Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
Əzizini itirənlər bir ürək tutumunca təəssüflənir, onun sağlığında xalq üçün, millət üçün, el-oba üçün gördüyü xeyirli işlər təsəllisi olur. Qınayanım olmasa, buna bəşərilik naminə ömür fəlsəfəsi də deyərdim. Bu fəlsəfədə Zərdüştlüyün də əlamətləri var və açılacaq səhərlər ruhun xeyir-duası kimi yaşadılır.
Xatirələrə ömürdən sonra yaşanılan ömür deyə bilərikmi? - Deyə bilərik. Xatirə ömür payını Vətən üçün, xalq üçün, el-oba üçün yaşamış insanların xatirəsidirsə, onda xatirələr gerçək ömürün gerçək davamı olacaq...
Əziz kişi onu tanıyanların, ünsiyyətdə olduqlarının hamısı üçün əziz adamıydı. Söhbətcil kişiydi, həmsöhbətini səbrlə dinləyərdi, mətləbini məntiqli mətləblə cavablandırardı. Əməlisalehlərin əzizi olan Əziz kişi "Adamların ən gərəklisi xeyirxahlardı. Xeyirxahlığın ürəyinin hökmü deyilsə, eləmə. Belə olmasa, könül almalıykən könülə dəyərsən...", - deyərdi. Sonralar mən də dərk elədim ki, el-obanın Əzizi xeyirxahlığı könül xoşluğu bilirmiş. Əli işə yatan vaxtlardan son nəfəsinəcən belə yaşadı. Könülləri ziyarət edə-edə aylarını il elədi, illərini - ömür...
Şərait bəzən qabiliyyətə, bacarığa, istedada qənim kəsilir, bəşər bəşərilik işığına həsrət qalır. Sovetlər dönəmində belə talelər çox yaşanılıb. Həm də milli zəmində yaşanılan belə talelərə sonralar görünməzliklərdən işıq düşsə də, yaşanılıb. 30-40-cı illərdə kolxozlar vardı, güzərana görə əli işə yatan uşaqlar da kolxozda gücü çatan işin qulpundan yapışırdı. Əmək gününə görə hələ sümüyü bərkiməmiş uşaqlar da kolxozçu olurdu. Əziz Şükür oğlu da kolxozçuydu. Yeniyetməlik yaşında...
O illərdə səhər tez açılırdı, şər gec qarışırdı. Güzəranın ağır şələsi ürəkləri üzürdü. Dayısı Mehdi ilə, anası Gülsüm ilə kolxozda taxıl səpirdi, taxıl biçirdi, dərz bağlayırdı, xırmanda taxıl döyənlə-rə kömək eləyirdi - arxa cəbhədə işlədiyinə görə o da İkinci Dünya müharibəsi iştirakçısıydı...
Əziz Şükür oğlu 1930-cu il yanvarın 14-də Qubadlı rayonunun Tatar kəndində anadan olmuşdu. Ruhunun kəndiydi bu kənd. Bu kəndin əsən yelləriylə böyüyürdü, açan gülləriylə böyüyürdü...
Böyüdü...
Xocahan kənd orta məktəbini yaxşı və əla qiymətlərlə bitirmişdi. Ali təhsil almağa niyyətliydi. Ala biləcəkdimi? Ailənin buna imkanı olacaqdımı? Ona ümid verirdilər, ümid isə hələ ki, gerçəklik deyildi...
Düşərli günlərin birində qohumlar
ıgilə qonaq getmişdi. Həmin vaxtlarda Zəngilan rayon Daxili İşlər Şöbəsinin (o vaxtlar NKVD adlanırdı) rəisi Nəsirov da oradaymış. Söz sözü çəkir. Arada, zərurət yarananda Əziz də söhbətə qoşulurmuş. Söhbətlərin axarı, yeniyetmənin düşüncələri, fikrini aydın izahetmə qabiliyyəti Nəsirovun xoşuna gəlir, yeniyetmə ilə söhbətləşir, yaxşı xətti olduğunu da öyrənir. Nələrisə düşünür Nəsirov; "Xeyirxahlıq eləməyə heç zaman gecikmə" - kəlamı var və bu kəlam əməlisalehlərin qətiyyətinin işığı olub həmişə. Bu işığa görə Nəsirov, Əziz Şükür oğluna NKVD-də katib vəzifəsində işləməyi təklif edir. Tövsiyə kimi səslənən bu təklifə görə Əziz bir anlığa duruxub, "Ata-anamla məsləhətləşim, onların da razılığını, xeyir-duasını alım, rəis...", - deyib. Əslində Əzizin dedikləri Nəsirovun könlünə yatıb - böyüklərin tövsiyəsi ilə yaşanılan ömürün duru ömür olduğuna həmişə inanırdı. İndi də Əzizin düşüncələri könlünə yatdı, yeniyetmənin dedikləriylə razılaşdığını bildirdi...
Əziz Nəsirovun təklifiylə razılaşır, 1950-ci ildə NKVD-də katib vəzifəsində işləməyə başlayır. İşə sevgi gərəkdir, işə sevgi uğur deməkdir, işə sevgi sevgi, hörmət, ehtiram deməkdir. Belə sevgilərin səmimiyyəti ömürə düşən mənəvi işıq kimidir - görünmür, duyulur. Görünməyən, duyulan işığın qüdrətini etiraf edənlər çox olub...
Əziz Paşayev 1955-ci ilə kimi bu vəzifədə işlədi (el arasında işə can yandıranlar haqqında bir fikir deyilir: gec gəldi, tez öyrəndi). Rayon Daxili İşlər Şöbəsinin zəmanəti ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərdəkandakı Xüsusi Orta Milis Məktəbinə göndərildi. Bu göndəriş uğur yolunun başlanğıcı idi; zaman anlamında dünənlərdə qalan çətinlikləri uğurlar unutduracaqdı...
Əziz Paşayev rus dilini mükəmməl bilmirdi. Bu səviyyəylə dərsləri öyrənə bilməyəcəkdi; çətinlikləri çətinliklər başlayana kimi asanlaşdırmağa qərarlıydı. Daxili İşlər Nazirliyinə müraciətlə ona rus dilini dərindən öyrənməsi üçün müəllim təyin olunmasını xahiş etdi. Rəhbərlik gənc müdavimin öyrənmək istəyinin təşnəliyini dəyərləndirdi, xahişini yerinə yetirdi. Təyin olunan müəllim Əziz Şükür oğluna rus dilini dərindən mənimsətdi; Əziz bu məktəbdə əla qiymətlərlə oxudu, öyrəndi, Məktəbi fərqlənmə diplomu ilə bitirdi. Xocahan kənd orta məktəbinin sonuncu sinfində oxuyanda arzuladıqlarına qovuşmuşdu. Onda açılan səhəri könül xoşluğuyla salamladı zabit Əziz Paşayev...
1958-ci ildə zabit kimi xidmətə başladı - Cəbrayıl Rayon Daxili İşlər şöbəsində sahə inspektoru. Əhalini tanıdı, əhali onun işə münasibətinə inandı. Bu inam ərazidə cinayət hadisələrinin azalmasıyla nəticələnirdi. Bu, leytenant Əziz Paşayevin ilk xidməti uğurlarıydı. 1962-ci ildə ailə vəziyyəti ilə əlaqədar Qubadlı rayonuna dəyişdirildi...
Əmisi Teymur kişinin "Xalqının, el-obasının işinə yarayanlar Allaha bir köy-nək yaxın adamlardır, ay oğul. Belə yaşayın, belə vətəndaş olun" kəlamını da unutmamışdı. "Sahə müvəkkili həm ərazini, həm də sakinləri yaxşı tanımalıdı. Onda sahədə cinayət də azalır, cinayətə meyl də", - Əziz Şükür oğlu xidmət yoldaşlarına da belə deyirdi, gənc zabitlərə də. Bu söhbətlər müəyyən mənada təcrübəyə əsaslanan tövsiyələriydi. Hər tövsiyə, el kəlamıyla desək, ovsanata keçmir. Elə tövsiyələr verməlisən ki, əsaslandırmağı bacarasan, sənə inanalar. Gənc milis işçiləri baş leytenant (sonralar kapitan, mayor) Əziz Paşayevə inanırdı. Şöbənin rəhbərliyi onun xidmətə belə münasibə-tini bəyənirdi, digər sahə müvəkkillərinə də belə düşünməyi, belə xidmət etməyi, xidməti belə sevməyi məsləhət görürdü...
"Milis işçisi digərlərindən təkcə uniformasıyla, paqonlarıyla fərqlənmir, səliqəli geyinməsiylə də, davranışıyla da, danışıq tərziylə də həmişə diqqət mərkəzində olur. Ona görə də o, özü özünün nəzarətçisi olmalıdır", - bu gözəl düşüncə Əziz Paşayevin təkcə zabit kimi deyil, həm də vətəndaş kimi formalaşmasında gərəkli olmuşdu. Əziz Şükür oğlu belə yaşadı, belə vətəndaş oldu, övladlarını da belə böyütdü...
1963-cü il yanvarın 4-dən Qubadlı və Zəngilan rayonları birləşdirildi. Vasif Əhmədov - son dərəcə ciddi, ədalətli, qanunun aliliyinin ciddiyyətiylə cəfakeşi - Rayon Daxili İşlər Şöbəsinin rəisi təyin edildi. Yeni rayon şöbəsi, yeni iş üslubu, ancaq xidmətə əvvəlki sevgi. "İdarədən kənar mühafizə" bölməsi yaradıldı. Sonralar belə adlanma dəyişdirildi.
Rəis vəzifəsinə bir neçə namizəd vardı. Həmin vəzifəyə Qubadlı rayon Daxili İşlər Şöbəsində sahə inspektoru vəzifəsində xidmət edən Əziz Paşayev təyin olundu - həm xidmətə münasibəti, həm fərdi keyfiyyətləri, həm də siyasi səbatlığı nəzərə alınmışdı. Əziz Paşayev Qubadlı və Zəngilan rayonları ayrılana kimi bu vəzifədə xidmət etdi. Bu bölmə Zəngilan və Qubadlı rayonları ayrılandan sonra rayon Daxili İşlər Şöbəsi nəzdində Mühafizə bölməsi adlandırıldı. Mühafizə bölməsi hər iki rayonun bütün dövlət və ticarət obyektlərini mühafizə edirdi. Bu vəzifə zabit Əziz Paşayevin son xidmət yeri oldu - 1986-cı il iyunun 1-də mayor rütbəsində ehtiyata buraxıldı. Daxili işlər orqanlarında uzun müddət qüsursuz xidmətlərinə görə "Qüsursuz xidmətlərinə görə" medalının hər 3 dərəcəsi ilə, "Sovet milisinin 50 illik" medalı ilə təltif edilən mayor Əziz Paşayev İkinci Dünya müharibəsi iştirakçısıydı - arxa cəbhədə işləmişdi. 1995-ci il mayın 1-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Müharibənin 50 illiyi" medalına da layiq görülüb.
Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb olmuşdu. Ehtiyatda olan mayor Əziz Paşayev də döyüşlərdən kənarda qalmırdı. Özü də, oğlu Sabir də Birinci Qarabağ müharibəsi iştirakçısı oldu. Milis leytenantı Sabir döyüş əməliyyatlarında dəfələrlə qəhrəmanlıq göstərdi. 1993-cü il oktyabrın 26-da Cəbrayılın Dərzili kəndində Ermənistan silahlı qüvvələrinin Zəngilana hücumunun qarşısının alınmasında qeyri-bərabər döyüşdə 7 nəfər polis işçisi ilə birlikdə son anadək döyüşdü, həlak oldu. O illərdə bütün döyüşçülər Əziz kişi üçün Sabir idi. O illərdə bütün şəhidlər Əziz kişiyə Sabir əvəzi idi...
Əziz Şükür oğlu 1987-ci il noyabrın 17-dən 2004-cü il fevralın 2-dək Zəngilan rayon Təbiətisevərlər cəmiyyətində məsul katib, Zəngilan rayon partiya komitəsində təsərrüfat müdiri, Zəngilan rayon Əhalinin Məşğulluq Mərkəzində birinci dərəcəli hüquqşünas işləmişdi. 2003-cü il dekabrın 18-də 3-cü dərəcəli dövlət qul-luqçusu ixtisas dərəcəsinə layiq görülmüşdü. Bunlar bir ömrün ötən illərə hesabatıydı bəlkə?..
Əmisi Teymur kişidən sonra nəslin ağsaqqalı Əziz kişi oldu. Sözü eşidilirdi, öyüdü dinlənilirdi. Dədə nəsihətiylə, aqil kəlamlarıyla nəsildə də sevilirdi, el-obada da. Bu sevgi dünənlərdən dikələn, bu günlərdə yaşanılan, sabahlar üçün yaşanılan sevgiydi. Ona görə səmimi sevgiydi, doğma sevgiydi...
Nəvələri Rəhman və Ceyhun 2000-ci ildə universitetə daxil olmuşdu. Bu sevinci böyük könül xoşluğuyla yaşayırdı Əziz kişi. Nəvələrinin uğuruna görə onlara ürək sözlərini yazmışdı, ziyafətdə onu oxumağı mənə tapşırmışdı. Bir qədər həyəcan, bir qədər kövrəklik, bir qədər məsuliyyət... Oxudum. Əziz Şükür oğlunun ziyalılığı, zəngin söz ehtiyatına malik olması hamının xoşuna gəldi. Rəhman da, Ceyhun da babalarının arzularını gerçəkləşdirdilər. Orxan da, Vasif də zabit kimi babalarının yolunun davamçılarıdır...
Kiçik oğlu Şükür mayor rütbəsində cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir.
Əziz Şükür oğlu 2017-ci il iyunun 15-də dünyadan köçdü...
Tanıdığın, sevdiyin adamların yoxluğunu təəssüflə yaşayırsan. Bu təəssüf təsəlliylə qoşa yaşanılır; xoş xatirələrdi təsəlli, el-obanın yaddaşında qalanlardı təsəlli, yaşadığı illərdə qalan xoş əməllərinin işığıdı təsəlli. Təsəlli övladlarının, nəvə-nəticələrinin yaşantılarından boy göstərən milli-mənəvi dəyərlərdi - ömür kəlməsinin bir yozumu da xalqa, dövlətə, dövlətçiliyə sevgidi, bu sevgiyə dönməz sədaqətdi. Əziz Şükür oğlu belə ömür yaşadı...