəqi amillərinə həyat gücü verirdi. 


Bütün bunların nəticəsidir ki, Azərbaycan müstəqilliyin verdiyi bütün imkanları gerçəkləşdirmək qüdrətinə sahiblənib. Bu mənada bu gün regional güc olan Azərbaycan ulu öndərin arzu və əməllərinin təcəssümüdür.
Ümummilli lider, ulu öndər kimi müstəsna status almış Heydər Əliyev tarixin əfsanəvi lideri kimi öz xalqının qalibiyyət rəmzidir. Ölməz rəhbərin ideya və əməlləri tükənməz uğurlar qaynağı olaraq daim xalqımıza xoşbəxtlik bəxş edəcək.


Bütün varlığı ilə Vətəninə bağlı olan əvəzolunmaz övladını xalq həm də ona görə sevir ki, onun qəbul etdiyi bütün qərarların ruhu elə xalq ilə bağlıydı. Dünya çapında xalqını Heydər Əliyev kimi sevən ikinci lider nümunəsi yoxdur. Dahi Heydər Əliyevin də böyüklüyü elə bu idi. 


Heydər Əliyev tarix üçün tarix yaradan lider kimi hər bir azərbaycanlının qurtuluş əfsanəsidir!

 

Rəşad Mahmudov