Tənqid və təhqir arasında sərhədlər düzgün qoyulmalıdır - Elnarə Baxışlı

“İnternet şəbəkələrindən istifadə edən yeniyetmə və gənclərimiz bir növ öz normal sosial psixoloji tələbatlarını ödənməsi üçün virtual məkanlarda olmağa çalışırlar. Özünüifadə, özünü təsdiq, fiziki olaraq qəbul olunmaq, sevib-sevilmək, insanlar üçün gərəkli görünmək, ağıllı və vacib olmaq şəxsiyyətin inkişafı üçün çox mühümdür. Evdə uşaq ya çox əzizlənir, ya da əksinə özbaşına buraxılır. Hər iki halda uşaq yeni, fərqli bir məkanda özünü sınamağa çalışacaq”.

Sabahinfo.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da psixoloq Elnarə Baxışlı açıqlayıb.

Onun sözlərinə görə, məsuliyyətli valideyn, müəllim, yaxın qohum, böyük bacı-qardaş bu məsələyə həssas və dostcasına yanaşmalıdır: “Belə ki, yeni ünsiyyət və kənar müdaxilələr olanda, artıq uşaqda ciddi dəyişikliklər baş verəcək, əhval ruhiyyəsində, özünün emosional ifadədəsi əvvəlki kimi olmayacaq. Yeni vərdiş və maraqları, gün rejimi, akademik göstəriciləri, uşağın əsəb və qıcıq olduğu mövzular diqqətə alınmalıdır”. 

Psixoloq, həmçinin qeyd edib ki, tənqid və təhqir arasında sərhədlər düzgün qoyulmalıdır: “Gizlində və ya aşkarda, hər bir yolla uşağı öz gözündə belə dəyərsizləşdirmədən iradlar tövsiyə kimi verilməlidir”.