Tatarıstanın Leninoqorsk şəhərindəki N.M Kudaşeva adına uşaq musiqi məktəbinin şagirdi Sura Firdovsili Almetyevskdə keçirilən “Qış görüşləri” Ümumrusiya müsabiqə-festivalında parlaq çıxış edərək “Fortepiano” nominasiyasında ən yüksək mükafata layiq görülüb.
"Diaspornews.az" xəbər verir ki, Almetyevsk şəhərində Tatarıstan Respublikasının “Sforzando” İfa Sənətinin İnkişafı üzrə Regional Xeyriyyə İctimai Fondunun təşkilatçılığı ilə “Qış görüşləri” Ümumrusiya müsabiqə-festivalı keçirilmişdir. Nominasiyada “Fortepiano. “Orta qrup”un qalibi Leninoqorsk azərbaycanlı icmasının gənc nümayəndəsi Sura Firdovsili olub.
Müəllim Nadejda Vladimirovna Berbekin rəhbərliyi ilə Sura Firdovsili 1-ci dərəcəli Laureat adına layiq görülüb. Bundan əlavə, Yekaterina Mixaylova (müəllimlər Markelova M.P. və Berbek N.V.) ilə birlikdə “Alleqro” fortepiano duetinin tərkibində müsabiqənin münsiflər heyəti tərəfindən də yüksək qiymət alıb.
Xatırladaq ki, Sura Firdovsili gənc diaspor üzvü olaraq Azərbaycanla bağlı keçirilən tədbirlərdə də fəal iştirak edir. Onu da əlavə edək ki, Sura Firdovsili Tatarıstanın Leninoqorsk Bələdiyyə Dairəsinin Deputatlar Şurasının deputatı, Leninoqorskda “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədovun nəvəsidir.