“Azərbaycanda akkreditə olunmuş qeyri-rezident səfirlərin Füzuli və Şuşa şəhərlərinə səfəri müsbət hadisədir. Ən azından ona görə ki, 70 ölkəni təmsil edən diplomatik korpusun nümayəndələri öz gözləri ilə, Qarabağda 30 illik erməni işğalının nəticələrini görəcəklər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Deputat qeyd edib ki, eyni zamanda onlar müharibədən sonra qısa zaman ərzində Azərbaycanın icra etdiyi infrastruktur layihələri, tikinti-quruculuq-bərpa işləri ilə tanış olacaq, ərazidə aparılan minatəmizləmə əməliyyatlarını seyr edəcəklər: “Diplomatlar real şəraitdə hər iki dövlətin apardığı siyasətlə tanış olmaq imkanı əldə edəcək, hansı xalqın qurucu, hansı xalqın isə, dağıdıcı xislətini görəcəklər. Bütün bunların əhəmiyyəti son dərəcə böyükdür. Çünki, Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlar getməsə də, informasiya müharibəsi bir an belə səngimir. Son zamanlar Azərbaycan Ordusunun, erməni təxribatlarına verdiyi qəti cavablar, Laçın rayonunun azad olunması və sülh danışıqlarına cəhdlər, Qərbin müəyyən dairələrini, erməni millətçilərini narahat etməyə başlamışdır. 30 illik işğal dövründə heç bir ciddi uğur əldə edə bilməyən Minsk qrupunu bərpa etmək planları, yeni xüsusi nümayəndənin təyin olunması, xeyirxah niyyətdən irəli gəlmir. Əksinə, həmin ölkələrin Cənubi Qafqazda daima gərginliyin saxlanılmasında maraqlı olduğunu göstərir”.
“Amerika Birləşmiş Ştatların və Fransa diplomatların Qarabağ səfərində iştirak etməmələri, acı təəssüf hissi doğurur. Onların yenidən vasitəçilik cəhdləri, sönməkdə olan ocağa benzin tökmək anlamına gəlir. Bu, təhlükəli oyundur və beynəlxalq hüququn normalarını inkar etmək deməkdir. Qarabağ münaqişəsi həll olunub və BMT TŞ -nın qətnamələri icra olunub. Qalan texniki məsələləri isə iki dövlət öz aralarında və yaxud üçtərəfli formatlarda razılaşdıracaqlar. Lobbi təşkilatları isə nəyin bahasına olursa-olsun, erməniləri düşdükləri bataqlıqdan çıxarmaq məqsədi güdürlər”, - deyə deputat son qeyd edib.